Rubl ağır vəziyyətdə, Azərbaycan məhsulları bahalaşacaq - BÖYÜK TƏHLÜKƏ - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Rubl ağır vəziyyətdə, Azərbaycan məhsulları bahalaşacaq - BÖYÜK TƏHLÜKƏ

Rusiya-Qərb münasibətləri fonunda rubl dollar qarşısında dəyər itirməyə davam edir. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib. Şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. 

Bəs, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edərsə, bu, rublun məzənnəsinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli Publika.az-a bildirib ki, geosiyasi vəziyyətin gərginləşməsi biznes adamlarının, həmçinin sadə vətəndaşların dollara olan marağını artırır: “Rusiyanın səhm bazarı da ciddi şəkildə dəyərdən düşür. Səhm bazarından pullarını nağdlaşdıran vətəndaşlar və biznes nümayəndələri də həmin pulu valyutaya yatırırlar. Buna görə də dollara tələbat artır. 

Sanksiyalar məsələsinə gəldikdə, Rusiya onsuz da 2014-cü ildən çox kəskin sanksiyalar altında yaşayır. Ancaq indiki tətbiq oluna biləcək və danışılan sanksiyalar ciddi sanksiyalardır. Söhbət bank sisteminin tamamilə sıradan çıxarılması, SWIFT sistemdən tamamilə aralanmasından, Rusiyanın ən böyük 3 bankına sanksiyaların qoyulmasından gedir. Əgər belə bir addım atılacaqsa, rus rublunda çox böyük dəyər itirmələri müşahidə oluna bilər. Hətta rusiyalı ekspertlərin hesablamalarına görə, kəskin sanksiyalar olarsa, 1 dollar 120-140 rubla qədər bahalaşa bilər. Yəni indikindən ən azı 50-60% rublun dəyər itirməsi ehtimalı var”. 

Bu, MDB ölkələrinin valyutalarına necə təsir edəcək?

N.Cəfərli qeyd edib ki, rus rublundan daha çox asılı olan ölkələr Gömrük İttifaqına daxil olan ölkələrdir. Ekspertin sözlərinə görə, əgər ABŞ sanksiyalar paketini tətbiq edəcəksə, bunun Qazaxıstana, Qırğızıstana, Belerusa və hətta Ermənistana da ciddi təsirləri olacaq: “Bu ölkələr daha çox rubldan asılıdır və bu, onlara mənfi təsir göstərəcək, nəinki digər dövlətlərə. Məsələn, Azərbaycanın birbaşa asılılığı yoxdur, Gömrük İttifaqında da təmsil olunmur. Azərbaycan iqtisadiyyatı daha çox neft-qaz kəmərləri vasitəsilə Qərbə inteqrasiya olunub. Bizdə məzənnə də inzibati qaydada tənzimlənir. Buna görə də hökumətin əlində imkanlar var ki, inzibati qaydada məzənnəni indiki səviyyələrdə saxlasınlar. Amma Qazaxıstanda və Belarusda birjalar milli valyutaların məzənnələrini müəyyənləşdirir. Rus rublu dəyərdən düşən kimi Belarus rubluna və Qazaxıstan təngəsinə də təsirsiz ötüşməyib. Qazaxıstan təngəsi dünəndən başlayaraq dəyər itirib”. 

Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilərmi?

Natiq Cəfərli qeyd edib ki, sanksiyalar tətbiq olunacaqsa, bu, Azərbaycan məhsullarını Rusiya bazarlarında bahalaşdıracaq: “Azərbaycan qeyri-neft sektorunda əsasən də kənd təsərrüfatı məhsullarının böyük hissəsini Rusiyaya ixrac edir. Rus rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı bir qədər çətinliklər yarada bilər. Yəni qiymətlərin artımı Azərbaycan məhsullarına tələbatı azalda bilər. Belə bir ehtimal var. Əgər sanksiyalar daha ciddi olacaqsa, pul köçürmələri ilə bağlı da problemlər yaşana bilər. Rusiyanı SWIFT sistemindən kənarda qoysalar ölkəmizdən Rusiyaya, oradan da Azərbaycana həyata keçirilən pul köçürmələrində çox ciddi problemlər yaşana bilər. Bu isə Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək”. 

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Gələn il avro dollardan ucuz olacaq - PROQNOZ

Avro tədricən qeyri-sabit valyutaya çevrilir, çünki 20 ildə ilk dəfə dollarla eyni məzənnəyə yaxınlaşır və 2023-cü ilə qədər ABŞ valyutasından ucuzlaşa bilər. 

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşr qeyd edir ki, dünyanın 19 ölkəsinin istifadə etdiyi valyuta son 20 ildə heç vaxt bərabər məzənnəyə yaxınlaşmayıb.

Nəşr avronun zəifləməsinin hazırda Aİ iqtisadiyyatının qaranlıq gələcəyini əks etdirdiyinə diqqət çəkib. Bundan başqa, Rusiyanın Ukraynaya hücumu başlayandan avronun dollara nisbətdə məzənnəsi 6% ucuzlaşıb. Eyni zamanda, Avropa ölkələri Rusiyanı enerji təchizatından kəsmək cəhdlərini hələ də davam etdirirlər.

Analitiklər dollar-avro paritetinin 2022-ci ilin sonuna kimi baş verəcəyini hesablayıblar. Artıq 2023-cü ildə Avropa valyutası Amerika valyutasından aşağı olacaq.

Oxumağa davam et

İqtisadiyyat

Bu gün Davos İqtisadi Forumu başlayır

Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.

Publika.az xəbər verir ki, konfrans zamanı Ukrayna Prezidenti Vladimir Zelenski də çıxış edəcək.

Beynəlxalq toplantının əsas mövzuları

Bu il görüşün mərkəzi mövzusu belədir: “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır. Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə toxunacaqlar, o cümlədən: Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi.

Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.

Oxumağa davam et

İqtisadiyyat

Qarabağın bərpasına xərclənən vəsait açıqlandı

2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.

Publika.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə bildirilib.

Həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az), dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az), “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az), Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat, turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az), işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az), yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat, muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az), xüsusi texnikanın alınması üçün 6,4 milyon manat, Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az), Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat və digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.

Oxumağa davam et
Reklam

Gündəm