Xəbərlər - Publika.az
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Ermənistana altı ay VAXT VERDİ

"Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısı deyib ki, bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı:

"Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq".

Rəylər
Oxumağa davam et
Reklam

Rəsmi xronika

İlham Əliyev 100 yaşlı Fatma Səttarovanı qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova dedi: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.

Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.

Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.

Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun.

Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir.

Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum.

Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq.

Fatma Səttarova: Bəli, ancaq.

Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi.

Fatma Səttarova: Şükür, çox şükür.

X X X

Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi və ona möhkəm cansağlığı arzuladı.

Oxumağa davam et

Rəsmi xronika

İlham Əliyev Zelenskiyə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Publika.az-a məlumat verilib.

Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Rəsmi xronika

Prezident: Əminəm ki, İran şirkətləri azad edilmiş torpaqlarda...

Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik".

Oxumağa davam et
Reklam

Gündəm