Daşaltı faciəsinin əsas günahkarı kimdir? - Keçmiş baş nazirlə MÜSAHİBƏ - Publika.az
Bizi izləyin

Siyasət

Daşaltı faciəsinin əsas günahkarı kimdir? - Keçmiş baş nazirlə MÜSAHİBƏ

Bu il bir çox ekspert Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanacağını düşünür. Diplomatik masada nələrin müzakirə olunması çılpaqlığı ilə bəlli olmasa da, Azərbaycan vətəndaşları artıq dünəndən etibarən işğaldan azad edilən Şuşa və Ağdama ən azından ildə bir dəfə gedə biləcəklər. Bir çoxları bunu böyük qayıdışın işartısı kimi qiymətləndirir. 

Eyni zamanda, bu gün Birinci Qarabağ savaşının sağalmaz yaralarından olan Daşaltı faciəsindən 30 il ötür. Daşlatı faciəsinin səbəbləri, şəhid olan hərbçilərimizin nəşlərinin qaytarılması bu gün də öz aktuallığını qoruyur. Bəs onların nəşlərinin 30 ildən sonra qaytarılması mümkündürmü?

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseynin Publika.az-a müsahibəsində yuxarıdakı olaylara və qoyulan suallara cavab tapmağa çalışdıq.

Müsahibəni təqdim edirik:

- Pənah bəy, bu il ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyələşməsi, kommunikasiyaların açılması və eləcə də böyük sülh müqaviləsinin imzalanması mümkündürmü?

- Hazırda müəyyən proses gedir. Bu il ərzində sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını indidən söyləmək çətindir. Amma konkret sahələr üzrə razılıqların əldə olunması, demarkasiya, delimitasiya, kommunikasiyaların açılması istiqamətində hansısa razılıqların əldə olunması daha çox ehtimal olunur. Prinsip etibarı ilə hesab edirəm ki, faktiki olaraq Azərbaycan tərəfindən belə bir sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsün reallaşması tamamilə mümkündür. Amma bunun üçün xaricdən və Ermənistanın daxilindəki müəyyən qüvvələr maneələr yaratmamalıdır. 

- Ötən gündən başlayaraq Ağdama və Şuşaya avtobus reysləri açıldı. İldə bir dəfə getmək mümkün olacaq. Niyə ildə bir dəfə? Ümumiyyətlə, bu reysin açılmasını necə qiymətləndirirsiniz?

- Bu suala daha dəqiq cavabı bu işin təşkilatçıları verə bilərlər. İnsanlara yalnız ildə bir dəfə işğaldan azad edilmiş ərazilərə getməsinə şərait yaradılmasının səbəbi belə ola bilər ki, getmək istəyənlərin sayı çoxdur və ya hamı üçün şərait yaradılması üçün bu cür addım atılıb. Hər halda təşkilatçılar da yəqin ki, bu cür cavab verə bilərlər. Bu cür reyslərin təşkili üçün hər halda mənfi bir söz söyləmək doğru deyil. Amma mənə görə əsas diqqət bu cür tanışlıq, turist səfərlərinə yox, keçmiş məcburi köçkünlərin, əhalinin öz doğma yurdlarına qaytarılması işlərinə yönəlməlidir. Eyni zamanda, diqqət həmin prosesə hazırlıq işlərinə cəmləşdirilməlidir. Bir çox şəxs işğaldan azad olunan ərazilərdə dəfn olunmaq istəyir. Bununla bağlı da bir çox təşəbbüslər var. Bu istiqamətdə də işlər görülməlidir və bununla bağlı müəyyən razılıqlar olmalıdır. 

- Amma mina problemi də hələ qalmaqdadır…

- Təbii ki, ərazilərin minalardan təmizlənməsi problemi hələ də qalmaqdadır. Təəssüf ki, bu problem hələ də mövcuddur. Amma ayrı-ayrı şirkətlərin orada onmilərlə xırdabuynuzlu mal-qaranın saxlanılması, bəslənilməsi ilə bağlı təşəbbüslər var. Onlar da reallaşdırılır. Bu barədə məlumatlar gəzir. Min hektarlarla əkin sahələri şumlanır, əkilir. Bunların da əleyhinə deyiləsi bir fikir yoxdur. Deməli, bu sadaladıqlarım onu göstərir ki, azad olunan ərazilərdə əhalinin tam şəkildə yerləşdirilməsi, orada kənd təsərrüfatı ilə məşğul olmaları üçün yetərli şərait mövcuddur. Bu baxımdan hesab edirəm ki, əsas diqqət bu məsələyə yönəlməlidir. Əgər əhali orada olacaqsa, deməli, gediş-gəliş qaydası, qrafiki də fərqli olacaq. Hesab edirəm ki, daha sürətli məskunlaşdırma həyata keçirilməlidir. 

- Bu gün Daşaltı faciəsinin 30-cu ildönümüdür. Amma bu gün Daşaltı azaddır, bizdədir. Necə düşünürsünüz, bu faciə o zamankı Mütəllibov hakimiyyətinin günahıdır, yoxsa başqa səbəblər də vardı?

- Mənə elə gəlir ki, artıq tarix onu göstərir ki, bir çox məsələləri ayrı-ayrı dövrlərdə olmuş hakimiyyətlərin üzərindən təhlil metodikasından əl çəkmək vaxtıdır. Eyni zamanda, Ayaz Mütəllibov da elə də siyasi aktual fiqur deyil. Fəal siyasətlə də məşğul olmur. Bütövlükdə  isə hərbi sahədə həm  Ayaz Müttəlibov dövründə, həm ondan əvvəl, həm də ondan sonra baş vermiş hadisələr, vətəndaşlarımızın təhlükəsizliyi, onların düşmən tərəfindən qətlə yetirilməsi, ərazilərimizin işğal olunması ilə bağlı məsələlər üçün həmin müddətdə hakimiyyətdə olan istənilən siyasi qüvvə, hakimiyyət məsuliyyət daşıyır. Yəni, ümumi şəkildə bu prinsip doğrudur. 

- Həmin dövrdə şəhid olan hərbçilərimizin bir çoxunun nəşi bu günə qədər tapılmayıb. Bu gün Ermənistanla aparılan danışıqlarda Daşaltı faciəsində şəhid olanların nəşlərinin qaytarılması məsələsi də müzakirə oluna bilərmi?

- Ümumilikdə bununla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Ermənistanın xalqımıza qarşı təcavüzü nəticəsində təxminən 5000 civarında vətəndaşımızın itkin düşməsi, əsir götürülməsi haqqında məlumatlar var. Əlbəttə, bu istiqamətdə olan məsələlərlə bağlı ən böyük məsuliyyət, həm də beynəlxalq hüquqa uyğun cinayət məsuliyyəti – beynəlxalq müharibə cinayətlərindən tutmuş terror cinayətlərinə qədər – ermənilərin üzərinə düşür. Məndə olan məlumat budur ki, bu işlə daim məşğul olan xüsusi bir dövlət orqanı var. İtkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycanın dövlət qurumu mövcuddur. Ermənistanda da belə bir qurum var. Bu istiqamətdə də son dövrlərdə bir sıra məsələlər qaldırılıb. O cümlədən, Avropa Məhkəməsi və Avropa Şurasında bu məsələlərlə bağlı gedən proseslərə qoşulub. Hesab edirəm ki, bu istiqamətdə xeyli vaxtın keçməsindən asılı olmayaraq, daim diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə daha ciddi və nəticəsi olan işlər aparılmalıdır. Yəni, bildiyimiz kimi, ermənilər tərəfindən də müəyyən iddialar irəli sürülür. Halbuki onların iddiaları hüquqi əsası Azərbaycan tərəfinin hüquqi iddialarından daha azadır. Amma onlar bu istiqamətdə daha çox qışqırıb-bağırırlar. Əslində sülh müqaviləsinin və regional təhlükəsizliyin təmin olunması istiqamətində digər addımların atılmasına qarşı da bir “bəhanə” kimi istifadə edirlər. 

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Ceyhun Bayramov: “Müstəqillik Günü münasibətilə ölkəmizə inkişaf, rifah arzu edirəm”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında 28 may - Müstəqillik Günü münasibətilə paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

“Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə xalqımızı 28 may - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə inkişaf, rifah arzu edirəm.

Yaşasın Azərbaycan!”.

Oxumağa davam et

Siyasət

Pakistanın federal naziri: “Azərbaycan xalqımızın ürəyində xüsusi yerə sahibdir”

Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahibdir.

Publika.az xəbər verir ki, bunu Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi deyib.

Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Dövlətlərarası münasibətlərdən danışan federal nazir Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. O, qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “Pakistan keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəkləyib”.

44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Oxumağa davam et

Siyasət

Pakistanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirildi

Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən “Marriott” mehmanxanasında ölkəmizin 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində iştirak etdiyi qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra səfir Xəzər Fərhadov çıxış edərək 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR ) keçdiyi müstəqillik yolu haqqında danışıb. Səfir ADR-nin 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırıb.

X.Fərhadov ADR dövründə demokratik hüquq və azadlıqların bərqərar olduğunu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlarının tanındığını vurğulayaraq o dövrdə hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edib. Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsilin inkişafına xüsusi diqqət yetirildiyini ifadə edib.

Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı ADR-nin ənənələri əsasında müstəqil respublika qurduğunu və bərpa edilmiş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin inkişafı prosesi uğurla davam etdirildiyini bildirən X.Fərhadov bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib. Vətən müharibəsindən söhbət açan səfir 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan – Pakistan münasibətlərinə də toxunan səfir 9 iyun 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib və bu əlamətdar günün silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. X.Fərhadov həmçinin, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və nümunə olaraq artıq cari ilin mart ayından etibarən Lahor və Karaçi şəhərlərindən Bakıya birbaşa reyslərə start verildiyini, iyun ayından isə İslamabaddan ölkəmizin paytaxtına da birbaşa uçuşlara başlayacağını, eləcə də Hökumətlərarası Birgə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarının sayının 10-a çatmasını vurğulayıb.

Tədbirin ali qonağı Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi öz çıxışında ilk öncə ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərindən danışan federal nazir Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahib olduğunu bildirib və Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən nazir bu ölkənin keçmiş Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəklədiyini söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.

Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda 28 May - Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.

Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib. Həmçinin, Azərbaycanla bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Oxumağa davam et
Reklam

Gündəm