İrəvanın sınma nöqtəsi: Paşinyanın “əsəb yoxlaması” kimə hesablanıb? - Publika.az
Bizi izləyin

Siyasət

İrəvanın sınma nöqtəsi: Paşinyanın “əsəb yoxlaması” kimə hesablanıb?

Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün jurnalistlərə açıqlaması bir neçə məqama görə diqqət çəkir. Paşinyan deyir ki, İrəvan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hələ 1992-ci ildə tanıyıb, ölkənin parlamenti də onu ratifikasiya edib. Paşinyan Madrid prinsiplərindən də danışıb və onu yenidən “diriltməyə” cəhdlər göstərib. Nikol Vovayeviç delimitasiya və demarkasiya məsələlərinin vacibliyinə də toxunub. 

Bu, sınma nöqtəsidir, yumşalmadır, yoxsa yenidən proseslərə düyün vurmaqdır? 

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistan baş nazirinin son açıqlamaları İrəvanın yumşalmasından xəbər verir:

- Qabil bəy, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları nədən xəbər verir? 

- Nikol Paşinyanın son 2 gündəki açıqlamaları kifayət qədər pozitiv çalarları ilə fərqlənir. Belə görünür ki, Ermənistan baş naziri Nikol Vovayeviç Armen Sarkisyanın prezident vəzifəsindən istefasından sonra hakimiyyətini daha da möhkəmləndirib. Demək olar ki, hazırda Ermənistanda bir partiyanın idarəetmə hakimiyyətinin bütün qolları üzərində idarəçiliyi bərqərar olub. İndi Nikol Paşinyan əvvəlkindən daha inamlı görünür. Bir sıra məsələlərdə o, artıq həqiqətləri deməyə başlayıb. 

- Söhbət hansı həqiqətlərdən gedir?

- Məsələn, Qarabağda yaşayan əhalinin 40 faizinin azərbaycanlılar olduğunu mən necə dana bilərəm – deməklə Paşinyan erməni cəmiyyətinin radikal, millətçilik azarına tutulmuş hissəsinə kifayət qədər üstüaçıq ismarışlar ötürür, mesajlar verir. Eyni zamanda, həm Türkiyə məsələsində, həm də Azərbaycanla sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə Nikol Paşinyanın son 2 gündə səsləndirdiyi fikirlər kifayət qədər diqqəti cəlb edir. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistandan müsbət siqnallar almaqdayıq. Bu fikirlər daha çox kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Buna baxmayaraq, Paşinyanın səsləndirdiyi fikirləri ərazi bütövlüyüyün tanınması məsələsinə də aid etmək olar. Eyni zamanda, Qarabağın dağlıq hissəsindəki separatçı ermənilərlə bağlı nüanslara da aid etmək mümkündür. Mənim gəldiyim qənaət bundan ibarətdir ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış bütün siyasi reallıqları demək olar ki, qavrayıb. 

- Qavrayıbsa, o zaman Nikol Paşinyan niyə 10 noyabr üçtərəfli sazişinin müddəalarının yerinə yetirilməsi məsələsini bu qədər yubadır?

- Ona görə ki, hələ də ölkə əhalisinin radikal siyasi qruplaşmaların təsiri altında olan hissəsi mənasız, heç bir əsası olmayan etirazlar irəli sürməkdədir. Onlar bununla Ermənistan baş nazirinə təzyiqlər göstərməyə çalışırlar. Amma düşünürəm ki, Ermənistanın ictimai-siyasi fikrində, ölkənin siyasi elitasında da Azərbaycanla sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması barədə kifayət qədər, hətta cəsarətli deyilə biləcək səviyyədə addımların atılacağını proqnozlaşdırmaq mümkündür. Əgər Nikol Paşinyan ikitərəfli danışmağa, açıqlamalar verməyə meyilli idisə, bu gün dediyindən sabah imtina edirdisə, hazırda bu cür hallar gözə dəymir. İndi Ermənistan baş naziri bu istiqamətdə fikirlərini cəsarətlə irəli sürür. Paşinyan qarşıya qoyulan hədəflərin nədən ibarət olduğunu da hər hansı siyasi pərdələnmə olmadan açıqlayır. Belə təsəvvür yaranır ki, Ermənistan tərəfi artıq ağlasığmaz, xəyalpərvər xarici siyasət xəttindən də, xüsusilə Türkiyə və Azərbaycanla danışıqlar prosesində tutduğu mənasız, yerinə yetirilməsi mümkün olmayan, radikal mövqelərdən yavaş-yavaş imtina etməkdədir. Eyni zamanda, İrəvan hazırda kompromisə kifayət qədər meyilli görünür. 

- Sizcə, Paşinyanın dediyi baş verəcəkmi? Yəni, Madrid prinsipləri yenidən bərpa oluna bilərmi? 

- Xeyr. Azərbaycan ən azı 10 il bundan əvvəl Madrid prinsiplərini qapatmağı təklif edirdi. Çünki Azərbaycan Madrid prinsiplərinə əlavələr irəli sürmüşdü. Həmin prinsiplərdə qəbul edilməsi mümkün olmayan və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən kifayət qədər fikirlər var idi. Ona görə də Bakı Madrid prinsiplərinə əlavələr irəli sürdü. Əlavələr qəbul olunmayandan sonra Azərbaycan ümumiyyətlə, Madrid prinsiplərindən imtina etdi. Açığını deyim ki, Ermənistan bir müddət bu prinsiplərlə siyasi dividend qazanmağa çalışsa da, bu, uğurlu olmadı. Bu gün Madrid prinsipləri də, daha real görünən Kazan prinsipləri də arxada qalıb. Onların hamısı ötüb keçmiş mərhələlərdir. Həmin mərhələlərə Azərbaycan bir də qayıtmayacaq. Sülh prosesləri də 44 günlük müharibədən sonra formalaşmış siyasi reallıqlar fonunda irəli getməkdədir. Azərbaycanın tələbləri burada əsas rol oynayır. Proseslər də bu istiqamətdə gedəcək. Nikol Paşinyan yenidən həmin prinsipləri xatırladıbsa, bu, uğursuz cəhddir. İrəvan bununla “əsəb yoxlaması” aparmağa çalışır. Gec-tez Ermənistan başa düşəcək ki, Paşinyanın səsləndirdiyi son fikirlər qətiyyən qəbuledilməz prinsiplərdir. 

- Əgər İrəvan sülh danışıqlarına düyün vurmaqda davam edərsə, rəsmi Bakının buna sərt cavabı nə ola bilər?

- Ermənistan və onun lideri Nikol Paşinyan bir çox məsələlərdə pozitiv çalarlı fikirlər irəli sürsə də, bəzi məqamlarda sizin dediyiniz kimi, düyün vurmağa cəhd göstərir. Nəbzimizi yoxlamağa çalışır. Bunların hamısı boşa çıxır. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında rəsmi Bakının mövqelərini xatırladıb. Ərazi bütövlüyü məsələsində Azərbaycanın prinsipial mövqeyi var. Bundan başqa, Qarabağdakı separatçıların “statusu” haqqında söhbət gedə bilməz. Kommunikasiyaların açılması və sülh sazişi üzrə işçi qrupunun yaradılması ilə bağlı demək olar ki, hər iki tərəfdə oxşar mövqe var. Əgər bundan əvvələ qədər ermənilər Azərbaycanın ərazi bütövlüyü məsələsini qətiyyətlə rədd edirdilərsə və Qarabağ problemini bunun üçün əsas gətirirdilərsə, indi bu məsələ haqqında baş nazir Nikol Paşinyan bildirir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bu o deməkdir ki, həm də təkrarən tanıya bilərik. Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ilə bağlı Ermənistan baş nazirinin  açıqlaması o deməkdir ki, İrəvan əvvəlki israrlı mövqelərindən kifayət qədər geri çəkilib. Bu məsələdə Nikol Paşinyanın şərtlərinə gəldikdə isə, ermənilər bölgənin Azərbaycanın ərazisi olduğunu, azərbaycanlıların burada dominant rola malik olduğunu artıq başa düşürlər. Üstəlik, bununla barışırlar. İrəvan Azərbaycandan birtəhər muxtariyyət qoparmaq fikrini də beynindən çıxarmır. 

- İrəvan israr etsə, Bakının buna qarşılığı necə olacaq?

- Məncə, Ermənistan bu məsələlərdə israrlı olmayacaq. Eyni zamanda, Azərbaycan sərt addımların zəminini hazırlamaqda davam edir. Ordu gücləndirilir, dağ komando heyətləri yaradılır. Xüsusi təyinatlılar məsələsini də unutmaq olmaz. Ordunun tamamilə peşəkar əlamətlər üzərində qurulması davam edir. Ordunun ruhi-psixoloji vəziyyəti çox yüksək səviyyədədir. Ermənistan da, Rusiya da bunu bilir. Bu kimi məsələlərdə Azərbaycanın Ermənistana təzyiq siyasəti davam edəcək. Azərbaycan tərəfinin bu siyasəti davam etdikcə Ermənistan tərəfinin bu təzyiqlərə davam gətirmədiyi, davam gətirə bilmək üçün əlində arqumentin olmaması da aydın şəkildə görünür. Bu səbəbdən də İrəvan geriləməyə başladığını dərk edir. Beləliklə, hər iki tərəfin ağıllı kompromisə meyillənmələrini görə biləcəyik. Məncə, Ermənistan tərəfində sınma nöqtəsi baş verir. Bu sınma nöqtəsini məğlubiyyət kimi qəbul edənlər də var. Həmin sınma nöqtəsi həm reallıqlar, həm də tarixi faktlar, tarixi ədalət qarşısında ermənilərin əl qaldırıb təslim olmağa başladıqları məqamı da özündə ehtiva edir. Bu, sözün əsl mənasında sınma nöqtəsidir. Zənnimcə, bütün bunların hamısı diqqətçəkən məqamlardır.

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.

Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Oxumağa davam et

Siyasət

Şarl Mişel: "Avropa İttifaqı vasitəçilik səylərini davam etdirəcək"

“Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcək”.

Publika.azxəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə deyib.

Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Oxumağa davam et

Siyasət

İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü keçirildi - FOTO - YENİLƏNDİ

Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.

Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.

Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.


xxx

18:41

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

xxx

17:21

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Brüsseldə həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır

Bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.

Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir.

Oxumağa davam et
Reklam

Gündəm