Xəbərlər - Publika.az
Bizi izləyin

Köşə

Bağçadakı mələk

Leyla Sarabi

Qürbət cənnət də olsa, yükü ağırdır. Bəzən bu ağırlığın altında ruhun çökür. Yad ölkədə təkbaşına yaşamaqdan savayı yeni can doğmağınsa dağ gücündə ağrısı var. Bəlkə də yanlış addımdır...

Doğru olan odur ki, heç kim kənardan sənə müdaxilə etmir, “biz uşağı keçi südü ilə böyütmüşük, bax, top kimidir”, “həkim nə bilir, bizim vaxtımızda dərman var idi?”, “mürəbbəli çay ver, düzələcək”, “uşaq çox ağlayır, necə anasan? “su ver, sussun” deyib səni dünyadan küsdürənlər də yoxdur.

Gəl ki, bütün məsuliyyət öz çiynindədir. Zaman-zaman anlayırsan ki, bu sənin xeyrinədir. Axı, hər körpə ilə birgə bir ana doğulur. Bizim ölkədə isə bu müşküldür. Övladını böyüdərkən səhv etmək, büdrəmək və bu yanlışlardan dərs almaq şansın yoxdur. Səy göstərsən də, qohum-əqrəba səni səy gözündə görəcək.

Fransa cəmiyyəti isə analığını sənə lap ilk andan daddırır. Hətta körpə doğulan kimi anası ilə bir otaqda qalmağa başlayır. Uşağı ilk dəfə çimizdirəndə ananı çağırırlar ki, baxıb öyrənsin. Çünki buralarda ayin halında gerçəkləşdirilən 7, 40, düyütökmə kimi mərasimlər orada yoxdur.

2 il uşağını böyüdəndən sonra da bağça dövrü qapında növbə tutur. Fransızlar düşünür ki, bu yaşda uşaq ana ilə evdə qalsa, çox darıxar. Heç ananın da evdə oturub təkbaşına övladını böyütməyə vaxtı və həvəsi yoxdur. Uşaq bu yaşda mütləq bağçaya gedib sosiallaşmalıdır.

Fransada boş bağça tapmaq isə dünyanın 8-ci möcüzəsidir. Çox vaxt fransızlar elə hamiləliyin ilk aylarında şəhər meriyasına müraciət edib qeydiyyatdan keçirlər. Ancaq bu məsələdə mənim bəxtim gətirdi. Əlini pediatr müayinəsinə aparmışdım. Kişiyə şikayət elədim ki, bu nə sistemdir, niyə uşaqlara bağça çatmır? Lap yer olsa da, mənim uşağımı seçməyəcək ki, meriyanız... Aniesin, Emanuellanın iynəsi-sapı özündən olan tifilini götürəcək. Uşağımın ayağına arı kimi uf demədən peyvənd batıran, mənə görə qansız həkim, xalqının rasistliyindən təsirləndi deyəsən. Harasa zəng edib RV (görüş) aldı, bərk-bərk də tapşırdı ki, mütləq bu saatda orda ol. Unutmadan deyim ki, fransızlar qədər kağıza aşiq ikinci millət tanımıram. Uşağı bağçaya götürmək üçün az qalsın Bakıdakı qonşularımızın nikah şəhadətnaməsinə qədər istədilər. Qalaq-qalaq sənədi də yığıb meriyaya getdik. Su üzündə gəzən yetim ümidləri 3 bağçaya caladıq ki, hansında yer olarsa, uşağı ora yazdıraq. Bir aydan sonra cavab məktub şəklində poçt qutumuza gəldi.

Fransaya xüsusi kolorit qatan bir cəhət də onun poçt sistemidir. Bu ölkədə kvadrat dəmir qablara hələ də hər gün məktub atılır, insanlar səhərlər poçt qutularını yoxlamadan evdən çıxmırlar. Fərqi yoxdur, məktubu göndərən bankdır, yoxsa xəstəxana, reklamdır, ya jurnal... bəlkə də Fransada yaşadığınız üçün hər il ödəmək məcburiyyətində olduğunuz “yaşayış vergisi” sənədidir, əsas yad edilməkdir...

“Təbrik edirik, oğlunuz “filan” bağçaya qəbul edilib, gəlin, qeydiyyatdan keçin”. Yenə əlimizdə bir ton kağız sevincimizdən uçduq meriyaya. Bu dəfə sənədləşməni tamamladıq. Dərindən nəfəs alıb düşündüm ki, ən həyəcanlı günlər geridə qaldı. Əli uzağı 2 günə bağçaya da, uşaqlara da alışacaq.

Xub...

Elm sübut edib ki, qadın sevgisi kişiyə nisbətən daha güclü olur. Qızların analıq instinkti lap kiçik yaşdan pöhrələnməyə başlayır. Onlar anadan olanda artıq ana olurlar. Milləti, irqi, dini yoxdur bu hissin. Analıq özü ən qüsursuz dindir.

Əli bağçaya ayaq basdığı ilk gündən məzlum-məzlum ağlamağa başladı. İlk gün cəmi yarım saat qaldı. Hər səhər oyananda bir kasa ümid dolurdu içimə, amma Əli ətəyindəki daşı töküb, bağçaya getmək istəmirdi. Hər gün yarım saat, 30 dəqiqə, məndən soruşsanız illik əsəb limiti... Oğlumu qladiator düşərgəsinə verirmiş kimi göz yaşı tökürdüm, o da arxamca elə ağlayırdı ki, çətirin yırtılırdı.

Fransada bağça sistemi olduqca demokratik və xalqın mentaliteti üzərində qurulur. Bağçanın aylıq ödənişi ailənin maddi durumuna, qazancına görə hesablanır. Bu güzəşt ən çox tələbə valideynlərin övladlarına edilir. Pul haqq-hesabı şəhərin meriyasında aparılır. Nə müəllimlər, nə də tərbiyəçilər bağçaya gəlib-gedən uşaqların hansının varlı, hansının qismən kasıb yaşadığından hale olur ki, hamısına eyni səviyyədə qayğı göstərsinlər.

Gəl, gör ki, mental dəyərlər günəş ölkəsinin istiqanlı insanlarına tam ziddir. Fransızlar vaxtından tez böyüyürlər. Hətta demək olar ki,  uşaq olmurlar.

Strasburq Fransanın Elzas vilayətində yerləşir. Həmçinin vilayətin paytaxtıdır. Əsrlər boyu Fransa və Almaniyanın aralarında bölə bilmədikləri bu şəhərin əhalisi əsasən fransızca danışsa da, elzaslıların almancaya bənzəyən dilləri də var. “Əsilli-köklü” elzaslılar da öz dillərində danışırlar. Bir neçə il onların məhəlləsində yaşadığım üçün azdan-çoxdan tanıyıram elzaslıları. Dillərinə, şəhərlərinə, mədəniyyətlərinə, hətta dinlərinə qarşı çox mühafizəkardırlar.

Əlinin qrupunda 20 uşaq vardı, onlara 2 müəllim, 2 tərbiyəçi baxırdı. Müəllimlərdən biri də “korennoy” elzaslı idi. Qadının almanlara xas sərt xarakteri və elzas şivəsi vardı. Bağçaya ilk gəldiyim gün özüm də ehtiyat etdim ondan. 40-45 yaşlarında hündürboylu, sarışın, zərif və fransız qadınlarına xas olmayan baxımlı idi. “Nasist xala” ləqəb verdiyim bu qadının adı Natali idi.

Məşəqqət dolu 1 həftə bitdi… Əli yorğun, mən bitkin, hava bomboz və yağışlı…

Növbəti həftə yenə savaşa başladıq. Elə ilk gün Əlini gətirib bağçaya qoydum. Yarım saatdan sonra dalınca qayıdanda gördüm ki, uşaq kənarda oturub, ağlayır, müəllimlər, tərbiyəçilər də əmrlərinə tabe olan qrup uşaqları ilə oyun oynayır, mahnı öyrədirdilər. Çox qəzəbləndim. Buz kimi soyuq bu millətə olan bütün hiddətimi qusmalı idim. Vəhşi instinktimi geyinib cumdum direktorun kabinetinə. Fransada bağça direktorları kifayət qədər sadə və hər bir valideyni dinləyəcək qədər təmkinli olur. Katibəsindən izin almadan qapını döyüb, içəri girdim. “Baxın, madam, biz sizin kimi soyuqqanlı millət deyilik. İsti ölkədən gəlmişik, temperamentimiz də tam başqadır. Mənim oğlum sevgi, qayğı içərisində böyüyüb. Nə vaxta qədər ki, sizin tərbiyəçiləriniz ona ana nəvazişi göstərməyib diqqətdən kənar qoyacaqlar, o qədər də ağlayıb, sızlayacaq. Ümid edirəm, siz də bunu istəməzsiniz”. Direktor məni sakitləşdirib yola saldı.

Ertəsi gün ağ bayraqla içəri girdik. Hətta “nasist xala” belə Əlini çox isti qarşıladı. Yarım saat tamam olanda uşağı aparmağa gəldim. Gördüyüm mənzərəyə inanmadım. Əli bir az kədərli, amma taleyi ilə barışmış şəkildə Lüsi adlı gənc tərbiyəçinin qucağında oturmuşdu. Lüsi də onu öpür, tumarlayırdı. Sevincimdən gəlib Lüsinin yanağına bir öpücük də mən qondurdum.

Elə bilməyin ki, fransızların bu soyuqqanlılığı digər millətlərə olan laqeydliklərindən qaynaqlanır. Əsla… Fransada doğulub böyüyən 50 yaşlı türk rəfiqəm onları tərif edərkən deyirdi ki, azyaşlı övladlarının qarşısında belə qayda-qanun qoyacaq qədər buzdurlar. Fransız ana parkda oynayan uşağı yıxılarsa, ona yaxın durmur. Proses baş verir, uşaq ağlayır, sonra da qalxıb üstünü-başını təmizləyir. Bəlkə də onları güclü millət, qüdrətli dövlət edən bu cəhətləridir.

Bağçaya yavaş-yavaş alışırdıq. Artıq Əlinin vaxtı 1 saatadək uzanmışdı. Amma yenə də mızıldanırdı. Burda bir Mələk vardı. Hər anlamda gözəl bir mələk. 3-4 yaşlarında dolu, sarışın, yamyaşıl gözlü bir Mələk… Qəribəsi odur ki, Mələk türk deyildi, ərəb heç deyildi. Valideynləri fransız idilər. Bu adı çox sevdikləri üçün qızlarına vermişdilər. Mələk hər səhər Əlini qarşılayır, zorla da olsa, əlindən tutub, parıldayan gözlərilə üzümə baxıb sanki “əmanətini aldım, rahat gedə bilərsən” deyirdi.

Beləcə Əli bağçanı, Mələk onu, mən də Mələyi sevməyə başlayırdıq. Natali ilə də münasibətimiz düzəlmişdi. Əli də bütün gününü sevimli məkanında keçirirdi. Tolerant fransız xalqı müsəlman olduğumuzu öyrənəndə Əliyə “halal” menyu hazırlamışdılar. Amma yenə də çox tələbkar idilər. Bir dəfə Anna adlı müəllim mənə dedi ki: “Əlinin artıq 3 yaşı var, özü qabdan yeyə bilmir. Madam, sizin oğlunuz körpə deyil, ona sərbəst nahar etməyi öyrədin”. Mən də Şərq qadınına xas narahatlıqla hər axşam soruşurdum: “Əli bu gün nə yeyib?” Müəllim yenə etiraz edirdi: “Niyə heç soruşmursunuz ki, Əli bu gün yeni nələr öyrənib?” - “Biz şərqlilərin qarnı doymasa, zehni aydın işləmir” deyirdim.

Günlər, aylar bir-birini əvəz edir, Əli fransız mühitinə alışırdı. Hətta fransızlarsayaq bir az pintiləşirdi. Hər ayın bir günü bağçada valideynlərin toplantısı keçirilirdi. Hər kəs şirniyyat bişirib, bağçaya gəlir, birgə çay, qəhvə içib, tanış olurdular. Mənsə bacardıqca tez-tez piroq bişirib, bağçaya aparırdım. Ona görə xüsusi hörmət sahibi idim. Hər kəs məni Əlinin anası deyib barmaqla göstərirdi. Təsəvvür edirsinizmi, adi piroqa görə bu boyda sayğı qazanmışdım…

Bir dəfə axşam Əlinin dalınca gəlmişdim. Gördüm, 13-14 yaşlı bir ərəb oğlan əlində tapança həyətdə oynayan bağça uşaqlarına atəş açır. Mən xəyalımda uşağımı basdıranda, məlum oldu ki, silah oyuncaqdır. Uşağı həyətdən qovdular. Ərəb ki, ərəb… Ömrümün düz 10 ilini yedi axmaq uşaq.

Fransada bağçalar adətən iyun ayının sonları bağlanır. Anamın səhhəti ilə əlaqədar mayın ortası Bakıya gəlməli oldum. Ona görə bağça kollektivini xəbərdar etdim ki, sabah son günümüzdür. Həm də növbəti ildən Əli “ana məktəbi”nə başlayacaqdı. Bağçada Əliyə “əlvida məclisi” quruldu. Direktor da daxil olmaqla bütün müəllimlər, uşaqlar, Mələk akt zalına toplaşdılar. Soyuqqanlı fransız deyib haqsızlıq etdiyim bu insanlar ən xırda detala qədər düşünmüşdülər hər şeyi. Öncə bir musiqi səsləndi. Məlum oldu ki, Əli bağçaya yeni gələndə yalnız bu musiqini dinləyib sakitləşirmiş. Bu musiqi səslənəndə Natali kövrəlib, məni qucaqladı. “Əzizim Natali, ağlamayın, biz ara-sıra gəlib sizi ziyarət edəcəyik” dedim. Sonra isə Əliyə hazırladıqları diplom, açıqca, ürək sözlərindən ibarət kartlar təqdim edildi. Uşaqlı, böyüklü hamısını əsl Şərq hərarətilə qucaqlayıb öpdük. Mələyi də orda qoyub Bakıya döndük.

İndi hərdən Mələk gəlir ağlıma. Həyatımızın pasını parıldadan neçə mələk tanıdıq... Amma heç biri onun kimi  Əlinin çiyinlərini cənnət boyda məhəbbətlə bəzəmədi.

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Cıdır düzündə toy, Gövhərağada kəbin...

30 ildən sonra Şuşaya və Ağdama getmək... İşğaldan azad olunan ərazilərə ildə ən azı bir dəfə səfər etmək... Bilirsiniz bu nə deməkdir?

Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ən müasir avtobuslar Ağdama və Şuşaya yol alacaq. Bu o deməkdir ki, ildə bir dəfə sən də, mən də, o da... bir sözlə, hamımız 30 il həsrətində olduğumuz ərazilərə ayaq basa biləcəyik. İldə bircə dəfə də olsa oraların havasını ciyərimizə, suyunu köksümüzə çəkəcəyik. 

Səhər dan yeri yamşağını ağzından açmamış Bakıdan çıxırsan, Günəş güortanın belinə qalxanda Şuşaya çatırsan. Cıdır düzündə qəddini düzəldirsən, oradan boyu Şuşanın boyundan qat-qat aşağıda dayanan Xankəndidəki ermənilərə göz vurub Molla Pənah Vaqifin cəmi 7 aya yenidən qurulan məqbərəsinə pərvazlanırsan. Ardınca Yuxarı və Aşağı Gövhərağa məscidlərində bu günləri bizə göstərdiyinə görə ulu Yaradana dua edirsən. Sonra vəhşi qəbilə sürüsü tərəfindən güllələnmiş abidələrin başına dolanırsan. 

Xan qızı Nətavanın ev muzeyinə baş çəkirsən, avtobus yoldaşlarınla ayaqüstü “Məclisi-üns” təşkil edirsən. Sonra Xan qızı bulağından Zəmzəm suyu qədər müqəddəs bulaqdan göz yaşı qədər dumduru suyu içinə çəkirsən. Ardınca əsgərlərimizin fəth etdiyi Şuşa qalasından qara donlu kafirlərə “Xanın varisləri qayıtdı, Xanın Kəndinə də dönəcəyik” – ismarışını göndərirsən. Yuxu deyil, özünüzü çimdikləyin. Bu gündən gedə biləcəyik. Özü də “yel qanadlı illər”in həsrət şələsini kürəyimizdən açaraq, uça-uça, qaça-qaça...

Şuşaya və Ağdama qayıtmaq Vətən həsrətinin son nəfəsinin verməsinin əlamətidir. Şuşaya və Ağdama qayıtmaq 30 illik nisgilin ayaqlarımızın altında can verməsidir. Şuşaya və Ağdama qayıtmaq dəmir yumruğumuzun dəmir addımlara, ipək yerişlərə çevrilməsidir. Şuşaya və Ağdama ildə bir dəfə də olsa getmək sağ ikən Tanrının cənnətinə ayaq basmaqdır. 

Hətta mən subay olsaydım həmin səfərdən məharətlə istifadə edərək sevib-seçdiyim qızla Şuşada, Ağdamda nigah bağlayardım. Gövhərağa məscidində kəbin kəsdirərdim. Nətavanın Ev muzeyində ilk toyumu edərdim. Mən subay deyiləm, amma kimlərsə nigahını, kəbinini, toyunu Ağdama, Şuşaya təyin edə bilər. Hətta bu müqəddəs anların şərəfinə Cıdır düzündə, Ağdamın çörək muzeyinin xarabalıqlarında əsgərlərimiz havaya xoşbəxtlik, əbədi sülh atəşi aça bilərlər... Məni kimi evlənənlər də narahat olmasın, elə Şuşaya, Ağdama getmək də toy-düyünə getmək, hətta özünə gəlinsiz toy etmək kimidir. Toyunuz, xeyir işiniz mübarək olsun!

Şuşaya və Ağdama getmək həm də böyük qayıdışın işartısıdır. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millət olaraq təhlükəsizliyimizin göstəricisidir. İcazəsiz getməyə də bundan sonra icazə yoxdur. Bu dəfə Şuşaya, Ağdama gəlişimizə dövlətimiz, tanrımız, ən əsası, azad olunan torpaqlarımız izn verir. Bir sözlə, gözünüz aydın olsun!

Tural Turan

Oxumağa davam et

Köşə

Mənim Şuşa həsrətim yox, Şuşa yaram var idi!

Günel Gözəlova

Mən jurnalistəm. Doğulanda jurnalist doğulub, ölənəcən jurnalist kimi yaşayanlardan. Bu cümlə ilə boşuna başlamadım yazıma. İllərdir bu sahədə olan qarabağlı həmkarlarımın qəlbinə erməninin saldığı yuva, torpaq, əzizlərinin qətli, yarım qalan uşaqlıqlarının miskin xatirələrini  bölüşə-bölüşə, peşə fəaliyyətim səbəbindən isə erməni canilərinin etdiklərini görə, yaza, bütün dünyaya məcburiyyətdən doğan səbrlə, ancaq ürək yanğısı ilə  efirdən çatdıra-çatdıra Qarabağ bir başqa yara oldu ürəyimdə. O yara ki, 30 il idi, hər il dəfələrlə qaysaqlanıb, yenidən qanayıb, daha dərin iz qoyurdu.   

Şuşa həsrətim yox, yaram idi

Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusunu həsrət sözü ilə ifadə edirik, elə deyilmi?! Mənim Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı, Qarabağ həsrətim necə olaydı?!  Görməmişdim, mən böyüməyə, vətənimi gəzməyə başlayanda viran qoyub, mənim xalqımın, atalarımın, babalarımın tarixi torpaqlarını zor gücünə zəbt etmişdi ermənilər. Həsrətini də çəkə bilmirdim.  

Şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan  

Mən də öz torpaqlarından ermənilərin didərgin saldığı bacı və qardaşlarım ilə müqaisəyə gələcək qədər olmasa da, doğulub böyüdüyüm Bakıda uşaq ola bilmədim. Buna imkan vermədi ermənilər. 20 Yanvar hadisələrində 8 yaşım var idi, qan iyini sinəmə çəkdim qanlı yanvar gecəsinin izləri olan məhəlləmizdə. Atama "Şamaxinka" dediyimiz əraziyə getməsin, rus əsgəri onu da öldürməsin deyə anam yalvaranda, 20 yanvarda Larisanı öldürənlərə fəryad edərək Bəxtiyar Vahabzadənin "Larisa" şerini ağlaya-ağlaya məktəbli balaca qızcığaz kimi  "20 Yanvar" şəhidlərinin anim mərasimində deyəndə bir anda böyüdüm, “Qarabağın hər qarışı viran qoyuldu, körpələri də doğrayırlar, meyitləri yandırırlar, körpələrin gözlərini çıxardırlar”-deyə qonşularımız fəryad eyləyəndə, “Xocalıda hamını qırdılar ermənilər”- deyə hönkür-hönkür qonşu qadınlar yığışıb ağlaşanda böyüdüm, sonra 30 il boyu şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan. Mən məğlub xalqın tez böyüyərək kiçilən nümayəndəsi idim... 

Həsrətini çəkə bilmirdim ki Şuşanın...görməmişdim. 

Mən balaca idim Şuşa dərdi düşəndə qəlbimə. Sevdim, Şuşanı heç görmədən, vuruldum. O, sevdirdi mənə, şuşalı dostum. İndi o yoxdur, ancaq Şuşa var. O, mənə Şuşanı iliyiməcən sevdirmişdi. "Şuşaya aparacam səni, mən aparacam" deyəndə həmişə qəmli gözlərinin dərinliyində bir işıq görürdüm. O gətirmədi, ancaq mən gələ bildim.  Mən bugündən artıq Şuşanı bir daha görüm deyə həsrətindən yenidən qayıtmaq üçün tələsəcəm. Şuşa dərdim deyil mənim artıq. İllərlə böyüyə-böyüyə kiçilmişdim. Bir günə 30 ilə kiçilən insan nə qədər ucadan uca olarmış. Mən artıq qalib xalqın uşaq ikən böyüyən, ancaq şəhid qanı ilə zirvələri fəth edən, yüksələn bir vətənin övladıyam!

Oxumağa davam et

Köşə

Cəmi 30 dəqiqəyə həyatınızı dəyişə bilərsiniz

Əslində insanın coğrafiyasını, təbiətini, aksiomlarını özünün yatardığına inanırdım. Məsələn, mənə görə, gün işığını cibində gizlədib, gecənin bir aləmi oyanmaq yaradıcı prosesin ən münbit mühiti idi. Bəzən səhralarda azmalı, bəzən mağaraların qaranlıq rütubətinə yoldaş olmalı idi yaradıcı ruh. Ayaq dəyməmiş yerlərdə gəzişməli, bəzən sənət sükunətinə qərq olmalı, fəaliyyətsiz tənhalıqda aylarla enerji toplamalı idi... Mən bu ali tənbəlliyi yeni ideyaların cücərtisi kimi dəyərləndirirdim. 

Uzunmüddətli depressivliyin də, dünyaya, doğmalarına qusduğun zəhərin də, hər mühitə ögey qalıb, yad boşqablara yem olmağın da səni digərlərindən üstün qılan vərdişlərmiş. 

Vərdiş demişkən... Bəzi uşaqlıq vərdişlərimiz bizimlə birgə böyüyürdü axı...

Məsələn, 3 yaşımda iki yerə bölüb bacımla paylaşdığım xırda pullarımı divarlarıma yapışdırdım. Bu gün mən artmadan-azalmadan bölüşmək vərdişinə tabeyəm. Emosiyalarımı gizlətmədən, yalançı təbəssümdən uzaq əhvalımı da, cibimi də, sevgimi, nifrətimi də qarşı tərəflə bölüşürəm. 

Elə bu vərdişimi rəhbər tutub, son günlər qazandığım təcrübəmi də bölüşüm.

Uğurlu insanların əlifbasından danışacam. 

Açar söz “uğurlu insan”, “uğurlu olmağın yolları”, “uğur qazanmaq üçün nələr etməliyik”, “insanlar necə varlanır” və s.

Uzatmadan mövzunun özünə keçim. Sən demə, ambisiyaları ümman olanların hər saniyəsi öncədən hesablanır. 

İşinizə yarayacaq bir neçə bəndi nəzərinizə çatdırım.

1. Səhər ən gec 6-da oyanın. Stabil yuxunun müddəti orta hesabla 8 saat olduğu üçün gecə 10-dan gec yatmayın.

2. Oyanar-oyanmaz hər yeni səhifəsinə 10 yeni məqsədinizi yazacağınız qeyd kitabçanızı yanınızda saxlayın. Amma məqsədlərinizi sanki artıq gerçəkləşdirdiyiniz arzular kimi qələmə verin. Məsələn, “mən o evi almaq istəyirəm” deyil, “mən o evi almışam”. Unutmayın, bu ritualı hər gün təkrarlamaq vacibdir. Bir də unutmayın ki, yeni səhifəyə xəyalən gerçəkləşdirdiyiniz arzularınızı yazarkən öncəki səhifəyə baxmamalısınız. Beləcə şüurunuzun altı da, üstü də gələciyinizlə bağlı vərdişlər formalaşdırmaq üçün məntiqinizi, yaradıcı potensialınızı, enerjiniz isə kainatın zərrələrini səfərbər edəcək.

3. Unutmayın, öyrənməyin yaşı yoxdur!

4. Yenə də unutmayın ki, qacetiniz vaxt öldürmək yox, qazanmaq üçün əla vasitədir. Bu gün ən nüfuzlu iş adamları onlayn kurslardan, təlimlərdən faydalanır, müxtəlif dilləri elə bir ovuc telefondan öyrənirlər.

5. Və heç unutmayın ki, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gün ərzində azı 30 dəqiqə çalışmalı, bunu gündəlik rutinə çevirməlisiniz. Məsələn fransızca öyrənməliyəm deyirsinizsə, gününüzün yarım saatını onlayn dərslərə xərcləyin. 

Həyatınızı kökündən dəyişmək istəyirsiniz? Elə indi qeyd kitabçası alıb, cibinizə qoyun. Sonra da bütün dünya cibinizə axsın.

Oxumağa davam et
Reklam

Gündəm