Xəbərlər - Publika.az
Bizi izləyin

Köşə

Vətən Müharibəsi Qəhrəmanı yuxuma girib dedi ki...

Əslində bu köşəni mənə yazdıran elə onun özüdür. Bu gecə yuxuma girmişdi. Qaçaraq gəldi, hərbi formada idi – doğrusu, indiyə qədər onu cəmi bircə dəfə hərbi formada görmüşdüm, o da təsadüfən, Cocuq Mərcanlıda – gəlib dedi ki, şair, heç məni xatırlamırsan, məndən yazmırsan. Dedi və getdi. Səhər ayılanda özümü onun ruhu qarşısında günahkar hiss elədim. Onunla bağlı xatirələr bircə-bircə gəlib gözümün önündən keçdi. Yolboyu, işə gələrkən belə gördüyüm yuxunun təsirindən çıxa bilmirdim, hər dəfə onunla bağlı bir anı kino lenti kimi gözümün önündə canlanırdı.

Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovla qrup yoldaşı olmuşuq. Çox savadlı uşaq idi. Zəngin mütaliəsi vardı. Dərsdə də bədii kitablar oxuyardı. Ümumiyyətlə, bizim filologiya qrupu Qafqaz Universisteti dövrünün ən savadlı, intellektual qruplarından olub. Yadımdadır, 2010-cu ilin oktyabrın 24-ü idi. Mənim ilk kitabım çıxmışdı. Valehə və digər qrup yoldaşlarıma dedim ki, gedib Qaraçuxurdan, mətbəədən kitabları götürməliyik. Təkbaşına gücüm çatmayacaqdı. Çünki qalınüz və naziküz olmaqla 1000 ədəd kitab idi. Valeh və digər qrup yoldaşlarımla imkan edərək gedib kitabları götürdük. Valeh yolda bağlamadan kitabın birinci açdı və elə yoldaca oxuyub bitirdi. Sürətli oxuması var idi. Baxın, biz necə ziyalı, aydın oğullar itirdik bu müharibədə...

Başqa bir xatirə: Günlərin bir günü professor Akif Hüseynli Mirzə Fətəli Axundzadənin komediyalarının hamısını oxuyub gəlməyimizi tapşırdı. Mən müəllimə etiraz etdim ki, növbəti dərsə qədər bunların hamısını oxuyub bitirmək mümkün deyil. Vaxt olaraq da çatdıra bilməyəcəkdik, çünki digər dərslər də var. Valeh isə gülümsədi. Mənə göz vurdu ki, narahat olma, həll edəcəyik. Tənəffüsdə bunu necə edəcəyimizi soruşdum. Bildirdi ki, hərəmiz bir əsəri oxuyub gələrik, məzmununu bir-birimizə danışarıq. Beləcə bütün əsərlərdən məlumatlı olacağıq. Amma hər kəs öz öhdəsinə götürdüyü komediyanı yaxşı oxusun ki, sonra tələbkar Akif müəllimin bu sınağından da alnıaçıq çıxaq. Əslində bu, Valehin ən çətin durumdan çox məharətlə çıxmaq istedadı idi. Sonradan o, bütün bunları hərb sahəsində zabit kimi tətbiq edəcəkdi. Professor Akif Hüseynlinin Axundzadənin komediyaları ilə bağlı müzakirəsindən hamımız uğurla çıxdıq. Bu, Valehin sayəsində mümkün olmuşdu. Daha çox tarixi romanları oxuyardı. Bir də dedektiv janrına meylli idi. Çingiz Abdullayevi, Elxan Elatlının əsərlərini evdən universitetə, universitetdən evə gedərkən oxuyur, demək olar ki, bir günün içərisində bitirirdi. Sonradan taleyini də filologiyaya yox, hərb sahəsinə bağladı... Bəlkə də biz onun zəkasından elm sahəsində də faydalana bilərdik. Amma seçimi, alın yazısı başqa qərar qəbul etdi...

Valeh Bədəlov azdanışan, sakit uşaq olasa da yaxın çevrəsi ilə intellektual zarafatıarı ilə diqqət çəkərdi. Nitqi, fikirlərini son dərəcə aydın şəkildə çatdırma qabiliyyətinə malik idi. Onu sonuncu dəfə 2017-ci ilin martında Cəbrayılın azad olunan Cocuq Mərcanlı kəndində gördüm. O zaman kənddə hələ təzə - təzə quruculuq işlərinə başlanılmışdı. Təsadüfən görüşdük. Daha doğrusu, məni səsimdən tanıdı. Ayaqüstü söhbətləşdik. Sonra uçuq bir evin yanındakı hərbçilərə doğru addımladı. Nə üçün gəldiyimi soruşdu. Şəkil çəkdirmək istədim, dedi ki, indi olmaz, sonra...

Son sözü o oldu ki, qrup yoldaşlarımızdan kiminlə görüşürəm. Mən də əlaqədə olduğum uşaqların adlarını sadaladım və sağollaşdıq. Valehdən son xəbəri isə oktyabrın 7-də eşitdim. Həmin gün Cəbrayılın dördyol deyilən ərazisində şəhid olmuşdu. Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Valeh Bədəlov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. İndi görün ki, biz İkinci Qarabağ savaşında Valeh kimi təkcə cəsarətli, qorxmaz yox, həm də bir o qədər intellektual, savadlı adamları itirmişik.

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Bu kilsənin memarı yadplanetlidir

Feminizm ərə gedənədək, ateizm ölüm qoxusunu duyanadəkmiş...

Mən...

Nə tam azadlıq xəmirindən yoğrulan feminist, nə də özümü materiyaya təslim edən ateistəm. Elə bilməyin ki, əmrlərə boyun əyən çarəsiz qadınam. İmanlı dindar heç sayılmaram... Ancaq canımdan əziz canın ölüm adlı üfunəti burnumdan keçib beynimi zəhərləyəndə ateizm dalğası sahilimə çırpılmır. 

Strasburqun başdöndürən, qəlbdurduran, hər daşından bir can çıxan 1000 yaşlı tikilisi var. Onu görübən ölməmək, ölübən dirilməmək mümkünsüzdür. Bu böyük katedral balaca şəhərin ən nəhəng ibadətgahıdır. Mənsə oraya "İsanın sarayı" deyirdim. "İsanın sarayı"nda bir neçə dəfə olmuşdum. Hər dəfə də düşünürdüm ki, bu möcüzənin memarı dəqiq yadplanetlidir. Bəlkə hələ də sağdır... Yox, dəqiq yaşayır...

"İsanın sarayı"nda bir astroloji saat var ki, tamaşasına ellər yığışır. Bu saatın Yer oxunu təcəssüm edən hissəsində ox gəldiyi nöqtəyə çatmaq üçün 25 min 800 il yol getməlidir. Üstündə əsdiyim ömrüm bu zaman kəsiyinin neçənci göz qırpımıdır, görəsən?

Anam çarəsiz xəstəlik tapmışdı, daha doğrusu, bu bəla gəlib onun yaxasına yapışmışdı. O, anama daha möhkəm sarıldıqca həkimlər əllərini yavaş-yavaş üzüb, geri çəkilirdilər. Çarəsizliyim damarıma işləmədən dua etməyə qərar verdim. Evdə əlimə keçən bütün kitabları müqqədəsmiş kimi öpüb bağrıma basmaq istəyirdim. Yoldan keçənlərin gözündə yalan da olsa, bir işarə axtarırdım.

Bir gün yenə ucsuz yolun başında tapdım özümü. Sarı səhradakı su axtarışlarım "İsanın sarayı" adlı bulaq olub qarşımda durmuşdu. Bu səfərimin səbəbi daha məsum idi. Özümdən gizlənirmişəm kimi nəhəng qapını açıb, tez içəri girdim. Bir neçə dəqiqə buza döndüm. Ətrafdakı turistlərin diqqətini cəlb etməmək üçün İsaya doğru addımladım. Hətta onunla hansı dildə danışacağımın qərarsızlığı da hafizəmdədir. Amma çətini "İsa, mən gəldim" deyənə qədərmiş. Sonra düz 1 saat dodağım söz hönkürdü. Monoton monoloqumu bəzən xatırlamağa çalışıram. Mən o dildə heç vaxt danışmamışam axı... Bəs niyə sözlərimi tələffüzünə qədər xatırlayıram?!

Hər qarşıma çıxan sənə bürünüb İudayammış kimi günahlarını üstümə atır, İsa. Əli əlimdən olanlar sənə uzanan barmaqlarımı kəsib atdılar, gözü gözümdən bildiklərim cənnətinə boylanan bəbəklərimi oydular, amma mən yenə gəldim. Tanrı bəzən rəsmlərinə məna yükü qoya bilməyən rəssam kimidir. Bizi niyə yaratdığını unudub, üzümüzü quru divara çevirir. Yalvarıram, İsa, məni onun yadına sal. Atana de ki, möcüzə gözləyirəm.

Tez əlimi cibimə atıb səsi son ümid kimi qulağımda cingildəyən axırıncı qəpiklərimi çıxardım. Bir neçə şam alıb, İsa üçün yandırdım.

Mən tez-tez gələcəm, nə qədər istəsən şam yandıracam, amma atana mütləq de. De ki, mən möcüzə gözləyirəm.

Və bir gün anam İsa üçün yandırdığım şamların işığını da istisinə qatıb özü ilə apardı. Qaranlıq gecələrin açılmaz səhərlərinin birində yenə qərar verdim. İsanın görüşünə gedəcəm, deyəcəm ki, üzül mənim üçün, atan məni duymadı, sənə küskünəm, ürəyin rahat olmasın...

"İsanın sarayı"nın kəndarında birdən ağlıma gəldi ki, bugünədək onun üzünə baxmamışam. Başımı göz qırpımında (bəlkə də 25 min 800 ilə) yuxarı qaldırdım. İsa çarmıxdan elə əzablı, o qədər çarəsiz baxırdı ki, içimdəki bir zərrə kinim də su olub gözümdən axdı.

Bağışla məni, İsa. Oğullar atalarına görə cavabdeh deyil. Mən səni bağışladım, atanın da günahından sənə görə keçdim. Amma incimə, şam yandırmağa nə gücüm, nə də qara qəpiyim qalıb...

Oxumağa davam et

Köşə

Cıdır düzündə toy, Gövhərağada kəbin...

30 ildən sonra Şuşaya və Ağdama getmək... İşğaldan azad olunan ərazilərə ildə ən azı bir dəfə səfər etmək... Bilirsiniz bu nə deməkdir?

Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ən müasir avtobuslar Ağdama və Şuşaya yol alacaq. Bu o deməkdir ki, ildə bir dəfə sən də, mən də, o da... bir sözlə, hamımız 30 il həsrətində olduğumuz ərazilərə ayaq basa biləcəyik. İldə bircə dəfə də olsa oraların havasını ciyərimizə, suyunu köksümüzə çəkəcəyik. 

Səhər dan yeri yamşağını ağzından açmamış Bakıdan çıxırsan, Günəş güortanın belinə qalxanda Şuşaya çatırsan. Cıdır düzündə qəddini düzəldirsən, oradan boyu Şuşanın boyundan qat-qat aşağıda dayanan Xankəndidəki ermənilərə göz vurub Molla Pənah Vaqifin cəmi 7 aya yenidən qurulan məqbərəsinə pərvazlanırsan. Ardınca Yuxarı və Aşağı Gövhərağa məscidlərində bu günləri bizə göstərdiyinə görə ulu Yaradana dua edirsən. Sonra vəhşi qəbilə sürüsü tərəfindən güllələnmiş abidələrin başına dolanırsan. 

Xan qızı Nətavanın ev muzeyinə baş çəkirsən, avtobus yoldaşlarınla ayaqüstü “Məclisi-üns” təşkil edirsən. Sonra Xan qızı bulağından Zəmzəm suyu qədər müqəddəs bulaqdan göz yaşı qədər dumduru suyu içinə çəkirsən. Ardınca əsgərlərimizin fəth etdiyi Şuşa qalasından qara donlu kafirlərə “Xanın varisləri qayıtdı, Xanın Kəndinə də dönəcəyik” – ismarışını göndərirsən. Yuxu deyil, özünüzü çimdikləyin. Bu gündən gedə biləcəyik. Özü də “yel qanadlı illər”in həsrət şələsini kürəyimizdən açaraq, uça-uça, qaça-qaça...

Şuşaya və Ağdama qayıtmaq Vətən həsrətinin son nəfəsinin verməsinin əlamətidir. Şuşaya və Ağdama qayıtmaq 30 illik nisgilin ayaqlarımızın altında can verməsidir. Şuşaya və Ağdama qayıtmaq dəmir yumruğumuzun dəmir addımlara, ipək yerişlərə çevrilməsidir. Şuşaya və Ağdama ildə bir dəfə də olsa getmək sağ ikən Tanrının cənnətinə ayaq basmaqdır. 

Hətta mən subay olsaydım həmin səfərdən məharətlə istifadə edərək sevib-seçdiyim qızla Şuşada, Ağdamda nigah bağlayardım. Gövhərağa məscidində kəbin kəsdirərdim. Nətavanın Ev muzeyində ilk toyumu edərdim. Mən subay deyiləm, amma kimlərsə nigahını, kəbinini, toyunu Ağdama, Şuşaya təyin edə bilər. Hətta bu müqəddəs anların şərəfinə Cıdır düzündə, Ağdamın çörək muzeyinin xarabalıqlarında əsgərlərimiz havaya xoşbəxtlik, əbədi sülh atəşi aça bilərlər... Məni kimi evlənənlər də narahat olmasın, elə Şuşaya, Ağdama getmək də toy-düyünə getmək, hətta özünə gəlinsiz toy etmək kimidir. Toyunuz, xeyir işiniz mübarək olsun!

Şuşaya və Ağdama getmək həm də böyük qayıdışın işartısıdır. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millət olaraq təhlükəsizliyimizin göstəricisidir. İcazəsiz getməyə də bundan sonra icazə yoxdur. Bu dəfə Şuşaya, Ağdama gəlişimizə dövlətimiz, tanrımız, ən əsası, azad olunan torpaqlarımız izn verir. Bir sözlə, gözünüz aydın olsun!

Tural Turan

Oxumağa davam et

Köşə

Mənim Şuşa həsrətim yox, Şuşa yaram var idi!

Günel Gözəlova

Mən jurnalistəm. Doğulanda jurnalist doğulub, ölənəcən jurnalist kimi yaşayanlardan. Bu cümlə ilə boşuna başlamadım yazıma. İllərdir bu sahədə olan qarabağlı həmkarlarımın qəlbinə erməninin saldığı yuva, torpaq, əzizlərinin qətli, yarım qalan uşaqlıqlarının miskin xatirələrini  bölüşə-bölüşə, peşə fəaliyyətim səbəbindən isə erməni canilərinin etdiklərini görə, yaza, bütün dünyaya məcburiyyətdən doğan səbrlə, ancaq ürək yanğısı ilə  efirdən çatdıra-çatdıra Qarabağ bir başqa yara oldu ürəyimdə. O yara ki, 30 il idi, hər il dəfələrlə qaysaqlanıb, yenidən qanayıb, daha dərin iz qoyurdu.   

Şuşa həsrətim yox, yaram idi

Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusunu həsrət sözü ilə ifadə edirik, elə deyilmi?! Mənim Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı, Qarabağ həsrətim necə olaydı?!  Görməmişdim, mən böyüməyə, vətənimi gəzməyə başlayanda viran qoyub, mənim xalqımın, atalarımın, babalarımın tarixi torpaqlarını zor gücünə zəbt etmişdi ermənilər. Həsrətini də çəkə bilmirdim.  

Şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan  

Mən də öz torpaqlarından ermənilərin didərgin saldığı bacı və qardaşlarım ilə müqaisəyə gələcək qədər olmasa da, doğulub böyüdüyüm Bakıda uşaq ola bilmədim. Buna imkan vermədi ermənilər. 20 Yanvar hadisələrində 8 yaşım var idi, qan iyini sinəmə çəkdim qanlı yanvar gecəsinin izləri olan məhəlləmizdə. Atama "Şamaxinka" dediyimiz əraziyə getməsin, rus əsgəri onu da öldürməsin deyə anam yalvaranda, 20 yanvarda Larisanı öldürənlərə fəryad edərək Bəxtiyar Vahabzadənin "Larisa" şerini ağlaya-ağlaya məktəbli balaca qızcığaz kimi  "20 Yanvar" şəhidlərinin anim mərasimində deyəndə bir anda böyüdüm, “Qarabağın hər qarışı viran qoyuldu, körpələri də doğrayırlar, meyitləri yandırırlar, körpələrin gözlərini çıxardırlar”-deyə qonşularımız fəryad eyləyəndə, “Xocalıda hamını qırdılar ermənilər”- deyə hönkür-hönkür qonşu qadınlar yığışıb ağlaşanda böyüdüm, sonra 30 il boyu şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan. Mən məğlub xalqın tez böyüyərək kiçilən nümayəndəsi idim... 

Həsrətini çəkə bilmirdim ki Şuşanın...görməmişdim. 

Mən balaca idim Şuşa dərdi düşəndə qəlbimə. Sevdim, Şuşanı heç görmədən, vuruldum. O, sevdirdi mənə, şuşalı dostum. İndi o yoxdur, ancaq Şuşa var. O, mənə Şuşanı iliyiməcən sevdirmişdi. "Şuşaya aparacam səni, mən aparacam" deyəndə həmişə qəmli gözlərinin dərinliyində bir işıq görürdüm. O gətirmədi, ancaq mən gələ bildim.  Mən bugündən artıq Şuşanı bir daha görüm deyə həsrətindən yenidən qayıtmaq üçün tələsəcəm. Şuşa dərdim deyil mənim artıq. İllərlə böyüyə-böyüyə kiçilmişdim. Bir günə 30 ilə kiçilən insan nə qədər ucadan uca olarmış. Mən artıq qalib xalqın uşaq ikən böyüyən, ancaq şəhid qanı ilə zirvələri fəth edən, yüksələn bir vətənin övladıyam!

Oxumağa davam et
Reklam

Gündəm