Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri - SİYAHI

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 10.01.2022-ci il vəziyyətinə görə məlumat yayıb.

Qurumdan Publika.az-a daxil olan məlumata görə işğaldan azad olunan ərazilərdə icra olunan yol infrastrukturu layihələri aşağıdakı kimidir:

1. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

- texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaq
yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu km-də körpülərin, 52, 71, 77, 78, 80-ci km-də tunellərin və 60, 68-ci km-də alt keçidlərin tikintisi aparılır.

2. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

- texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
- görülmüş işlər: 12-13 km-də torpaq yatağında qazma işləri, 12.8 km (10x5) və 13.3 km-də (6x5) suötürücü boruların inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 m təşkil edir. 12.8-13-cü km-də mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3. Kəlbəcər -– Laçın avtomobil yolu

- texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
- görülmüş işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

- texniki göstəriciləri: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 78%, torpaq yatağının və yol geyimi tikintisi işləri 20%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.

5. Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

- texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 27% icra olunub. Ümumi uzunluğu 6 km təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.
-
6. Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

- texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində ilk 37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi 6%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub. Ümumi icra vəziyyəti 24% təşkil edir.

7. Qubadlı - Eyvazlı avtomobil yolu

- texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. .

8. Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil

- texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 55%, yol geyimi 13%, boru və keçidlərin tikintisi 59%, körpülərin tikintisi 53% icra olunub.

9. Füzuli – Hadrut avtomobil yolu

- texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 70% icra olunub.

10. Hadrut-Tuğ-Azıx avtomobil yolu

- texniki göstəriciləri: 22,0 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
- görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1.4 km-lik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılir və yeni yol əsası inşa edilir.

11. Bərdə – Ağdam avtomobil yolu

- texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 49.6%, yol geyimi 13.5%, boru və keçidlərin tikintisi işləri 37.8%, körpülərin tikintisi 87.9% icra olunub.

12. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Yolun ilk 8.5 km və 10-22 km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Vətəndaşların qeydiyyatının ləğvi nə ilə nəticələnəcək? - RƏY

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatını ləğv edib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.

"Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsə də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır" - DİN rəsmisi qeyd edib.

Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, vətəndaşların müvəqqəti yaşadığı yer üzrə polis orqanlarında qeydiyyatlarının ləğvi onlara bəzi hüquqlarından istifadə etməkdə məhdudiyyət yaradır: “Vətəndaşın yaşayış yeri üzrə daimi və ya müvəqqəti qeydiyyatı ləğv edildikdə o, bəzi zəruri xidmətlərdən məhrum olur. Harasa işə gedəndə, şəxsiyyət vəsiqəsini alanda və ya dəyişəndə qeydiyyat yeri mütləq şəkildə tələb olunur. Bu prosedur insanların təməl hüquqlarının əllərindən alınmasına gətirib çıxarır. Adam kiçik bir arayış da ala bilmir. Sağlamlıqla bağlı tibb müəssisəsinə müraciət etdikdə də problem yaşanır. Xüsusilə də pensiya ala, tibbi sığortadan istifadə edə bilmir. Eyni zamanda seçkilər zamanı da bu hal öz mənfi təsirini göstərir. Məsələn, Qazaxda daimi qeydiyyatı olan şəxs ümumi seçkilər zamanı Bakıdan yüzlərlə kilometr yol qət edərək ora getməlidir. Çox yaxşı olardı ki, bu məsələ həllini tapsın və bu kimi problemlərlə qarşılaşmayaq".

Hüquqşünas qeyd edib ki, bununla yanaşı, hazırda ölkədə ən böyük problemlərdən biri də vətəndaşların yaşadıqları ərazi üzrə qeydiyyatlarının olmamasıdır: "Bunun əsas səbəbi ondan ibarətdir ki, vətəndaşlar kirayə mənzil götürdükdə bunu müqaviləsiz edirlər və orada müvəqqəti qeydiyyata düşə bilmirlər. Bundan başqa, çıxarışların alınmasında ciddi problemlər yaşanır. Hazırda ölkədə 60-70% insanın evinin çıxarışı yoxdur. Yeni inşa olunan göydələnlərdə demək olar ki, heç kəsin çıxarışı yoxdur. Kommunal ödənişlərin bildirişi gəlsə də, vətəndaş həmin evdə qeydiyyatda deyil". 

Şamil Paşayev əlavə edib ki, evlərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsinə ehtiyac var: "Vətəndaşların faktiki yaşadığı yer üzrə qeydiyyata alınması prosesinin də sadələşdirilməsi lazımdır. Polis orqanlarında müvəqqəti qeydiyyata düşən şəxslərə şərt qoyula bilər ki, 3-6 aydan bir faktiki yaşadıqları yerlə bağlı daxili işlər orqanlarına bildiriş göndərsinlər. Bu prosedur həyata keçirmədikdə qeydiyyatın ləğvi məsələsi gündəmə gələ bilər". 

Qeyd edək ki, şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o, polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna uyğun şəkildə təmin edilir.

Oxumağa davam et

Sosial

Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Deputat

“Azərbaycanda vətəndaş məmnunluğu dövlətimizin və hökumətimizin əsas prioritetlərindən biridir. Ölkəmiz davamlı olaraq sosialyönümlü siyasət həyata keçirməkdədir. Qəbul olunan büdcə layihələrində də biz bunun əyani sübutunu görməkdəyik”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımız üçün xüsusi yardım və sosial paketlər həyata keçirilməkdədir:

“Eyni zamanda, mütəmadi olaraq şəhid ailələri, qazilərimizin ailələri və müharibə veteranlarının bütün problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlar xüsusi proqramlar həyata keçirir. Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən bu kateqoriyadan olan insanlara lazımi dəstək göstərilir. Eləcə də həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə şəhid olan insanlarımızın ailələri mənzillərlə təmin olunur. Onlara birdəfəlik müavinətlər verilir, mütəmadi lazımi dəstək göstərilir. Bütün bunlarla yanaşı, qazilərimizin də mənzil problemi həll olunur. Onlara dövlətimiz tərəfindən avtomobillər verilir. Azərbaycanda və Türkiyədə qazilərimizin müalicələri təşkil edilir”. 

Millət vəkilinin sözlərinə görə, əməkhaqları, pensiyalar, təqaüdlər ölkə başçısının sərəncamları əsasında artırılır:

“Azərbaycan dövləti əldə etdiyi gəlirləri məhz vətəndaşlarımızın əməkhaqlarına, pensiyalarına, təqaüdlərinə əlavələr kimi xərcləyir. 2021-ci ilin dekabr ayında cənab Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncamlara əsasən, 2,5 milyondan çox insanı əhatə edən sosial paket həyata keçirildi. Əməkhaqlarında və təqaüdlərdə, pensiyalarda artımlar qeydə alındı. Həmçinin təqaüdlərdə də artımlar qeydə alındı. Eyni zamanda, minimum əməkhaqqı da artırıldı. Qlobal bahalaşma fonunda bu, yerində atılmış addımlar idi. Yəni, ərzaq qiymətlərindəki artımları da müəyyən dərəcədə kompensasiya etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin gəlirləri artdıqca həmin vəsaitlər vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək. Vətəndaşlarımızın sosial məmnunluğunun təmin olunması həmişə dövlətin əsas prioritet sahəsi olaraq qalacaq”.

Tural Turan  

Oxumağa davam et

Sosial

Operativ Qərargah məlumat yaydı: BU GÜN...

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 30 563 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 740, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.

Oxumağa davam et
Reklam

Gündəm