Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Yanvar ayının pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

“2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub”, - qeyd olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

"Azəriqaz" rəhbərliyi sahibkarlarla görüşdü - FOTO

"Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır".

Publika.az xəbər verir ki, bunu Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində Mingəçevir sahibkarları ilə keçirilən görüşü zamanı bildirib.

Aksiyada Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən istər sahibkarların, istərsə də adi vətəndaşların problemləri dinlənilib və onlara yerindəcə izahatlar verilib. Ümumilikdə 38-ci, sahibkarlarla isə 17-ci dəfə təşkil olunan aksiyaya üz tutan Mingəçevir şəhər sakini, 3-cü qrup əlil Aynaxanım Məmmədova maddi durumunda sıxıntı olduğunu bu səbəbdən də istehlak etdiyi təbii qaza görə yaranan borcu ödəməkdə çətinlik çəkdiyi üçün fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.

Aksiyada yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar iştirak ediblər. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan bütün müraciətlər aidiyyəti üzrə qeydə alınıb. Görüşdə Birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı "Azəriqaz" İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.

Oxumağa davam et

Sosial

Vətəndaşların qeydiyyatının ləğvi nə ilə nəticələnəcək? - RƏY

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatını ləğv edib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.

"Hazırkı araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsə də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır" - DİN rəsmisi qeyd edib.

Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, vətəndaşların müvəqqəti yaşadığı yer üzrə polis orqanlarında qeydiyyatlarının ləğvi onlara bəzi hüquqlarından istifadə etməkdə məhdudiyyət yaradır: “Vətəndaşın yaşayış yeri üzrə daimi və ya müvəqqəti qeydiyyatı ləğv edildikdə o, bəzi zəruri xidmətlərdən məhrum olur. Harasa işə gedəndə, şəxsiyyət vəsiqəsini alanda və ya dəyişəndə qeydiyyat yeri mütləq şəkildə tələb olunur. Bu prosedur insanların təməl hüquqlarının əllərindən alınmasına gətirib çıxarır. Adam kiçik bir arayış da ala bilmir. Sağlamlıqla bağlı tibb müəssisəsinə müraciət etdikdə də problem yaşanır. Xüsusilə də pensiya ala, tibbi sığortadan istifadə edə bilmir. Eyni zamanda seçkilər zamanı da bu hal öz mənfi təsirini göstərir. Məsələn, Qazaxda daimi qeydiyyatı olan şəxs ümumi seçkilər zamanı Bakıdan yüzlərlə kilometr yol qət edərək ora getməlidir. Çox yaxşı olardı ki, bu məsələ həllini tapsın və bu kimi problemlərlə qarşılaşmayaq".

Hüquqşünas qeyd edib ki, bununla yanaşı, hazırda ölkədə ən böyük problemlərdən biri də vətəndaşların yaşadıqları ərazi üzrə qeydiyyatlarının olmamasıdır: "Bunun əsas səbəbi ondan ibarətdir ki, vətəndaşlar kirayə mənzil götürdükdə bunu müqaviləsiz edirlər və orada müvəqqəti qeydiyyata düşə bilmirlər. Bundan başqa, çıxarışların alınmasında ciddi problemlər yaşanır. Hazırda ölkədə 60-70% insanın evinin çıxarışı yoxdur. Yeni inşa olunan göydələnlərdə demək olar ki, heç kəsin çıxarışı yoxdur. Kommunal ödənişlərin bildirişi gəlsə də, vətəndaş həmin evdə qeydiyyatda deyil". 

Şamil Paşayev əlavə edib ki, evlərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsinə ehtiyac var: "Vətəndaşların faktiki yaşadığı yer üzrə qeydiyyata alınması prosesinin də sadələşdirilməsi lazımdır. Polis orqanlarında müvəqqəti qeydiyyata düşən şəxslərə şərt qoyula bilər ki, 3-6 aydan bir faktiki yaşadıqları yerlə bağlı daxili işlər orqanlarına bildiriş göndərsinlər. Bu prosedur həyata keçirmədikdə qeydiyyatın ləğvi məsələsi gündəmə gələ bilər". 

Qeyd edək ki, şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o, polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna uyğun şəkildə təmin edilir.

Oxumağa davam et

Sosial

Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Deputat

“Azərbaycanda vətəndaş məmnunluğu dövlətimizin və hökumətimizin əsas prioritetlərindən biridir. Ölkəmiz davamlı olaraq sosialyönümlü siyasət həyata keçirməkdədir. Qəbul olunan büdcə layihələrində də biz bunun əyani sübutunu görməkdəyik”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımız üçün xüsusi yardım və sosial paketlər həyata keçirilməkdədir:

“Eyni zamanda, mütəmadi olaraq şəhid ailələri, qazilərimizin ailələri və müharibə veteranlarının bütün problemlərinin həlli ilə bağlı aidiyyəti qurumlar xüsusi proqramlar həyata keçirir. Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən bu kateqoriyadan olan insanlara lazımi dəstək göstərilir. Eləcə də həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə şəhid olan insanlarımızın ailələri mənzillərlə təmin olunur. Onlara birdəfəlik müavinətlər verilir, mütəmadi lazımi dəstək göstərilir. Bütün bunlarla yanaşı, qazilərimizin də mənzil problemi həll olunur. Onlara dövlətimiz tərəfindən avtomobillər verilir. Azərbaycanda və Türkiyədə qazilərimizin müalicələri təşkil edilir”. 

Millət vəkilinin sözlərinə görə, əməkhaqları, pensiyalar, təqaüdlər ölkə başçısının sərəncamları əsasında artırılır:

“Azərbaycan dövləti əldə etdiyi gəlirləri məhz vətəndaşlarımızın əməkhaqlarına, pensiyalarına, təqaüdlərinə əlavələr kimi xərcləyir. 2021-ci ilin dekabr ayında cənab Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncamlara əsasən, 2,5 milyondan çox insanı əhatə edən sosial paket həyata keçirildi. Əməkhaqlarında və təqaüdlərdə, pensiyalarda artımlar qeydə alındı. Həmçinin təqaüdlərdə də artımlar qeydə alındı. Eyni zamanda, minimum əməkhaqqı da artırıldı. Qlobal bahalaşma fonunda bu, yerində atılmış addımlar idi. Yəni, ərzaq qiymətlərindəki artımları da müəyyən dərəcədə kompensasiya etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin gəlirləri artdıqca həmin vəsaitlər vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək. Vətəndaşlarımızın sosial məmnunluğunun təmin olunması həmişə dövlətin əsas prioritet sahəsi olaraq qalacaq”.

Tural Turan  

Oxumağa davam et
Reklam

Gündəm