Xəbərlər - Publika.az
Bizi izləyin

Köşə

Zəfər yolunun altında gizlənən vahiməli fakt: 38 il sonra...

Aqil Lətifov

Qlobusvari şəkilqabının kiçik gözlüyündən dünyaya açılan pəncərə, ağ-qara fotolardakı şəhər və Bəxtiyarın nisgilli söhbətləri. I Qarabağ müharibəsində əsir düşən Şuşa mənim üçün bu üç xatirədə birləşmişdi. Və bir də atamın Şuşalı şəkillərindən boylanan Cıdır düzü, Natəvanın heykəli, İsa bulağı vardı.

“Orda bir köy var, uzaqda

O köy bizim köyümüzdür

Getməsək də, varmasaq da

O köy bizim köyümüzdür”

şeirini eşidəndə həmişə Şuşanı xatırlayırdım. Və çox ağrılı idi bizim olan torpaqlara ayaq basa bilməmək. 30 il sonra Şuşaya getmək, əsirlikdən azad edilən şəhərimizə varmaq uşaqlığımı, fotolardan boylanan dünyanı, atasını Şuşada qoyub gələn və atası ilə birlikdə evini, yurdunu itirən dostumun öz içimdə hiss etdiyim ağrılarını və bu ölkənin, bu millətin 30 ildir çəkdiklərini keçmiş zamana ötürmüşdü sanki. Sanki Şuşa ilə bütün gedənlər qayıtmış, bütün narahat ruhlar dinclik tapmışdı. Çünki biz qayıtmışdıq.

Mən Şuşaya gedirdim, bu yola indi yox, sanki 30 il öncə uşaqlığımdan başlayaraq çıxmışdım və 30 illik yolun sonuna çatmağa az qalmış bütün duyğularım qarışmışdı. Millət olaraq illərin çəkdirdiyi kədər də vardı, həsrətin bitdiyi sevinc də. Bu yolda hər şey vardı...

Duyğularımı açıq nümayiş etdirən bir xarakterdə olmasam da, bu xəbər məni məndən almışdı, özümə hakim ola bilmirdim. Bəlkə də

Şuşa azad ediləndə sevindiyim qədər sevinirdim.

Yerə-göyə sığmırdım, ürəyimin döyüntüsü qulaqlarımı deşirdi, sanki bağrımı dəlib yerindən çıxacaqdı. Yerimdə otura bilmir, durub hayqırmaq, ətrafımdakı hər kəsi çiyinlərindən tutub özümə sıxmaq, yaşadığım hissləri, içimdəki sevinc fırtınasını onlarla bölüşmək istəyirdim. Bu, Medianın İnkişafı Agentliyindən mənə gələn zəngdə “baş redaktorları Şuşaya aparırıq, sizin də adınızı yazmışıq, sənədlərinizi göndərin” sözlərindən sonra yaşadıqlarımın qısa mənzərəsi idi...

Demə, Şuşanı görmək üçün dövlət qurumlarına, MEDİA-ya müraciət edənlərin sayı-hesabı xeyli çox imiş. Mənsə inanın, heç gözləmirdim. Çünki nə harasa müraciət etmişdim, nə də kimdən və hansısa qurumdan belə bir umacağım vardı.

Arzum Şuşanı digər rayonlarımız kimi sərbəst şəkildə məhəllə-məhəllə, küçə-küçə gəzmək, hər bir daşını, hər bir məkanını görmək idi.

Axı bu Şuşa Pənahəli xandan bəri nələrə sinə gərməyib, nələrə şahidlik etməyib ki...

Erməni vandalizminə “ürəyi” partlaya-partlaya necə dözüb...

Bu dağlar, bu sıldırım qayalar ermənilərin qadınlarımıza, qızlarımıza, balalarımıza qarşı dəhşətli işgəncələri ilə necə inləyib...

Şuşa ilə ilk tanışlığım

beş-altı yaşlarıma təsadüf edib. Atamın 80-ci illərdə Cıdır düzündə, Xan qızı Natəvanın bulağındakı fotoları ilə. Balaca, əl içi boyda olan qlobus formalı şəkil qabında idi atamın Şuşada çəkilən fotoları. Və gözümü həmin qlobusvari şəkil qabının balaca bir gözlüyü olan yerinə söykəyərək içərisindəki atamın Şuşada çəkilən fotolarını rəngli formada görürdüm. Bu Şuşa görüntüsü həyatımda dərin iz buraxaraq, uşaqlığımın hələ də yaddan çıxara bilmədiyim iki xatirəsindən biri olub.

Bir də atasını 1992-ci ildə Şuşanın müdafiəsində itirən və adı indiyədək itkinlər siyahısında olan Bəxtiyar Məmmədlinin söhbətlərindən tanımışam bu müqəddəs diyarı. İnan ki, atamın ayaq basdığı o yerləri, atamın oradakı xatirələrini, Bəxtiyarın dediklərini gözlərimlə görmək, o anılara əllərimlə toxunmaq hər zaman içimdə qanayan bir yara kimi axırdı... Nə yalan deyim, Şuşanın azad ediləcəyinə, dünya gözü ilə oranı görəcəyimə heç ümidim olmamışdı...

MEDİA-nın zəngindən sonrakı bu dörd gün keçmək, iplə çəkdiyim səfər günü isə çatmaq bilmir. Sanki bir ömür yaşadığım bu dörd gün nəhayət, bitir və

səfər gününün axşamı çatır.

Heç cür yata bilmirəm. Bir qədər gözüm yuxuya gedir və qəfil ayılıram, ki, səfər vaxtını qaçırmışam. Saata baxıram, heç on dəqiqə keçməyib. Dəfələrlə bu təkrarlanır və Şuşanı görmək həyəcanı yuxuları pərən-pərən salır.

Nəhayət, vaxt çatır, yola rəvan oluruq...

Ürəyə yaxın bir çox dostu, həmkarı burada gördüyüm üçün xeyli fərəhlənirəm. Bizim mikroavtobusda yol yoldaşı olduğum insanlardan isə bəhs etməsəm, günah olar. Hamımızın təsadüfən gəlib əyləşdiyi bu avtobusdakı insanların hər biri sanki xüsusi seçilərək bura yerləşdirilib. Adlarını çəkməsəm də, hər birinin bu vətəni layiqincə təmsil edən böyük şəxsiyyətlər olduğunu deyə bilərəm.

Çatırıq işğaldan azad edilmiş ərazilərə...

Ətrafda adamın gözlərini deşən erməni vəhşiliyinin izləri insanı vahiməyə salır.

Axı bir insan oğlu, bir canlı bu vəhşiliyi necə edə bilər?

Axı bir insan başqasının evini, ocağını, sərvətini bu şəkildə necə yağmalaya, talaya bilər?

Təbii ki, xislətini, keçmişini yada salan kimi, cavab tapmaq çətin olmur: bunları bir insan oğlu yox, ancaq erməni edə bilər.

Xəyallarım bir anda məndən uzaqlaşaraq 44 günlük savaşa gedib çıxır...

Aman Allah, 14 ay öncə buralarda nələr yaşanıb?

İnsanı riqqətə gətirən belə bir relyefə malik torpaqlarımız necə itirilib?

Və ordumuz nəyin bahasına, hansı şücaətlə, hansı qəhrəmanlıqla, hansı dəhşətli toqquşmalarla bu əraziləri geri qaytarıb?

Yol boyu o anlar bir lent kimi gözümün önündən keçir. Bu xəyallar qanadından

Zəfər yolunda ayılıram.

Sanki başqa bir dünyaya daxil oluram. Bu, elə bir dünyadır ki, bunu xəyal etmək belə insanı vahiməyə salır, dəhşətə gətirir. Halbuki, bu və bundan daha artığı yaşanıb...

İlahi, bizim maşınla şütüdüyümüz bu asfaltın altında hansı dəhşətlər yaşanıb...

İlahi, baxmaqla zövq aldığımız, insanı dağların başına, sanki buludların üzərinə aparan bu mənzərəli yolun altında hansı xatirələr yatır...

İlahi, bu asfaltın altında hansı mərdliklər, hansı qəhrəmanlıqlar, hansı igidliklər yaşanıb...

İlahi, bir-birini əvəz edən bu nəhəng, vahiməli dağlarla, dərələrlə, meşələrlə əsgərlərimiz necə irəliləyib...

İlahi, bu dağlardan, bu qayalardan hərbi texnikalar hansı dəmir iradə, hansı sarsılmaz şücaətlə keçirilib...

İlahi, bir insan bütün bunları necə bacara bilər...

Təbii ki, cavab birdir: bunu adi bir insan yox, ancaq Azərbaycan Əsgəri bacara bilərdi, necə ki bacardı...

O Azərbaycan əsgəri ki, Vətəni yağmalanıb, vətəndaşları heç bir millətin təsəvvür belə edərək yaşaya bilməyəcəyi ağlasığmaz vəhşiliklərlə üzləşib. Bu əsgər, bu əsgərin Komandanı bunları qiyamətə saxlaya bilərdimi? Yox. Necə ki, bütün keçilməz yollar, çıxılmaz dağlar aşıldı və qisas qiyamətə saxlanılmadı...

Və Zəfər yolunun ən yüksək zirvəsindən, qarşıda, sanki

göydən asılı qalan sıldırım qaya görünür.

Sürətlə dağdan aşağıya doğru, tam dibə enirik. Bir anda həmin qaya başımızın üzərində peyda olur.

Bura Şuşadır. Artıq çatırıq, şəhidlərimizin qanı ilə yenidən yuyulmuş, yenidən bizə Vətən edilmiş, bu müqəddəs torpağa - Şuşaya. Sözün həqiqi mənasında Şuşanı, orada yaşadıqlarını cümlələrlə ifadə etmək çox çətindir, hətta mümkünsüzdür. Düzdür, hər kəs özünəxas şəkildə Şuşanı cümlələrə düzür. Lakin fikrimcə, bütün sözlər, bütün cümlələr Şuşanı mədh etməyin qarşısında acizdir.

Bütün sözlər Şuşanı görməyin qarşısında bir heçdir.

Heç bir cümlə Şuşanı görməklə eyni tərəziyə qoyula bilməz...

Sadəcə Şuşanı görmək lazım...

Amma eyni zamanda Şuşaya gələ bilmək, Şuşanı görüb, hiss edib bunu pis, yaxud yaxşı hansısa bir yazıya tökmək özü belə müqayisəolunmaz xoşbəxtlikdir.

Şuşanı görmək, burada yaşadığın duyğular, hiss etdiyin rahatlıq, hüzur başqa bir dünyadır.

Sanki Şuşada Allaha daha yaxın, cənnətin özündə olursan...

Məncə, dünyanın bir möcüzəsidir Şuşa.

Təkcə Azərbaycanda deyil, dünyada buludların üzərində, yerə yox, göyə daha yaxın, sanki səmadan asılı qalmış, ətrafı sıldırım qayalarla əhatələnmiş belə bir diyar çətin olsun.

Şuşanın Azərbaycan torpağı olması sanki Allahın bizə bir lütfü, bir işarəsidir.

Ağlasığmaz mərdlik, inanılmaz üsullarla və hərbçilərimizin qanı, canı bahasına Şuşanın yenidən Vətən edilməsi isə möcüzəyə başqa bir möcüzə qatır.

Əgər bu gün Şuşaya ayaq basa biliriksə, bunu Ali Baş Komandana, Şəhidlərimizə, Qazilərimizə, Əsgərlərimizə borcluyuq.

O Ali Baş Komandan ki, bütün dünyaya qarşı bir addım belə geri çəkilmədi, bu gözəlliyi, göz bəbəyimizi bizə ərməğan etdi.

O Komandan ki, düşmənin layiqli cavabını döyüş meydanında topu, tüfəngi ilə, siyasi meydanda isə silahdan iti sözü ilə verdi.

O Ali Baş Komandan ki, təkcə torpağımızı deyil, əyilmiş qəddimizi dikəltdi, mənliyimizi, kişiliyimizi, namusumuzu, qeyrətimizi özümüzə qaytardı.

O Komandan ki, bizi düşmənin ayaqaltısı olmaqdan, erməninin torpağımızda gəzməklə bizə işgəncə verməsindən xilas etdi.

Hərbçilərimizin isə bu dağlarda, bu sıldırım qayalarda dillərə dastan mərdliyi ilə düşmənə toy tutması başqa bir dünyadır.

O dünya ki, Şəhidlərimizin qanı ilə yuyulmasaydı, biz bu gün buralarda başıdik, əldə telefon deyə-gülə gəzə bilməz, əvəzsiz hisslər yaşaya bilməzdik...

Aşağıda, sanki əlinin içində bir Xankəndi nisgili...

Cıdır düzündən baxanda bir qol məsafəsində, reallığa baxdıqda uzaqda - əslində o qədər də uzaqda yox - bir Xankəndi, Xocalı yanğısı görünür...

Ona görə o qədər də uzaqda yox ki, İlham Əliyev kimi Prezidentimiz var. Hər halda Şuşa, azad olunan digər ərazilər bizim üçün çox-çox uzaq, məsafəcə və reallıqda da gen, əlçatmaz arzu, yuxu idi. Məhz İlham Əliyev bu uzaqları yaxın, bu yuxunu gerçək etdi. Deməli, Xankəndi, Xocalı arzusunu da Prezidentimizin iradəsinə buraxmaq lazımdır. O, özü dediyi kimi, nəyi necə və nə zaman etdiyini çox gözəl bilir. Deməli, Əliyevin bu yaxın arzumuzu çox yaxın etməsi də uzaqda deyil...

Əgər bu hissləri yaşaya, bütün bunları qələmə tökə biliriksə, səbəbkarı - Medianın İnkişafı Agentliyini də unutmamaq gərək. MEDİA-nın kollektivinin qüsursuz təşkil etdiyi bu səfər, başda Natiq Məmmədli olmaqla, agentliyin bütün əməkdaşlarının səfər iştirakçılarına isti münasibəti, qayğı ilə yanaşması xoş təəssürat buraxdı. Zatən başqa cür münasibət Şuşanın ruhunu oxşamazdı...

Hər kəs razılaşar ki, Şuşanı görmək əsl bayram hədiyyəsi oldu. Mənim üçünsə mübaliğəsiz 19 illik jurnalist fəaliyyətimin, 38 illik ömrümün ən böyük, ən əvəzsiz ərməğanı, həyatımda yeni səhifə idi...

Hələlik, əziz Şuşa, növbəti dəfə yaxın aylarda Bəxtiyargilin evində görüşmək ümidi ilə...

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Cıdır düzündə toy, Gövhərağada kəbin...

30 ildən sonra Şuşaya və Ağdama getmək... İşğaldan azad olunan ərazilərə ildə ən azı bir dəfə səfər etmək... Bilirsiniz bu nə deməkdir?

Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ən müasir avtobuslar Ağdama və Şuşaya yol alacaq. Bu o deməkdir ki, ildə bir dəfə sən də, mən də, o da... bir sözlə, hamımız 30 il həsrətində olduğumuz ərazilərə ayaq basa biləcəyik. İldə bircə dəfə də olsa oraların havasını ciyərimizə, suyunu köksümüzə çəkəcəyik. 

Səhər dan yeri yamşağını ağzından açmamış Bakıdan çıxırsan, Günəş güortanın belinə qalxanda Şuşaya çatırsan. Cıdır düzündə qəddini düzəldirsən, oradan boyu Şuşanın boyundan qat-qat aşağıda dayanan Xankəndidəki ermənilərə göz vurub Molla Pənah Vaqifin cəmi 7 aya yenidən qurulan məqbərəsinə pərvazlanırsan. Ardınca Yuxarı və Aşağı Gövhərağa məscidlərində bu günləri bizə göstərdiyinə görə ulu Yaradana dua edirsən. Sonra vəhşi qəbilə sürüsü tərəfindən güllələnmiş abidələrin başına dolanırsan. 

Xan qızı Nətavanın ev muzeyinə baş çəkirsən, avtobus yoldaşlarınla ayaqüstü “Məclisi-üns” təşkil edirsən. Sonra Xan qızı bulağından Zəmzəm suyu qədər müqəddəs bulaqdan göz yaşı qədər dumduru suyu içinə çəkirsən. Ardınca əsgərlərimizin fəth etdiyi Şuşa qalasından qara donlu kafirlərə “Xanın varisləri qayıtdı, Xanın Kəndinə də dönəcəyik” – ismarışını göndərirsən. Yuxu deyil, özünüzü çimdikləyin. Bu gündən gedə biləcəyik. Özü də “yel qanadlı illər”in həsrət şələsini kürəyimizdən açaraq, uça-uça, qaça-qaça...

Şuşaya və Ağdama qayıtmaq Vətən həsrətinin son nəfəsinin verməsinin əlamətidir. Şuşaya və Ağdama qayıtmaq 30 illik nisgilin ayaqlarımızın altında can verməsidir. Şuşaya və Ağdama qayıtmaq dəmir yumruğumuzun dəmir addımlara, ipək yerişlərə çevrilməsidir. Şuşaya və Ağdama ildə bir dəfə də olsa getmək sağ ikən Tanrının cənnətinə ayaq basmaqdır. 

Hətta mən subay olsaydım həmin səfərdən məharətlə istifadə edərək sevib-seçdiyim qızla Şuşada, Ağdamda nigah bağlayardım. Gövhərağa məscidində kəbin kəsdirərdim. Nətavanın Ev muzeyində ilk toyumu edərdim. Mən subay deyiləm, amma kimlərsə nigahını, kəbinini, toyunu Ağdama, Şuşaya təyin edə bilər. Hətta bu müqəddəs anların şərəfinə Cıdır düzündə, Ağdamın çörək muzeyinin xarabalıqlarında əsgərlərimiz havaya xoşbəxtlik, əbədi sülh atəşi aça bilərlər... Məni kimi evlənənlər də narahat olmasın, elə Şuşaya, Ağdama getmək də toy-düyünə getmək, hətta özünə gəlinsiz toy etmək kimidir. Toyunuz, xeyir işiniz mübarək olsun!

Şuşaya və Ağdama getmək həm də böyük qayıdışın işartısıdır. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millət olaraq təhlükəsizliyimizin göstəricisidir. İcazəsiz getməyə də bundan sonra icazə yoxdur. Bu dəfə Şuşaya, Ağdama gəlişimizə dövlətimiz, tanrımız, ən əsası, azad olunan torpaqlarımız izn verir. Bir sözlə, gözünüz aydın olsun!

Tural Turan

Oxumağa davam et

Köşə

Mənim Şuşa həsrətim yox, Şuşa yaram var idi!

Günel Gözəlova

Mən jurnalistəm. Doğulanda jurnalist doğulub, ölənəcən jurnalist kimi yaşayanlardan. Bu cümlə ilə boşuna başlamadım yazıma. İllərdir bu sahədə olan qarabağlı həmkarlarımın qəlbinə erməninin saldığı yuva, torpaq, əzizlərinin qətli, yarım qalan uşaqlıqlarının miskin xatirələrini  bölüşə-bölüşə, peşə fəaliyyətim səbəbindən isə erməni canilərinin etdiklərini görə, yaza, bütün dünyaya məcburiyyətdən doğan səbrlə, ancaq ürək yanğısı ilə  efirdən çatdıra-çatdıra Qarabağ bir başqa yara oldu ürəyimdə. O yara ki, 30 il idi, hər il dəfələrlə qaysaqlanıb, yenidən qanayıb, daha dərin iz qoyurdu.   

Şuşa həsrətim yox, yaram idi

Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusunu həsrət sözü ilə ifadə edirik, elə deyilmi?! Mənim Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı, Qarabağ həsrətim necə olaydı?!  Görməmişdim, mən böyüməyə, vətənimi gəzməyə başlayanda viran qoyub, mənim xalqımın, atalarımın, babalarımın tarixi torpaqlarını zor gücünə zəbt etmişdi ermənilər. Həsrətini də çəkə bilmirdim.  

Şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan  

Mən də öz torpaqlarından ermənilərin didərgin saldığı bacı və qardaşlarım ilə müqaisəyə gələcək qədər olmasa da, doğulub böyüdüyüm Bakıda uşaq ola bilmədim. Buna imkan vermədi ermənilər. 20 Yanvar hadisələrində 8 yaşım var idi, qan iyini sinəmə çəkdim qanlı yanvar gecəsinin izləri olan məhəlləmizdə. Atama "Şamaxinka" dediyimiz əraziyə getməsin, rus əsgəri onu da öldürməsin deyə anam yalvaranda, 20 yanvarda Larisanı öldürənlərə fəryad edərək Bəxtiyar Vahabzadənin "Larisa" şerini ağlaya-ağlaya məktəbli balaca qızcığaz kimi  "20 Yanvar" şəhidlərinin anim mərasimində deyəndə bir anda böyüdüm, “Qarabağın hər qarışı viran qoyuldu, körpələri də doğrayırlar, meyitləri yandırırlar, körpələrin gözlərini çıxardırlar”-deyə qonşularımız fəryad eyləyəndə, “Xocalıda hamını qırdılar ermənilər”- deyə hönkür-hönkür qonşu qadınlar yığışıb ağlaşanda böyüdüm, sonra 30 il boyu şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan. Mən məğlub xalqın tez böyüyərək kiçilən nümayəndəsi idim... 

Həsrətini çəkə bilmirdim ki Şuşanın...görməmişdim. 

Mən balaca idim Şuşa dərdi düşəndə qəlbimə. Sevdim, Şuşanı heç görmədən, vuruldum. O, sevdirdi mənə, şuşalı dostum. İndi o yoxdur, ancaq Şuşa var. O, mənə Şuşanı iliyiməcən sevdirmişdi. "Şuşaya aparacam səni, mən aparacam" deyəndə həmişə qəmli gözlərinin dərinliyində bir işıq görürdüm. O gətirmədi, ancaq mən gələ bildim.  Mən bugündən artıq Şuşanı bir daha görüm deyə həsrətindən yenidən qayıtmaq üçün tələsəcəm. Şuşa dərdim deyil mənim artıq. İllərlə böyüyə-böyüyə kiçilmişdim. Bir günə 30 ilə kiçilən insan nə qədər ucadan uca olarmış. Mən artıq qalib xalqın uşaq ikən böyüyən, ancaq şəhid qanı ilə zirvələri fəth edən, yüksələn bir vətənin övladıyam!

Oxumağa davam et

Köşə

Cəmi 30 dəqiqəyə həyatınızı dəyişə bilərsiniz

Əslində insanın coğrafiyasını, təbiətini, aksiomlarını özünün yatardığına inanırdım. Məsələn, mənə görə, gün işığını cibində gizlədib, gecənin bir aləmi oyanmaq yaradıcı prosesin ən münbit mühiti idi. Bəzən səhralarda azmalı, bəzən mağaraların qaranlıq rütubətinə yoldaş olmalı idi yaradıcı ruh. Ayaq dəyməmiş yerlərdə gəzişməli, bəzən sənət sükunətinə qərq olmalı, fəaliyyətsiz tənhalıqda aylarla enerji toplamalı idi... Mən bu ali tənbəlliyi yeni ideyaların cücərtisi kimi dəyərləndirirdim. 

Uzunmüddətli depressivliyin də, dünyaya, doğmalarına qusduğun zəhərin də, hər mühitə ögey qalıb, yad boşqablara yem olmağın da səni digərlərindən üstün qılan vərdişlərmiş. 

Vərdiş demişkən... Bəzi uşaqlıq vərdişlərimiz bizimlə birgə böyüyürdü axı...

Məsələn, 3 yaşımda iki yerə bölüb bacımla paylaşdığım xırda pullarımı divarlarıma yapışdırdım. Bu gün mən artmadan-azalmadan bölüşmək vərdişinə tabeyəm. Emosiyalarımı gizlətmədən, yalançı təbəssümdən uzaq əhvalımı da, cibimi də, sevgimi, nifrətimi də qarşı tərəflə bölüşürəm. 

Elə bu vərdişimi rəhbər tutub, son günlər qazandığım təcrübəmi də bölüşüm.

Uğurlu insanların əlifbasından danışacam. 

Açar söz “uğurlu insan”, “uğurlu olmağın yolları”, “uğur qazanmaq üçün nələr etməliyik”, “insanlar necə varlanır” və s.

Uzatmadan mövzunun özünə keçim. Sən demə, ambisiyaları ümman olanların hər saniyəsi öncədən hesablanır. 

İşinizə yarayacaq bir neçə bəndi nəzərinizə çatdırım.

1. Səhər ən gec 6-da oyanın. Stabil yuxunun müddəti orta hesabla 8 saat olduğu üçün gecə 10-dan gec yatmayın.

2. Oyanar-oyanmaz hər yeni səhifəsinə 10 yeni məqsədinizi yazacağınız qeyd kitabçanızı yanınızda saxlayın. Amma məqsədlərinizi sanki artıq gerçəkləşdirdiyiniz arzular kimi qələmə verin. Məsələn, “mən o evi almaq istəyirəm” deyil, “mən o evi almışam”. Unutmayın, bu ritualı hər gün təkrarlamaq vacibdir. Bir də unutmayın ki, yeni səhifəyə xəyalən gerçəkləşdirdiyiniz arzularınızı yazarkən öncəki səhifəyə baxmamalısınız. Beləcə şüurunuzun altı da, üstü də gələciyinizlə bağlı vərdişlər formalaşdırmaq üçün məntiqinizi, yaradıcı potensialınızı, enerjiniz isə kainatın zərrələrini səfərbər edəcək.

3. Unutmayın, öyrənməyin yaşı yoxdur!

4. Yenə də unutmayın ki, qacetiniz vaxt öldürmək yox, qazanmaq üçün əla vasitədir. Bu gün ən nüfuzlu iş adamları onlayn kurslardan, təlimlərdən faydalanır, müxtəlif dilləri elə bir ovuc telefondan öyrənirlər.

5. Və heç unutmayın ki, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gün ərzində azı 30 dəqiqə çalışmalı, bunu gündəlik rutinə çevirməlisiniz. Məsələn fransızca öyrənməliyəm deyirsinizsə, gününüzün yarım saatını onlayn dərslərə xərcləyin. 

Həyatınızı kökündən dəyişmək istəyirsiniz? Elə indi qeyd kitabçası alıb, cibinizə qoyun. Sonra da bütün dünya cibinizə axsın.

Oxumağa davam et
Reklam

Gündəm