Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Paşinyan qərar imzaladı - Dəmiryolu xətti bərpa ediləcək

Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.

Publika.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, işçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə fəaliyyət göstərəcək və onun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Baş nazirə məlumat verəcək.

Bildirilib ki, 10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Rusiya bu məsələyə “qırmızı xətt” kimi yanaşır - Şərh

“Etiraf etmək lazımdır ki, Ukrayna tərəfi Donetsk və Luqansk problemlərinin həlli ilə bağlı Minsk razılıqlarının şərtlərinə əməl etmək istəmir. Halbuki, məhz Ukraynanın keçmiş prezidenti Poroşenko hakimiyyəti dövründə Almaniya, Fransa və Böyük Britaniya ilə bir yerdə məlum problemlərin Minsk razılıqları kontekstində həllinə razılıq vermişdi. Bu gün Zelenski hakimiyyəti həmin şərtləri yerinə yetirməkdən boyun qaçırır”. 

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib. 

Ekspertin sözlərinə görə, 2008-ci ildə Gürcüstan olaylarında olduğu kimi, bu gün də NATO, xüsusilə ABŞ Ukraynanı bilərəkdən Rusiya ilə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynanın Rusiya ilə qarşıdurmaya təhrik edilməsində ikinci böyük rol Böyük Britaniyaya aiddir. Çünki Britaniya Avropa İttifaqından çıxdıqdan sonra Aİ ilə münasibətlərə yeni rakursdan baxır və  Rusiyanın Avropa enerji bazarlarında sıxışdırılması ABŞ kimi Britaniyanın da maraqlarına cavab verir. Əslində, Rusiya və NATO arasında yaşanan gərginliyin əsas səbəbi Ukrayna ilə bağlı deyil. Bu, Avropada nüfuz və təsir dairələri uğrunda gedən mübarizədir. Həm də məlum Şimal axını-2” vasitəsilə Avropa ölkələrinə axacaq Rusiya qazının nəqlinin qarşısını almaq istəyindən irəli gəlir. Çünki ABŞ və NATO gözəl başa düşür ki, məlum kəmərlər işlədikcə Rusiyanın hərbi gücü daha da artacaq. Təbii ki, hərbi gücün artması da NATO-ya problemləri zorakılıq yolu ilə həll etməyə imkan verməyəcək. Problemin kökündə dayanan amil budur. Digər tərəfdən, məhz Rusiyanın mövqeyi müəyyən mənada beynəlxalq hüquq normalarına istinad etmir. Çünki Rusiya Ukrayna və Gürcüstanın Qərbin təhlükəsizlik sisteminə, yəni NATO-ya inteqrasiyasına qarşı çıxır. Ukrayna və Gürcüstanın NATO-ya daxil ola biləcəyi ilə bağlı məsələyə Rusiya qırmızı xətt kimi yanaşır. Əgər bu ölkələr NATO-ya qəbul olunsalar, Rusiya da öz təhlükəsizlik maraqlarından çıxış edərək buna adekvat addımlar atacaq”.

E.Manafov vurğulayıb ki, bu gün beynəlxalq güclərin maraqları ucbatından beynəlxalq hüquq iflic vəziyyətinə düşüb: “Qarabağ problemində də danışıqların 30 il səmərə verməməsi məhz beynəlxalq güclərin məsələyə nüfuz etməsi idi. Lakin Azərbaycan təbii ki, əlverişli beynəlxalq vəziyyətdən istifadə etdi və özünün hərbi gücünə istinad edərək işğalda olan ərazilərini azad etdi. Yəni, iqtisadi və hərbi güc kimdədirsə, o da öz maraqlarını diktə edir. Burada da yaşanan gərginliyin əsas səbəbi Avropada təsir dairəsi və həmçinin Rusiyanın MDB məkanında nüfuz imkanlarını daraltmaq uğrunda gedən mübarizədir. Rusiya da dünyanın 10-cu iqtisadi və 2-ci hərbi gücü olaraq ona qarşı bu tip münasibətləri qəbul etmir. Açıq deyək ki, Rusiya özü də ABŞ-ı və NATO-nu hərbi güc tətbiq edəcəyi ilə hədələyir. Ona görə düşünürəm ki, bütün hallarda bu problemlər Rusiya, Ukrayna və Minsk qrupunun razılıqlarına imza atmış dövlətlərin iştirakı ilə danışıqlar masası arxasında həll oluna bilər”.

Oxumağa davam et

Siyasət

DGK-nin bu il üçün İş Planı təsdiqləndi

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) videkonfrans formatında kollegiya iclası keçirilərək qurumun bu il üçün İş Planı təsdiq edilib.

Publika.az-a bu barədə Komitədən bildirilib.

Məlumata görə, iclasda bildirilib ki, ötən il DGK 3,9 milyard manat proqnoza qarşı 4,343 milyard manat olmaqla vergi və rüsum toplayaraq dövlət büdcəsinə köçürüb və illik büdcə öhdəliyinə 111,4% əməl edib.

2021-ci ildə Azərbaycan gömrük orqanlarının əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar ötən il 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Hesabat ilində elektron gömrük xidmətləri sahəsində DDG-nın internet səhifəsində yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib.

2021-ci ildə "Smart Customs" mobil tətbiqinin yeni versiyası hazırlanıb, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Eyni zamanda e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən 5-i mobil tətbiqə inteqrasiya edilib.

Sonda iclasda 2022-ci il üçün İş Planı təsdiqlənib.

Oxumağa davam et

Siyasət

İrəvanın sınma nöqtəsi: Paşinyanın “əsəb yoxlaması” kimə hesablanıb?

Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün jurnalistlərə açıqlaması bir neçə məqama görə diqqət çəkir. Paşinyan deyir ki, İrəvan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hələ 1992-ci ildə tanıyıb, ölkənin parlamenti də onu ratifikasiya edib. Paşinyan Madrid prinsiplərindən də danışıb və onu yenidən “diriltməyə” cəhdlər göstərib. Nikol Vovayeviç delimitasiya və demarkasiya məsələlərinin vacibliyinə də toxunub. 

Bu, sınma nöqtəsidir, yumşalmadır, yoxsa yenidən proseslərə düyün vurmaqdır? 

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistan baş nazirinin son açıqlamaları İrəvanın yumşalmasından xəbər verir:

- Qabil bəy, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları nədən xəbər verir? 

- Nikol Paşinyanın son 2 gündəki açıqlamaları kifayət qədər pozitiv çalarları ilə fərqlənir. Belə görünür ki, Ermənistan baş naziri Nikol Vovayeviç Armen Sarkisyanın prezident vəzifəsindən istefasından sonra hakimiyyətini daha da möhkəmləndirib. Demək olar ki, hazırda Ermənistanda bir partiyanın idarəetmə hakimiyyətinin bütün qolları üzərində idarəçiliyi bərqərar olub. İndi Nikol Paşinyan əvvəlkindən daha inamlı görünür. Bir sıra məsələlərdə o, artıq həqiqətləri deməyə başlayıb. 

- Söhbət hansı həqiqətlərdən gedir?

- Məsələn, Qarabağda yaşayan əhalinin 40 faizinin azərbaycanlılar olduğunu mən necə dana bilərəm – deməklə Paşinyan erməni cəmiyyətinin radikal, millətçilik azarına tutulmuş hissəsinə kifayət qədər üstüaçıq ismarışlar ötürür, mesajlar verir. Eyni zamanda, həm Türkiyə məsələsində, həm də Azərbaycanla sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə Nikol Paşinyanın son 2 gündə səsləndirdiyi fikirlər kifayət qədər diqqəti cəlb edir. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistandan müsbət siqnallar almaqdayıq. Bu fikirlər daha çox kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Buna baxmayaraq, Paşinyanın səsləndirdiyi fikirləri ərazi bütövlüyüyün tanınması məsələsinə də aid etmək olar. Eyni zamanda, Qarabağın dağlıq hissəsindəki separatçı ermənilərlə bağlı nüanslara da aid etmək mümkündür. Mənim gəldiyim qənaət bundan ibarətdir ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış bütün siyasi reallıqları demək olar ki, qavrayıb. 

- Qavrayıbsa, o zaman Nikol Paşinyan niyə 10 noyabr üçtərəfli sazişinin müddəalarının yerinə yetirilməsi məsələsini bu qədər yubadır?

- Ona görə ki, hələ də ölkə əhalisinin radikal siyasi qruplaşmaların təsiri altında olan hissəsi mənasız, heç bir əsası olmayan etirazlar irəli sürməkdədir. Onlar bununla Ermənistan baş nazirinə təzyiqlər göstərməyə çalışırlar. Amma düşünürəm ki, Ermənistanın ictimai-siyasi fikrində, ölkənin siyasi elitasında da Azərbaycanla sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması barədə kifayət qədər, hətta cəsarətli deyilə biləcək səviyyədə addımların atılacağını proqnozlaşdırmaq mümkündür. Əgər Nikol Paşinyan ikitərəfli danışmağa, açıqlamalar verməyə meyilli idisə, bu gün dediyindən sabah imtina edirdisə, hazırda bu cür hallar gözə dəymir. İndi Ermənistan baş naziri bu istiqamətdə fikirlərini cəsarətlə irəli sürür. Paşinyan qarşıya qoyulan hədəflərin nədən ibarət olduğunu da hər hansı siyasi pərdələnmə olmadan açıqlayır. Belə təsəvvür yaranır ki, Ermənistan tərəfi artıq ağlasığmaz, xəyalpərvər xarici siyasət xəttindən də, xüsusilə Türkiyə və Azərbaycanla danışıqlar prosesində tutduğu mənasız, yerinə yetirilməsi mümkün olmayan, radikal mövqelərdən yavaş-yavaş imtina etməkdədir. Eyni zamanda, İrəvan hazırda kompromisə kifayət qədər meyilli görünür. 

- Sizcə, Paşinyanın dediyi baş verəcəkmi? Yəni, Madrid prinsipləri yenidən bərpa oluna bilərmi? 

- Xeyr. Azərbaycan ən azı 10 il bundan əvvəl Madrid prinsiplərini qapatmağı təklif edirdi. Çünki Azərbaycan Madrid prinsiplərinə əlavələr irəli sürmüşdü. Həmin prinsiplərdə qəbul edilməsi mümkün olmayan və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən kifayət qədər fikirlər var idi. Ona görə də Bakı Madrid prinsiplərinə əlavələr irəli sürdü. Əlavələr qəbul olunmayandan sonra Azərbaycan ümumiyyətlə, Madrid prinsiplərindən imtina etdi. Açığını deyim ki, Ermənistan bir müddət bu prinsiplərlə siyasi dividend qazanmağa çalışsa da, bu, uğurlu olmadı. Bu gün Madrid prinsipləri də, daha real görünən Kazan prinsipləri də arxada qalıb. Onların hamısı ötüb keçmiş mərhələlərdir. Həmin mərhələlərə Azərbaycan bir də qayıtmayacaq. Sülh prosesləri də 44 günlük müharibədən sonra formalaşmış siyasi reallıqlar fonunda irəli getməkdədir. Azərbaycanın tələbləri burada əsas rol oynayır. Proseslər də bu istiqamətdə gedəcək. Nikol Paşinyan yenidən həmin prinsipləri xatırladıbsa, bu, uğursuz cəhddir. İrəvan bununla “əsəb yoxlaması” aparmağa çalışır. Gec-tez Ermənistan başa düşəcək ki, Paşinyanın səsləndirdiyi son fikirlər qətiyyən qəbuledilməz prinsiplərdir. 

- Əgər İrəvan sülh danışıqlarına düyün vurmaqda davam edərsə, rəsmi Bakının buna sərt cavabı nə ola bilər?

- Ermənistan və onun lideri Nikol Paşinyan bir çox məsələlərdə pozitiv çalarlı fikirlər irəli sürsə də, bəzi məqamlarda sizin dediyiniz kimi, düyün vurmağa cəhd göstərir. Nəbzimizi yoxlamağa çalışır. Bunların hamısı boşa çıxır. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında rəsmi Bakının mövqelərini xatırladıb. Ərazi bütövlüyü məsələsində Azərbaycanın prinsipial mövqeyi var. Bundan başqa, Qarabağdakı separatçıların “statusu” haqqında söhbət gedə bilməz. Kommunikasiyaların açılması və sülh sazişi üzrə işçi qrupunun yaradılması ilə bağlı demək olar ki, hər iki tərəfdə oxşar mövqe var. Əgər bundan əvvələ qədər ermənilər Azərbaycanın ərazi bütövlüyü məsələsini qətiyyətlə rədd edirdilərsə və Qarabağ problemini bunun üçün əsas gətirirdilərsə, indi bu məsələ haqqında baş nazir Nikol Paşinyan bildirir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bu o deməkdir ki, həm də təkrarən tanıya bilərik. Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ilə bağlı Ermənistan baş nazirinin  açıqlaması o deməkdir ki, İrəvan əvvəlki israrlı mövqelərindən kifayət qədər geri çəkilib. Bu məsələdə Nikol Paşinyanın şərtlərinə gəldikdə isə, ermənilər bölgənin Azərbaycanın ərazisi olduğunu, azərbaycanlıların burada dominant rola malik olduğunu artıq başa düşürlər. Üstəlik, bununla barışırlar. İrəvan Azərbaycandan birtəhər muxtariyyət qoparmaq fikrini də beynindən çıxarmır. 

- İrəvan israr etsə, Bakının buna qarşılığı necə olacaq?

- Məncə, Ermənistan bu məsələlərdə israrlı olmayacaq. Eyni zamanda, Azərbaycan sərt addımların zəminini hazırlamaqda davam edir. Ordu gücləndirilir, dağ komando heyətləri yaradılır. Xüsusi təyinatlılar məsələsini də unutmaq olmaz. Ordunun tamamilə peşəkar əlamətlər üzərində qurulması davam edir. Ordunun ruhi-psixoloji vəziyyəti çox yüksək səviyyədədir. Ermənistan da, Rusiya da bunu bilir. Bu kimi məsələlərdə Azərbaycanın Ermənistana təzyiq siyasəti davam edəcək. Azərbaycan tərəfinin bu siyasəti davam etdikcə Ermənistan tərəfinin bu təzyiqlərə davam gətirmədiyi, davam gətirə bilmək üçün əlində arqumentin olmaması da aydın şəkildə görünür. Bu səbəbdən də İrəvan geriləməyə başladığını dərk edir. Beləliklə, hər iki tərəfin ağıllı kompromisə meyillənmələrini görə biləcəyik. Məncə, Ermənistan tərəfində sınma nöqtəsi baş verir. Bu sınma nöqtəsini məğlubiyyət kimi qəbul edənlər də var. Həmin sınma nöqtəsi həm reallıqlar, həm də tarixi faktlar, tarixi ədalət qarşısında ermənilərin əl qaldırıb təslim olmağa başladıqları məqamı da özündə ehtiva edir. Bu, sözün əsl mənasında sınma nöqtəsidir. Zənnimcə, bütün bunların hamısı diqqətçəkən məqamlardır.

Tural Turan

Oxumağa davam et
Reklam

Gündəm