Xəbərlər - Publika.az
Bizi izləyin

Xüsusi

Kreml Bakının etirazını qəbul etdi: Komandan buna görə dəyişdirildi – DETALLAR

Son günlər Rusiya sülhməramlılarının nəzarət bölgəsində separatçıların təxribat xarakterli fəallığı artıb. Onlar Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı hərbçilərin ətəkləri altından müxtəlif tərxibatlara əl atırlar. Bundan başqa, Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Vahid Rusiya partiyasının sədrinə qanunsuz səfərlərlə bağlı etiraz məktubu göndərmişdi. Bunun nəticəsində Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu. Andrey Volkov Gennadi Anaşkinin yerinə gətirildi. Eyni zamanda regionda bir sıra əhəmiyyətli hadisələr də baş verdi. 

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində baş verənlərin pərdəarxası məqamlarına toxunub. 

- Tofiq müəllim, Prezident İlham Əliyevin Dmitri Medvedevə etiraz notasından sonra Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların komandanı dəyişdirildi. Sizcə, Moskva niyə Anaşkini Volkovla əvəzlədi?

- Düşünürəm ki, Qarabağda sülhməramlıların komandanının dəyişdirilməsi Bakının Moskvaya son etirazından sonrakı proseslərlə bağlıdır. Gəlin, açıq danışaq, Azərbaycan bu məsələdə söz sahibidir. İcazəsiz səfərlər olurdu, kimlərsə gəlib-gedirdi. Bəzən sülhməramlıların nəzarət bölgəsində hansısa ermənipərəst addımların atılması Azərbaycanın siyasi narazılığına səbəb olur. Bu da təbiidir. Biz görürük ki, Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə baş verənlərlə bağlı bütün məsuliyyət onların komandanına aiddir. Bizim tələbimiz odur ki, digər iş üslubu tətbiq edilsin. Hesab edirəm ki, Qarabağda sülhməramlıların komandanını dəyişməklə bu məsələ yenə də həll olunmayacaq. Çünki bizim əsas məqsədimiz ondan ibarətdir ki, orada Azərbaycanın sərhəd məntəqəsi fəaliyyətə başlasın. Artıq təhlükəsizliklə bağlı məsələlər öz həllini tapıb. Biz görürük ki, rusiyalı sülhməramlılar əhalinin təhlükəsizliyini təmin edirlər. Bu baxımdan sərhəd məsələləri, giriş-çıxış funksiyası və ya iqtisadi mühitin qorunması funksiyasını sülhməramlılar yox, Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. Hesab edirəm ki, artıq bu məsələ yenidən aktuallaşıb. Ona görə də düşünürəm ki, Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə Rusiya sonuncu dəfə söz verir ki, bütün bu məsələlər düzələcək. 


- Qazaxıstanda baş verən hadisələr fonunda Prezident Kasım-Jomart Tokayev bildirdi ki, sülhməramlılar orada da missiyalarını başa vurmaqdadır və bir neçə gün sonra gedəcəklər. Qardaş ölkədə bundan sonrakı proseslər hansı fonda cərəyan edəcək?

- Mən əvvəllər də bildirmişəm ki, Qazaxıstanda baş verənlər bir növ xaricdə olan hansısa qüvvələrin fəaliyyəti nəticəsində reallaşıb. Bəyanatlar verilirdi ki, guya 20 minlik “boyoviklər”, yaraqlılar Qazaxıstana gəlib, amma onlardan ölənlər də tapılmadı. Bunu bir çoxları müşahidə etdi. Bütün bunlar onu göstərirdi ki, bu cür fikirlər hansısa doğru vəziyyəti yox, təbliğatı sərgiləyir. Qazaxıstanda baş verənlər ilk növbədə Çin faktoru ilə bağlıdır. Çünki ABŞ-la Çin arasında gərginlik artır. Açıq şəkildə bəyan olunub ki, Çin Amerika Birləşmiş Ştatlarının rəqibidir. Bu baxımdan Rusiyanın mövqeyi çox vacibdir. Nəzərə alaq ki, hərbi imkanlarına görə Rusiya dünyada ikinci ölkədir. Bu mənada Moskvanın da mövqeyindən çox şey asılıdır. Yəni, Rusiya kimin tərəfində olacaq; Çinin, Birləşmiş Ştatların, yoxsa Kreml bu məsələlərdə neytral qalacaq?! Rusiya bunu hiss etdikdə bir sıra mövzuları ortaya, gündəmə gətirir. O cümlədən, Cenevrədə təhlükəsizlik məsələləri müzakirə olunur. Bu yaxınlarda həllini tapmış “Şimal axını” layihəsinə baxaq. Biz görürük ki, sanki Qərb bu məsələdə Rusiyaya güzəştə gedib. Bəyanatlar kəskin olsa da, real addımlar fərqlidir. Eyni zamanda, Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu yerləşir. 

- Uyğurlarla bağlı məsələ indiki məqamda kim üçün daha həssasdır?

- Təbii ki, bu da Çin üçün çox həssas məqamdır. Bilirik ki, Qazaxıstan Çinin həmin qərb bölgəsi ilə həmsərhəddir. Bu baxımdan regionda hansısa böyük oyunlar, hadisələr gedir. Nazarbayev və onun tərəfdaşları ilə bağlı fikirlər səsləndirilsə də, biz görürük ki, əməldə, ortada bu məqamlarla bağlı heç nə yoxdur. Bunu hamı hiss etdi. Ona görə də ortaya digər mövzular da atılır. Guya Sovet İttifaqı bərpa olunur. Bu da həqiqətəuyğun deyil. Amma Birləşmiş Ştatlarla Rusiya arasında hansısa mövzularda siyasi alver gedir. Bunu açıq şəkildə hiss etmək mümkündür. 

- Orta Asiya regionunda baş verənlərlə bağlı Türk Dövlətləri Təşkilatının bundan sonrakı mövqeyi necə olacaq? 

- Bilirsiniz, bizim üçün əsas təhlükə əvvəlki dövrlərdə Qarabağla bağlı idi. Biz gördük ki, dünyanın əsas oyunçuları Azərbaycanın gündəmini qəbul etdilər. Yəni, artıq “status” barəsində hər hansı fikirlər eşitmirik. Bu baxımdan hiss olunur ki, Azərbaycan-Türkiyə birliyi, o cümlədən Rusiya-Türkiyə tandemi Qarabağla bağlı hazırkı vəziyyəti təsdiqlədib. Hiss olunur ki, artıq bir çox oyunçular bu fikirləri qəbul ediblər. Fransanın mövqeyi istisna olmaqla, sanki Qərb bu nüanslara bitmiş məsələ kimi baxır. Yəni, Azərbaycanla bağlı bu təhlükə artıq öz əhəmiyyətini itirib. O ki qaldı Turan proseslərinə, bilirsiniz, indiki mərhələdə Azərbaycan-Türkiyə birliyi mövcud prosesin əsas elementidir. Orta Asiya ölkələrində bu proses hələ yeni başlayır. Bəlkə də Qazaxıstandakı axırıncı hadisələrdən sonra orada Turan ideologiyasının güclənməsi gözlənilən olacaq. Hətta Özbəkistanda da. Yəni, həmin proseslər hələ də gələcəklə bağlıdır, çünki yetərincə formalaşmayıb. 

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Xüsusi

Burada 1000 manata avtomobil ala bilərsiniz, 2 manata isə... - MARAQLI FAKTLAR - FOTO

Budəfəki həmsöhbətim Litvada yaşayan soydaşımız Nicat Ağayevdir. O, Litvada həm təhsil alır, həm də işləyir. Şirvan şəhərində doğulub. Universiteti də burada bitirib. Nicat Ağayev Azərbaycanı Litvada fəal şəkildə təmsil edənlərdəndir. Hətta 44 günlük Vətən müharibəsi dönəmində paytaxt Vilnüsdə “Qarabağ Azərbaycandır!”, “Pray for Ganja”, “Barda” plakatları ilə təkbaşına aksiyalar keçirib, Azərbaycan həqiqətlərini Litva ictimaiyyətinin diqqətinə çatdırıb. 

Publika.az Litvada yaşayan soydaşımız Nicat Ağayevlə müsahibəni təqdim edir.

- Nicat, Litva təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Oraya nə üçün getmisiniz? Eşitdiyimizə görə, Litvada ucuz avtomobillər çoxdur...

- Mən Avropada bir il könüllü oldum. Litvanın Mariampol şəhərindəki məktəblərin birində informatika müəllimi işləyirdim. Şagirdlərə videomontaj və fotomontaj dərsləri keçirdim. Həmin müddətdə Mariampol şəhərində qalırdım. Orada istər-istəməz ucuz qiymətə təklif olunan avtomobillərin içərisinə düşdüm. Mariampol bir növ Litvanın maşın bazarıdır. İnsanlar daha çox maşınların alışı və satışı ilə məşğuldur. Ora Avropanın ən ucuz maşın bazarıdır. Hətta bir-dörd motor, 2006-cı il buraxılışlı “Opel”i 500 avroya almaq mümkündür. Yəni, benzil, dizel fərqi yoxdur. Hətta 800-1000 avroya iki-beş, bir-beş motorlu normal avtomobillər almaq mümkündür. Söhbət 2004-2005 istehsallı avtomobillərdən gedir. İnsanlar satdıqları maşınlara araşdırmadan, öz ehtiyaclarına uyğun qiymət qoyurlar. Eyni “mood”da olan avtomobili 800 avroya da ala bilərsən, 1000 avroya da... yəni, hərə öz kefinə uyğun qiymətlər qoyur (gülür). Mən də bir-dörd motor avtomobil almışam. “Renault”dur, 600 avroya razılaşdıq. 300 avroluq da xərcim çıxdı. 2010-cu ilin “Renault”u 1200 avrodur. 

- Avropada qiymətlər necədir? 

- Avropada qiymətlər çox ucuzdur. Orada LIDL adında mağazalar şəbəkəsi var. Təsəvvür edin ki, 10 ədəd yumurtanın qiyməti 70 sentdir. Toyuq ətinin qiyməti də ucuzdur. 4 köftənin qiyməti 35 sentdir. Avropanın hər yerində LIDL məhsullarının qiymətləri eynidir. Hər şey sənin yaşayış lüksündən asılıdır. Məsələn, baton çörəklər 19 sentdən başlayır. Amma adam var ki, 59 sentlik baton çörəyi alır. Mən ikisini də alıb yoxlamışam. İkisinin də dadı eynidir. Orada yaşayış imkanları sənin necə yaşamaq istəyinə daha çox bağlıdır. Bizim bir qız dostumuz var, o, heç zaman 19 sentlik çörək almır. Eyni şeyin daha bahalısına, brendlərə üstünlük verir. Litvada “Kliver” adlı bir şirkət var, onların heç yerdə emblemi, reklamı yoxdur. Ona görə də qiymətləri çox ucuzdur. 19 sentlik çörək həmin “Kliver”indir. Loqolarına rəng xərcləmirlər. Sellofanları, qabları sadədir. Ona görə də qiymətləri sadədir. Kasıblar da orada brend malların keyfiyyətində məhsullar istehlak edə bilirlər. 

- Litvada yaşamaq bahalıdır?

- Ucuzdur. Hətta Azərbaycanda işləyərək Litvada ailə saxlamaq olar. Litvada uşaqlar üçün idman komplekslərinin qiyməti aylıq 4 avrodur. Bizim pulla 8 manat. Ona yemək, müəllim xidmətləri, idman alətləri və s. daxildir. Uşaq 1 ay gedir və ayda cəmi 4 avro ödəniş edilir. Həmin kompleksin içərisində saunalar, 12 cür hamam da var. Tələbələr üçün saunalar 1,5 avrodur, yəni 3 manatdır. Böyüklər, tələbə olmayanlar üçün saatı 3 avrodur. Halbuki Azərbaycanda saunaya gedəndə adama 30-40 manatımız çıxır. Amma “LIDL-Litva”da qiymətlər ucuzdur. Hətta pensiyaçılar üçün 80 faizə qədər endirimlər var. Nəqliyyat sistemlərində tələbə kartınız varsa, 50 faizlik endirimdən istifadə edə bilərsiniz. Yaşlılar üçün endirim 80 faizdir. Hətta müəyyən yaşdan sonra pulsuzdur. 


- Burada son dövrlər oğurluqların sayı artıb. Orada da oğurluqlar çoxdurmu?

- Azərbaycanda olarkən mənim işlədiyim kafeyə bir nəfər oğurluğa girmişdi. İçkili biri idi. Qolunu kəsmişdi və çıxıb getmişdi. Ağlı başında olan adam Litvada oğurluq etməz. Mənim işlədiyim kafenin yerləşdiyi səmtdə cəmi 3000 nəfər əhali yaşayır. Orada çoxlu qaraçılar var, hansı ki, oğurluğu da çox onlar edir.

- Litvada iş adamlarımız varmı? 

-  Azərbaycanlı iş adamları var, amma çoxu bir-biri ilə sıx əlaqəli deyil.


- 44 günlük müharibə dövründə Litvada idiniz? Orada bizimkilərin ab-havası necə idi?

- Təxminən müharibənin ortalarında Litvada idim və təşəbbüs irəli sürdüm ki,  “Qarabağ Azərbaycandır!” şüarı ilə bir yürüş gerçəkləşdirək.  Heç kimdən səs çıxmadı deyə, təkbaşıma paytaxt Vilnüsdə “Qarabağ Azərbaycandır!”, “Pray for Ganja”, “Barda” plakatları ilə “McDonald's”ın qarşısında və mərkəzi küçələrdə yürüş təşkil etdim. 

- Orada ölkəmizin təbliğatını necə aparırsınız?

- Bir il Kalvarija gimnastikasında video və fotodizayn dərsləri keçmişəm. Bu müddətdə vətənimizi layiqincə təmsil etmişəm. Ölkəmiz haqqında suallara pozitiv cavablar verirdim. Ermənistan-Azərbaycan problemləri, Qarabağ döyüşləri, ermənilərin azərbaycanlılara qarşı soyqırımıları, erməni vəhşilikləri haqqında litvalı tələbələri məlumatlandırmışam. Hansı ki, litvalılar xalq olaraq azərbaycanlılara qarşı müsbət fikirdədir. Yaşlı nəsil demək olar ki, Ermənistan-Azərbaycan məsələsində tamamilə Azərbaycanın tərəfindədir. Çünki 80-ci illərin sonlarındakı milli azadlıq mübarizəmiz litvalılarla oxşardır. 


- Litvada erməni diasporu güclüdürmü?

- Bəli, Litvada erməni  diasporu güclüdür. Məsələn, kiçik şəhər var - Mariampol,  orada “Armenia” adlı kafeləri də var. Hətta ən turistik şəhərlərdə “Yerevan” adlı kafeləri mövcuddur. Onu da deyim ki, bizim milli kababımıza Litvada “Armenski şaşlık” deyirlər.

- Litvada milli mətbəximizdən ibarət kafe və restoranlar varmı?

- Xüsusi olaraq sırf bizim mətbəx yoxdur, ən azından orada olduğum müddətdə görməmişəm. Amma bizim kafenin adı “Eurazija” idi. Yəni Avropa və Azərbaycan idi. Sonra həmin kafenin adını dəyişdik. “Baku” elədik, çünki düz yanımızda “Yerevan” kafesi var idi.

- Baltik sahillərində təhsilin səviyyəsi necədir?

- Litvadakı dövlət universitetlərində, xüsusən də mənim təhsil aldığım universitetdə -  “Alytaus kolegija”da  təhsil yüksək səviyyədə deyil. Buna baxmayaraq, rüşvət deyilən şey də yoxdur.

- Litvalıların yeməklərini yemək olurmu?

- Litvalıların yerli yeməkləri dəhşətli dərəcədə azdır. Ən məşhurları isə “çepelini”, bir də çəhrayı rəngdə suplardır - “saltibarsciai” adlanır. Həmin yemək çox dadlıdır. Dadı bizim atlamaya bir az oxşayır, amma onun içində çuğundur olur. 

Açığını desəm, litvalıların dostluq bağları yox dərəcəsindədir. Qohumlarına da istiqanlı deyillər. Cümə günü axşamdan başlayaraq bazar ertəsi səhər işə gedənə qədər bu insanlar sərxoş olurlar. Ölənə qədər içirlər (gülür). Özü də oğlan-qız fərq etmir. Orada içməyən və siqaret çəkməyən çox az adam var. Ata ilə övlad bir evdə qalmır. Bəxtəbəxt bir yerdə kafeyə gəlsələr də, hesablarını ayrı-ayrı ödəyirlər. Atalar da, oğullar da bu qədər soyuqdur. Deməli, işçimizin sevgilisi vəfat etmişdi. Oğlanın anası dostları ilə yasa gəldi, başsağlığı mərasimini suşi, pizza və spirtli içkilərlə qeyd edib getdilər. 

- Litvada əsasən hansı sahələr daha yaxşı inkişaf edib? 

- Ölkənin əsas inkişaf edən şəhərləri Kaunas və Vilnüsdür. Sənaye və iş imkanları, gəzinti üçün Klaypeda şəhəri daha çox inkişaf edib. Mənə görə ən gözəl şəhər Nidadır. Ağ qumları ilə məşhurdur. Düz Baltik dənizinin sahilində yerləşir. Ekosistemi olan şəhər hesab olunur. Rəngli və özünəxas memarlığı ilə diqqət çəkən evləri var. 

Konkret deyə bilməyəcəm ki, Litvada daha çox nələr inkişaf edib. Çünki mükəmməl bir sistem var və həqiqətən də qurulan sistem düzgün işləyir. Amma əkinçilik bir az yayğındır.

- Başınıza gələn ən maraqlı hadisə...

- “Otostop” çəkirdim, avtomobilə əl edib saxlatdım. Birdən bir “Opel” saxladı. Sürücü qayıtdı ki, Sumqayıta gedirsən? Bir anlıq çaşıb qaldım. Sonra gülüşdük...

 - Litvalı qızlarla ünsiyyət qurmaq asandırmı?

- Yox (gülür)... nəinki qızlar, elə oğlanlarla da dil tapmaq çox çətindir. Səbəbi odur ki, dostluq bağları yoxdur. İnsanları daha yaxına buraxa bilmirlər. Buna öyrəşə bilməyiblər, yəni, bizim kimi istiqanlı və qonaqsevər deyillər. Amma litvalı qızlar çox müasir geyinən, uzun saçlı, sırğa taxan oğlanlara maraq göstərmir. Daha çox sadə saç düzümlü və belə demək mümkünsə, “maço” kişiləri sevirlər. Hətta başıma gələn bir hadisəni danışım; Deməli, bağçanın kənarında oturub uşaqların oynamasına baxırdım, qız dostum gəlib dedi ki, çox baxma, müəllimlər səni pedofil zənn edə bilərlər. Onun bu sözlərinə də çox heyrətlənmişdim. Məsələn, Litvada bir yad uşağı öpmək və ya ona toxunmaq, hətta balaca uşağa diqqətlə baxmaq pis qarşılana bilər. 

- Yəni, istiqanlı deyillər...

- Situasiyaya görə dəyişir. İçəndən sonra litvalıları tanımaq olmur (gülür). Dost, qardaş olurlar. Qucaqlaşmaq, öpüşmək...  Amma ayıq olanda salam belə vermirlər. Təbii ki, hər kəs belə deyil, insandan insana dəyişir. Yəni, görünüşə görə çox şeylər dəyişir. Qısa saçı olan oğlanın üstünlükləri deyə bilərəm ki, daha çoxdur (gülür). 

- Nicat, bəs, gənclərin əyləncəsi, məşğuliyyətləri nələrdir?

- Litvada insanların əsas əyləncəsi basketboldur. Tennisə də maraq böyükdür. Amma daha çox basketbolu sevirlər. Bir qədər futbola maraq var, yəni, hobbiləri sırasına daxildir. Di gəl ki, futbol orada bizdəki kimi məşhur deyil. 

- Yəqin ki, orada erkən nikahlar olmur bizdəki kimi... Gənclər ali təhsilə meyllidir? Ən populyar sahə hansıdır?

- Yox, orada da da erkən nikahlar var. Məsələn, bizim yaşda olanlar, yəni 25-30 yaşlı əyalət insanlarının, rayonlarda yaşayanların 3-4, 5-6, hətta 7-8 qardaş-bacıları var. Bu cür çoxuşaqlı ailələr sovet dövrünün sonlarına təsadüf edənlərdir. Amma indi bu tendensiya təmiz dəyişib. Azuşaqlı ailələr daha çox üstünlük təşkil etməkdədir, üstəlik, nikah məsələsi belə demək mümkünsə, dəbdə deyil. Hamı biri və bir neçəsi ilə yaşayır, amma ortada nikah yoxdur. Çoxları belədir. Səbəbi də odur ki, boşanma prosesi vaxt aparır. Əlavə prosedurlar tələb edir deyə, cütlüklər nikaha girmirlər. Eyni zamanda, oxuyanları, ali təhsil almaq istəyənləri gündüzlər çıraqla gəzib tapa bilərsiniz. Gənclərin böyük əksəriyyəti məktəbi bitirdikdən sonra peşə məktəblərinə gedir. Universitet oxuyan və ya kollecdə təhsil alanların sayı dəhşətli dərəcədə azdır. Cavanların çoxu başqa ölkələrdədir və Litvanı, ölkənin imkanlarını sevmirlər.

- Siz litva dilini bilirsinizmi?

- Çox az. Hətta dəhşətli dərəcədə az bilirəm. Ancaq sifarişlə bağlı sözləri öyrənmişəm (gülür). İnsanlarla ünsiyyəti ilk olaraq litva dilində, yaşlı nəsillə rusca, gənclərlə daha çox ingiliscə ünsiyyət qururam. 

- Şuşanın azad olunması xəbərini harada eşitdiniz və qürbətdə hansı hissləri keçirdiniz?

- 44 günlük müharibə dövründə qələbə əhval-ruhiyyəsi ilə yanaşı, stress də yaşayırdıq. Çünki internetin qısıtlanmasından dolayı, ailələrimizlə danışa bilmirdik. Amma qələbə sevincini eşidəndə sevincdən uçurduq. Şuşa alınan gün azərbaycanlı dostlarımla Kaunas şəhərində toplaşdıq və gözəl şəkildə qeyd etdik. Açığı, Şuşa alınanda keçirdiyim hissləri sözlərlə ifadə edə bilmirdim. Çünki Ülkər adlı qızla eyni məkanda oturub ancaq xəbərləri oxuyurduq və Prezident çıxış edəndə özümüzdən asılı olmayan sevinc göz yaşları içində idik. O günə kimi nə qədər qohum, nə qədər tələbə və  əsgər yoldaşlarım şəhid olmuşdu. Qarışıq hisslər içərisində idik. 

Tural Turan

Oxumağa davam et

Xüsusi

İki ayağını itirən tanınmış azərbaycanlı xanımdan həyat dərsi: Allahdan ən çox istəyim... - MÜSAHİBƏ - FOTO

Mənim dünyamda qadın hüdudsuz güc, solmayan günəş deməkdir. Bir yanı tükənsə də, digər tərəfindən dünyaya enerji paylayır. Ən çox da öz kölgəsində nəfəsini dərib, yoluna davam edən. Yorulanda öz əlindən tutub qaldıran, ən çox da özünü xoşbəxt etmək istəyəndir qadın.

Uşaq ikən itirdiyi ayaqları üzərində bu gün də dimdik durmağı bacaran, hətta üstəlik dikdaban ayaqqabı geyinib ehtiyacı olanlarının köməyinə qaçacaq qədər vəfalıdır qadın.

Publika.az-ın həmsöhbəti Vəfa Aktuz qadın olmağın, insan olmağın düsturunu yazır. 

- Vəfa xanım, illərdir,  yüzlərlə insana həm hüquqi, həm də mənəvi dəstək olursunuz.

- Bildiyiniz kimi mən 2008-ci ildə Azərbaycanda “Gülüstan” kimsəsiz uşaq və qadınlara yardım ictimai birliyi qurmuşdum. Birlik bu gün də fəaliyyət göstərir və mən sədriyəm. Təşkilat yarananda hər kəs elə düşünürdü ki, adından da məlum olduğu kimi sadəcə maddi və mənəvi yardıma möhtac uşaq və qadınların himayəsi ilə məşğuluq. Lakin  kimsəsiz kəliməsinin çox geniş anlamı var. Kimsəsiz olmaq sadəcə ətrafinda onu sevən insanların olmaması və maddi durumunun aşağı olmasına dəlalət deyil. İnsan var ki, ətrafında yüzlərlə sevəni var, lakin iç dünyasında kimsəsizdir. Daxili aləmini kimsə bilmir, qəlbində  yalnızdır. Maddi imkanı var lakin könlü o qədər kasıbdır ki, zənginliyinə baxmayaraq nəfsi pis yola düşməyə vadar edir. Bu istiqamətdə mən qadın həbsxana müəssisəsində uzun illər layihələr həyata keçirmişəm. Eyni zamada Bakı küçələrində fahişəliklə məşğul olan qadınlarla mütəmadi görüşürdüm ve çox şükür ki, gözəl nəticə əldə edirdik. Leyla xanım, biz azərbaycanlılarda mənəviyyat hissi yüksəkdir. Bəli, mən də bu xalqın nümayəndəsiyəm, lakin bir az fərqliyəm. Bu yaşımadək heç vaxt yanılmamışam. Bir yola çıxıramsa, bu işi Allahın rızasını, rəhmətini qazanmaqçün edirəm. Rəbbim mərhəmətini endirir, odur ki, ən çətin situasiyaları, müşkül məsələlərin həllini tapmaq mənə xüsusi zövq verir. Bir insanın ümidi olmaq dünya qədər dəyərlidir.

Aucune description disponible.

- Hətta Türkiyə vətəndaşı ilə ailə qurub Azərbaycandan getməyiniz də fəaliyyətinizə mane olmadı...

Ailə qurduqdan sonra İstanbula köçdük burada da boş dura bilməzdim. Türkiyə ərazisinin tələbə yataqxanalarında universitet tələbələrinə ünvanlanmış motivasiya seminarları və konfranslar verirəm. Amma əlbəttə ki, əsas məsələm insanlara insanca yanaşmaqdır.

Nə gözəl ifadə etdiniz...

- Bunun açıqlaması odur ki, insan hər zaman möhtac varlıqdır. Güclü olduğu qədər zəifdir. Mən həmişə gücü, ümidi tükənmişlərin yanında olmağa çalışıram. Peyğəmbərimiz Həzrəti Məhəmmədin bir hədisi-şərifi var. Buyurur ki, kim gündüzü qaranlığa keçmiş insanların həyatında bir şam yandırarsa, Allah da onun axirətində gecəyə çevrilən gündüzünü aydınlıq edər.

- Xüsusən də bu gün qadınlarmızın çoxu çıxılmaz durumdadırlar. Amma səslərini cəmiyyətə çatdıra bilmirlər. 

- Yəqin xəbərdarsınız ki, bəzi qadınları fabrikdə, zavodda çalışmaq adı ilə gətirib, insan alverinə qurban gedirlər. Yaxud öz vətənində yol verdiyi bir səhv ucbatından el-obasından buraya qaçıb, yaşlı şəxslərlə evlənirlər. Bu evlilik boyu zorakılığa məruz qalırlar, ailədaxili şiddət, ölüm hallarınadək gedib çıxır. Hazırda bu istiqamətdə bir çox işlər görürəm. 50-yə yaxın qadınımızı dövlət orqanlarının köməyilə Azərbaycana göndərmişik. Özü də təkcə azərbaycanlılar deyil, qırğız, özbək və sair millətlərdən olan çoxlu sayda qadınları bu acınacaqlı durumdan xilas edirik. Bu işimi fövqəladə bacarıq saymıram, çünki bəzi insanlar yaradılışdan zəifdirlər. Düşdüyü çuxurdan çıxmağı bacarmır. Bəlkə də bacarar, amma el qınağından qorxur. Bu qorxu böyüdükcə getdiyi yolu da azır, bir çox səhvlərə yol verir. Doğrudur, insan hər zaman ümid ve qorxu arasında olmalıdır.

Aucune description disponible.

- Bildiyim qədərilə Türkiyənin siyasi həyatında da yanından iştirak edirsiniz.

- İşlədiyim istiqamətlər o qədər genişdir ki, haradan başlayacağımı bilmirəm. 2018-ci ildə AK partiyada millət vəkili namizədliyimi irəli sürmüşdüm. Müsbət nəticə olmasa da, siyasətə qatılmağım üçün uğurlu addım oldu. Hazırda Türkiyənin Yenidən Rifah Partiyasının beynəlxalq münasibətlər üzrə başqan müaviniyəm. Eyni zamanda "Dörd Ünsur" dərnəyinin rəhbəriyəm.

- Vəfa xanım, bütün cəmiyyətlərin sizin kimi ruhən, cismən güclü qadınlara ehtiyacı var. Bəlkə sıfırdan başlamaqdan qorxan xanımlarımıza sözlərinizlə şəfa olasınız?

- Leyla xanım, qadın böyük qüvvədir. Qadın cəmiyyəti abad da edər, bərbad da... Çox gözəl sual verdiniz. Əslində elə deyil, sadəcə güclü olmalıyam başqa seçim yoxdur. Bilirsiniz, mənim içimdə ikinci Vəfa da var. Üç il öncə bədənimin bir neçə hissəsində qızartı və qaşınma var idi. Öncə ciddiyə almadım, daha sonra bu vəziyyət ağırlaşdıqca, həkimə getmək ehtiyacı hiss etdim. Həkim dedi, həddən artıq üzüntü və stress nəticəsində yaranmış haldır. Gülərək cavab verdim ki, əsla stress, ya da üzüntü keçirmirəm. Evə qayıdarkən yolun bir küncündə oturub düşündüm ki, ruhumu çox yormuşam. İçimdəki Vəfa tükənib. Nə qədər cismim mübarizə aparsa da, gerçəkləri heç bir şəkildə gizlətmək olmur. Zəif insan olmaq mənim prinsiplərimə, həyat tərzimə tamamilə tərsdir. Çünki həyat mübarizədən ibarətdir. Əlbəttə, bu yaşadığımız həyatda hər şey istədiyimiz kimi gedə bilməz, getməməlidir. Çünki Allah bu həyatı gözəl yaradıb. Elə ağacları misal çəkim, qəhvəyi rengin yaşılla sintezidir.  Onu gözəl edən də budur. Halbuki adi halda yaşılla qəhvəyi tamamən uyğunsuz rənglərdir.

Yaxud atom ilə molekul, biri müsbət, digəri neqativ, gecə və gündüz, qışlaq, yay və s...

Aucune description disponible.

- Sizin haqqınızda oxucularımıza qısa məlumat vermək istərdim. Uşaq ikən faciə nəticəsində hər iki ayağınızdan məhrum olsanız da bu gün hamımızdan möhkəm addımlarla irəliləyirsiniz. Özü də dikdaban ayaqqabı ilə…

- Uşaqlıqda yaşadığım bir çox hadisə məni ayaqda tutmağa səbəb oldu. Hündürdaban ayaqqabı hekayəsini Diaspora Komitəsinin haqqımda hazırladığı süjetdə izlədiniz. Allahdan ən çox istədiyim şey hündürdaban ayaqqabı geyinə bilmək idi. Bir hekayə danışım, təxminən 17 yaşım olardı. İki rəfiqəmlə evdən çıxıb, gəzməyə gedirdik. Binanın önündə ayağım sürüşdü, yıxıldım. Sağ ayağımın protezi çıxdı. Həmin ərazidə də gənc oğlanlar, ümumiyyətlə, fərqli yaşdan olan insanlar vardı. Doğrudur, hamı əlilliyimin olduğunu bilirdi, amma yıxılanadək heç kim bu qədər yaxından şahidlik etməmişdi. Düşünün, gənc qız üçün nə qədər çətin imtahandır. Utandım və rəfiqəmə dedim ki, protezi gətir mənə. O da hıçqıraraq ağlayır, insanların məni bu halda gördüyü üçün çox üzülürdü. Protezimi gətir deyə təkrar etdim. Tez ayağıma geyindim. Hamının gözü önündə ayağa durdum, yola davam etdik. İnanırsınız, yol boyu nəfəs ala bilmirdim. O qədər sarsılmışdım ki... Rəfiqələrim deyirdilər, kaş ki evə dönərdik. Səni də utandırdıq. Dedim, mən o halda belə ağır hadisədən sonra evə qayıtsaydım, əsla insanların üzünə baxa bilməzdim. Allah mənə bir daha göstərdi ki, güclü ol! Çünki başqa seçimin yoxdur. Elə o məqamda Nəsiminin misraları yadıma düşdü.

Nəsimidən soruşdular ki, yarınla xoşmusan? Xoş oldum-olmadım, o yar mənim, kimə nə?! dedi.

- Bəli, o həyat dediyimiz də, o qədər adlandırdığımız da, keçdiyimiz bütün çətin yollar da bizimdir. Bunlardan kimə nə?!

- Bu hadisə məni son dərəcə sarsıtsa da, ayaqda dik durmağım üçün növbəti dərsim idi. İnanın ki, yüzlərlə-minlərlə belə insan - qadın, kişi yaşayır yer üzündə… Məsələ sadəcə beynimizdə itən hər hansı üzvümüz, parçamız, hissəmiz deyil. İnsan var, doğmasını, sevdiyi işini itirməyi qəbul edə bilməyib, intihara təşəbbüs edir. Amma həyatda qalıb mübarizə aparmaq üçün o qədər səbəbimiz var ki... Rəbbim bir qapını açmadan digərini bağlamır. Hündürdaban ayaqqabı sevdamın kökünü sonradan anladım. Qəzadan sonra ayaqlarımı kəsdilər, xəstəxanada yatırdım. Dikdaban ayaqqabı geyinən tibb bacısının məni hər gün ziyarət etməsi, qayğı göstərməsi içimdə yeni ümidlər cücərdirdi. O tıqqıltı mənim üçün mərhəmətin səsi idi. Bəlkə bu səbəbdəndir ki, dikdaban ayaqqabı geyinib insanlara xoşbəxtlik bəxş etməyə can atırdım. O səs məni hər zaman yaxşılığa aparacaq, insanlar gəlişimi sevinclə gözləyəcəklər. Həyat çox qəribədir. Əsas olaylara bizim necə və hansı istiqamətdən baxmağımızdır. Əslində xanımlar dikdaban ayaqqabını daha baxımlı və cazibədar görünmək üçün geyinirlər. “Mən burdayam!” deməyin ən uğurlu yoludur. Mənə görə isə dikdaban “Mən hər zaman sənin yanındayam” deməkdir.

Aucune description disponible.

- Bu gün həm də Türkiyədə müalicə alan Vətən müharibəsi qazilərimizin də yanındasınız...

- Türkiyədə müalicə alan əzizlərim, başımın tacıdır qazilərimiz. Onlarla mütəmadi olaraq görüşürəm. Əlimdən gələni də, gəlməyəni də etməyə çalışıram. Bəzən mənə sual verirlər ki, qazilərimizi ziyarətə hansı komitə, yaxud qurumun nümayəndəsi kimi gedirsiniz. Bu sual məni çox üzür. Axı o qardaşlarımızın torpağa düşən hər damla qanının haqqını ödəyə bilmərik. Hər biri məsum olduqları qədər də güclüdürlər. Onlar mənim igidlərim, ən yaxın dostlarımdır. Çox ciddi mənəvi və maddi sıxıntı yaşadıqları məqamlar da olur. Ümid edirəm, Rəbbim ən qısa zamanda onları sağlamlıqlarına qovuşduracaq. Çünki biz sevdiyimiz insanların taleyindən nəsibimizi alırıq. Onları dünyaya gətirən analar da mənim doğmalarım, qəhrəmanlarımdır. Övladlarının sağlamlığına görə ikiqat üzülürlər. Allah heç bir bəndəni övladı ilə imtahana çəkməsin. Görsəniz o müqəddəs analar oğullarına necə canla-başla xidmət edirlər... İnanın mənə hər övlad dünyaya gətirən qadın ana deyil. Körpəsi əlil olduğu üçün onu uşaq evinə atanlar da var, övladına həyatını fəda edən cənnət qoxulu qadınlar da...

Aucune description disponible.

- Siz də çox gözəl anasınız…

Mən də acizanə anayam. İki qız övladı böyüdürəm. Çalışıram ki, onlara mərhəmət, vicdan, dürüstlük və vəfa hissini aşılayım. Çünki sadaladıqlarım insan xarakterinin təməlidir. Bünövrə sağlam olmalıdır. Bu ünsürləri özündə formalaşdırmağa insan həkim olsa da, hakim olsa da nə işə yarayar?!

Leyla Sarabi

Oxumağa davam et

Xüsusi

İsraildə yaşayan azərbaycanlı xərçəngə necə qalib gəldi? - "Şişin ürəyimin başında böyüməsi simvolik idi"

Kama Kamila "The X Factor Israel" yarışmasında iştirakından sonra özünə xas çıxışı ilə ölkəmizdə, o cümlədən İsraildə səs-küyə səbəb olmuşdu. 

Bakı şəhərində anadan olan Kamila deyir ki, Azərbaycanın musiqi irsinə dərin kök salmış görkəmli musiqiçi ailəsində böyüyüb. 5 yaşından klassik pianoçu kimi təhsil alan sənətçi 13 yaşında anası ilə birlikdə İsrailə köç edib. O vaxtdan onun motivasiyası və arzusu atası və yeni vətəni arasında əlaqə yaratmaq olub. Elə buna görə də yaradıcılığının böyük bir hissəsini Azərbaycana həsr edib.

Publika.az ifaçı ilə müsahibəni təqdim edir.

- Gəlin, musiqiçi olmaq xəyalınızdan, xüsusən mistik şaman musiqisinə sevginizin necə başladığından danışaq.

- Musiqiçi olmaq mənim arzum deyil, taleyim idi. Çünki musiqiçi ailəsində dünyaya gəlmişəm. Peşə özü məni seçdi, daha doğrusu, başqa bir variantım yox idi. Hələ ana bətnində olarkən klassik musiqilər dinləmişəm. Anam musiqi müəllimi idi, 6 nömrəli musiqi məktəbində, həm də Bakı peşə ixtisas təhsil müəssisəsində dərs deyirdi. Evdə həmişə deyirdilər ki, onun şəxsi tələbələri ilə 2 saatlıq fasiləsində dünyaya gəlmişəm. Müəllim və şagirdlərin səhərdən axşama qədər musiqi ilə məşğul olduğu bir atmosferdə doğulmuşam. 

Mənim üçün şaman musiqisi Azərbaycan muğamlarıdır. Bu, bizim çox dərin köklərimizdən və Azərbaycan musiqisinin tarixindən danışan ən dəyərli musiqidir. Azərbaycan dünyanın ən zəngin və ən dadlı musiqisi və mətbəxi ilə məşhurdur. Hesab edirəm ki, bu iki məqam Azərbaycanın milli-mədəni həyatında mühüm yer tutur. 

Muğam Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, muğamlarımızın yeri xüsusidir. Xalqın ən dərin kökləri bu musiqidə birləşib. Azərbaycan muğamı ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Uzaq dövrlərə gedib çıxan köklərimiz bu gün sahib olduğumuz çox böyük bir dəyərdir. Bu, bizi biz edən xüsusiyyətimizdir. Əgər köklərimizi unutsaq, bizdən geriyə heç nə qalmayacaq. 

- Sizi şaman adlandırmaq olar? Ümumiyyətlə, şaman musiqisi həyatınıza nələr qatıb? 

- Şamanizm milli dua musiqisidir. O bizə köklərimizi unutmağa imkan vermir. Lakin şaman olduğumu hesab etmirəm, sadəcə vokal dərsi verən müəlliməm. Bu, çox vacibdir, vokal dərslərində tək ifaçılığın qaydalarını tədris etmirəm, həm də daxili səsinizi eşitməyə kömək edirəm. Daxili səsimiz fasiləsiz olaraq bizimlə danışır, arzularımızı və xəyallarımızı pıçıldayır. İntuisiyamız əslində daxili uğultumuzdur. Bu, vokalda əsas prinsiplərimdir. İnsanlara öz daxili səsi ilə tanış olmağı, onu dinləməyi və ona qulaq asmağı öyrədirəm. 

- Nə zamandan bəri İsraildə yaşayırsınız?

- 30 ildir ki, İsraildə yaşayıram, bura 90-cı illərdə 13 yaşım olanda köçmüşük. 

- Üslubunuz unikal və fərqlidir. Dinləyiciləriniz musiqidəki şaman ruhunuzu anlayıb qiymətləndirə bilirmi?

- Mənim üçün də gözlənilməzdir ki, konsertlərdə dinləyicilərim bütün ifalarıma ruhən qoşulurlar. Onlar bunu dini təcrübə, dini ritual adlandırır. Dəfələrlə bu barədə mesajlar almışam, deyirlər ki, bu konsertlərdə mənəvi yüksəliş hiss edirlər. Bu isə onun sayəsində baş verir ki, öz kompozisiyalarımı oxuyanda ruhumun ayrılmaz parçası olan muğam musiqisi də mənimlə birlikdə oxuyur. Muğam mənim üçün Azərbaycanın milli duasıdır. 

- Azərbaycanda yaşadığınız illəri necə xatırlayırsınız, bura gəlib konsert vermək fikriniz varmı?

- Bakıda konsert vermək çoxdan planda var və bunun üçün sponsorla prodüser axtarıram. Odur ki, kimsə müsahibəmizi oxuyursa və məni Bakıya dəvət etmək fikri varsa, ona ürəkdən minnətdar olaram. 

Uşaqlığım Bakıda çox yaddaqalan keçib, bütün günlərimi 6 nömrəli musiqi məktəbində və Bakı peşə liseyində keçirirdim. Anam dərs dediyi üçün demək olar ki, orda yaşayırdım. Pianonun başında oturub çörəklə qara ikra və yağ yeyirdim, Fəvvarələr meydanını xatırlayıram. Köhnə Bakı - İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı ən sevdiyim yerlər idi. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Quş baxışından Bakını seyr etmək üçün anamla tez-tez Qız qalasına qalxardıq. Xəzər isə ayrı bir aləmdir, üzməyi bu dənizdə öyrənmişəm, havadakı neft qoxusu üçün ürəyim gedir... 

- İsrail və Azərbaycan xanımlarının tərbiyə üsulu haqqında nə deyə bilərsiniz? 

- Oxşarlıq olduğunu hesab etmirəm. İsrailli qadınların tərbiyə üsulu çox sərt qaydalara köklənir və bu, xoşuma gəlir. Azərbaycanlıların isə çox istiqanlı və musiqi kimi mülayim olduğu yadıma gəlir, onlara heyranam. 

- Döş xərçənginə qalib gəlməyiniz və bu ağır xəstəlikdən sağalmağınız münasibətilə sizi təbrik edir, uzun və dolğun ömür arzulayıram. Bu çətin günlərdən necə keçdiniz? Gücü kimdən və ya nədən aldınız?

- Yaşadıqlarım və nostalgiyam qarşısında xərçəngin düz ürəyimin başında böyüməsi çox simvolik idi. Yaxınlarımı Bakıda qoyub gəlmişdik, atam Bakıda yaşayır, 90-cı illərdə ailəm iki parçaya bölünmüşdü. Mən, bacım və anam İsrailə köçdük, atamla bütün musiqiçi nəslimiz Bakıda qaldı. İllərlə bunun əziyyətini çəkmişəm, darıxmışam... Ürəyim iki yerə bölünmüşdü. Böyük bir boşluq yaranmışdı, odur ki, şişin düz ürəyimin başında inkişaf etməsi təsadüf deyil, ağrılarımın "meyvəsidir".

Hazırda özümü yaxşı hiss edirəm, sağalmışam. İkinci albomdakı kompozisiyaları müalicənin və əməliyyatların ortasında yazmışdım. Sözsüz ki, məni ruhdan düşməyə qoymayan və sağaldan "My baby cancer" albomumdakı mahnılarım oldu. 

- Yəqin ki, burda həyatla ölümün mübarizəsindən danışılır. Düşünürəm ki, bu albomu xüsusilə xərçəng xəstələri dinləməlidir, onlar üçün gözəl motivasiya olar. 

- Albom mənim mənəvi yüksəlişimdən danışır. Əslində əmin idim ki, yaşamayacam. Həm də bir iz qoymadan getmək istəmirdim və beləliklə mahnılar yazmağa başladım. Bu mahnıların yazılması artıq ondan xəbər verirdi ki, hər şey yaxşı olacaq. Albom öz küllərindən doğulan simurq quşundan danışır. 

- 44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərindəki qələbəsini də çox dərin həssaslıqla yaşamısınız. 

- Bu, asan sual deyil. Bakıya heyranam, siyasi mövzulara toxunmaq istəmirəm. Bu müharibədə Azərbaycanın qəhrəman oğullarının şəhid olması ürəyimi parçalayır. Fəxr edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda bu müharibədə humanist və ağıllı davrandı. Azərbaycan müqəddəs dəyərlərə həmişə sadiq qalıb, bilirik ki, müharibə də ədalətli aparılmalıdır. Bir sözlə, Azərbaycan xalqı güclü, istiqanlı və ağıllı xalqdır. Azərbaycala fəxr edirəm. 

- Yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir? 

- Çox ciddi bir hadisə baş verməlidir ki, masa arxasına keçib musiqi bəstələyim. Heç vaxt qadın və kişi sevgisi haqqında mahnı yazmıram, dünyada 80-90 mahnının əksəriyyəti sevgidəndir. "O gəlmədi", "Zəng vurmadı", "Mən tənhayam", "Məni atıb getdin", "Mənimlə oyun oynadın" kimi bir dənə də mahnım yoxdur. Albomlarımın heç birində sevgi ayrılığı və ya xəyal qırıqlığı mövzusunda bir mahnı da yoxdur. Çoxu uşaq ikən Azərbaycanı tərk edib İsrailə köçməyimizdən danışır. Bu, məndə ağır travma qoymuşdu. Buna baxmayaraq, Xəzər dənizi mənimlə hələ də danışır, onun dalğalarını hələ də eşidirəm. Sevimli şəhərimin qoxusu və dadı hələ də damağımdadır. Torpağım üçün burnumun ucu göynəyir. Yeri gəlmişkən, ilk albomum ana və torpaq adlanır, İsrail miqrasiyasının bizi necə qucaq açdığı əks olunub. Azərbaycanın çox rəngli və açıq mentaliteti ilə İsrailin çox qapalı mentaliteti məndə bir-biri ilə görüşür və bəzən mübarizə aparır. Həm də xərçəngdən yazmışam. Öləcəyimi düşünürdüm, amma sağ qaldım və ikinci dəfə dünyaya gəldim. Xəstəxanada sevimli nənəmin ürəyinin son döyüntülərini eşidirdim, bu döyüntülər bəstəyə çevrildi. Anamın ürək ritmlərini da mahnıya çevirmişəm, mənə elə gəlir ki, onun bətnində olarkən artıq şüursuz şəkildə hansısa melodiyaları yazırdım. 

- Çıxışlarınızda sanki transa daxil olur və görünməz qüvvələrə qarşı mübarizə aparırsınız. 

- Düzgün diaqnozdur. İstənilən yaxşı musiqiçi konsertlərdə transa düşür. Oxuyanda fiziki varlığın ötəsinə keçirik və daha ruhani oluruq. Sadəcə biz deyil, dinləyicilərimiz də eyni ruh halına düşür. Transa düşməyən müğənninin izləyicisi olmaq istəməzdim. Yaxşı musiqiçi dinləyicilərini də özü ilə birlikdə başqa bir dünyaya apara bilir. Musiqinin gücü də bundadır: bir neçə saatlıq olsa da, şəxsi problemlərdən bir qədər uzaqlaşmaq və öz daxili mənimizə qovuşmaq. Bu isə musiqi mədəniyyəti sayəsində mümkün olur. 

- Yaxşı, bəs kimə və ya nəyə təslim olmaq istəmirsiniz?

Qorxularıma! Hər kəsin qorxuları var, bəziləri yoxsulluqdan, bəziləri təklikdən, bəziləri qaranlıqdan və ya hündürlükdən qorxur. Mən isə auditoriyamı məyus etməkdən və ya sözün hər iki mənasında qaranlıqda qalmaqdan qorxuram. Dünyanın adiləşməsi də məni narahat edir, mədəniyyətə, muzeylərə getməyə, mühazirələr dinləməyə ehtiyacım var. Həyatın monoton və quru tərəflərinə nifrət edirəm. Və böyük ehtimal, ətrafımdakıların mənə olan güvənini itirməkdən qorxuram. 

- Cavablarınızın fəlsəfəsinə qapılmaq çox xoş idi. Arzu edirəm ki, tezliklə doğma Bakınıza qovuşasınız. 

- Təşəkkür edirəm, bir gün mütləq. 

Aytən Məftun 

Oxumağa davam et
Reklam

Gündəm