Rusiya bu məsələyə “qırmızı xətt” kimi yanaşır - Şərh - Publika.az
Bizi izləyin

Siyasət

Rusiya bu məsələyə “qırmızı xətt” kimi yanaşır - Şərh

“Etiraf etmək lazımdır ki, Ukrayna tərəfi Donetsk və Luqansk problemlərinin həlli ilə bağlı Minsk razılıqlarının şərtlərinə əməl etmək istəmir. Halbuki, məhz Ukraynanın keçmiş prezidenti Poroşenko hakimiyyəti dövründə Almaniya, Fransa və Böyük Britaniya ilə bir yerdə məlum problemlərin Minsk razılıqları kontekstində həllinə razılıq vermişdi. Bu gün Zelenski hakimiyyəti həmin şərtləri yerinə yetirməkdən boyun qaçırır”. 

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib. 

Ekspertin sözlərinə görə, 2008-ci ildə Gürcüstan olaylarında olduğu kimi, bu gün də NATO, xüsusilə ABŞ Ukraynanı bilərəkdən Rusiya ilə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynanın Rusiya ilə qarşıdurmaya təhrik edilməsində ikinci böyük rol Böyük Britaniyaya aiddir. Çünki Britaniya Avropa İttifaqından çıxdıqdan sonra Aİ ilə münasibətlərə yeni rakursdan baxır və  Rusiyanın Avropa enerji bazarlarında sıxışdırılması ABŞ kimi Britaniyanın da maraqlarına cavab verir. Əslində, Rusiya və NATO arasında yaşanan gərginliyin əsas səbəbi Ukrayna ilə bağlı deyil. Bu, Avropada nüfuz və təsir dairələri uğrunda gedən mübarizədir. Həm də məlum Şimal axını-2” vasitəsilə Avropa ölkələrinə axacaq Rusiya qazının nəqlinin qarşısını almaq istəyindən irəli gəlir. Çünki ABŞ və NATO gözəl başa düşür ki, məlum kəmərlər işlədikcə Rusiyanın hərbi gücü daha da artacaq. Təbii ki, hərbi gücün artması da NATO-ya problemləri zorakılıq yolu ilə həll etməyə imkan verməyəcək. Problemin kökündə dayanan amil budur. Digər tərəfdən, məhz Rusiyanın mövqeyi müəyyən mənada beynəlxalq hüquq normalarına istinad etmir. Çünki Rusiya Ukrayna və Gürcüstanın Qərbin təhlükəsizlik sisteminə, yəni NATO-ya inteqrasiyasına qarşı çıxır. Ukrayna və Gürcüstanın NATO-ya daxil ola biləcəyi ilə bağlı məsələyə Rusiya qırmızı xətt kimi yanaşır. Əgər bu ölkələr NATO-ya qəbul olunsalar, Rusiya da öz təhlükəsizlik maraqlarından çıxış edərək buna adekvat addımlar atacaq”.

E.Manafov vurğulayıb ki, bu gün beynəlxalq güclərin maraqları ucbatından beynəlxalq hüquq iflic vəziyyətinə düşüb: “Qarabağ problemində də danışıqların 30 il səmərə verməməsi məhz beynəlxalq güclərin məsələyə nüfuz etməsi idi. Lakin Azərbaycan təbii ki, əlverişli beynəlxalq vəziyyətdən istifadə etdi və özünün hərbi gücünə istinad edərək işğalda olan ərazilərini azad etdi. Yəni, iqtisadi və hərbi güc kimdədirsə, o da öz maraqlarını diktə edir. Burada da yaşanan gərginliyin əsas səbəbi Avropada təsir dairəsi və həmçinin Rusiyanın MDB məkanında nüfuz imkanlarını daraltmaq uğrunda gedən mübarizədir. Rusiya da dünyanın 10-cu iqtisadi və 2-ci hərbi gücü olaraq ona qarşı bu tip münasibətləri qəbul etmir. Açıq deyək ki, Rusiya özü də ABŞ-ı və NATO-nu hərbi güc tətbiq edəcəyi ilə hədələyir. Ona görə düşünürəm ki, bütün hallarda bu problemlər Rusiya, Ukrayna və Minsk qrupunun razılıqlarına imza atmış dövlətlərin iştirakı ilə danışıqlar masası arxasında həll oluna bilər”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.

Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Oxumağa davam et

Siyasət

Şarl Mişel: "Avropa İttifaqı vasitəçilik səylərini davam etdirəcək"

“Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcək”.

Publika.azxəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə deyib.

Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Oxumağa davam et

Siyasət

İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü keçirildi - FOTO - YENİLƏNDİ

Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.

Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.

Dövlətimizin başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.


xxx

18:41

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

xxx

17:21

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Brüsseldə həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır

Bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.

Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir.

Oxumağa davam et
Reklam

Gündəm