Azərbaycanda dollar kəskin bahalaşacaq? - Keçmiş nazir AÇIQLADI - Publika.az
Bizi izləyin

Xüsusi

Azərbaycanda dollar kəskin bahalaşacaq? - Keçmiş nazir AÇIQLADI

Son dönəmlər dünyada baş verən hadisələr fonunda Azərbaycan iqtisadiyyatının və milli valyutamızın da zərər görəcəyini düşünənlər az deyil. Ekspertlər hesab edirlər ki, bu hal davam edərsə, milli valyutamız olan manat da ABŞ dollarına nisbətdə dəyər itirə bilər. Üstəlik, Rusiyaya qarşı sanksiyaların da Azərbaycan iqtisadiyyatına, idxal və ixraca təsirsiz ötüşməyəcəyini düşünənlər var. 

Bununla bağlı keçmiş maliyyə naziri Fikrət Yusifovla söhbətləşdik. 


İqtisadçı alim Fikrət Yusifov Publika.az-a müsahibəsində söyləyib ki, bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib.

- Fikrət müəllim, dünyada gedən son proseslər fonunda yaxın vaxtlarda Amerika dollarının milli valyutaya, manata nisbətdə möhkəmlənməsini, manatın dəyər itirəcəyini gözləməliyikmi? 

- Təbii ki, mümkündür. Çünki bu, dünyada gedən bir prosesdir. Bilirsiniz, bu məsələ ilk növbədə neftin dünya bazar qiymətlərinin artması və dollar axının ölkəyə daxil olması ilə bağlıdır. Hazırda bütün dünyada ABŞ dollarının bahalaşması prosesi gedir. Təbii ki, bu proses ilk növbədə Amerika Birləşmiş Ştatlarında müşahidə olunur. Elə bu səbəbdən də bu proses təbii olaraq gedir. Bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib. Bütövlükdə bu məsələlər Azərbaycanda Mərkəzi Bank tərəfindən tənzimlənir. Elə o səbəbdən də bu proseslərin tənzimlənməsi baş verir. Bu, belə də olacaq. Ola bilər ki, dünyada baş verən proseslər fonunda bizdə də müəyyən bir həddə qədər dolların bahalaşması baş versin. Ancaq bunu mən bir o qədər də güman etmirəm. Çünki uzun müddətdir Azərbaycan manatı sabit olaraq qalır. 2016-cı ilin əvvəllərindən üzü bu tərəfə vəziyyət eynidir. 

- Bəs qonşu ölkələrin valyutalarında durum necədir? Bizim onlardan fərqimiz nədədir? 

- Buna baxmayaraq, bizə nisbətdə qonşu ölkələrdə məzənnələrdə dəyişikliklər baş verir. Türkiyədə lirənin məzənnəsində tez-tez ciddi dəyişikliklər olur. Rusiyada da rublun məzənnəsində ciddi dəyişiklikləri görmək mümkündür. Eyni zamanda, qonşu İranda da son illər ərzində realın məzənnəsində ciddi ucuzlaşmalar qeydə alındı. Bizdə isə elə bir dəyişiklik baş vermədi. Bu da onunla izah olunur ki, biz tam şəkildə üzən məzənnəyə keçməmişik. Elə bu səbəbdən də Mərkəzi Bank bu səbəbləri tənzimləyir. Ona görə də dünyada baş verən proseslərin Azərbaycanda manatın məzənnəsinə nə dərəcədə təsir edəcəyini söyləmək çətindir. Əgər Azərbaycan manatı da üzən məzənnə prosesinin içərisində olsaydı o zaman bu məsələyə konkret rəy vermək mümkün idi. 

- Rusiyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına, milli valyutamızın məzənnəsinə hansısa formada öz təsirini  göstərəcəkmi?

- Bu, ciddi və böyük bir məsələdir. Rusiya bizim bir saylı ticarət tərəfdaşımızdır. Rusiya Azərbaycanla etdiyi xarici ticarətin həcminə görə birinci yerdədir. Onun ardınca Türkiyə gəlir. Təbii ki, Rusiyada baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşməyəcək. Özü də bunun təsiri az olmayacaq. Baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da yetərincə təsir edəcək. Əvvəla biz bu təsiri ixracda görə biləcəyik. Bu gün Rusiya rublun məzənnəsi ilə bağlı şou düzəldir və bütün dünyaya göstərir ki, rubl öz yerindədir. Amma bu əslində siyasi şoudan başqa bir şey deyil. Çox yaxın bir zamanda rublun harada dayanacağını hamınız gedib görəcəksiniz. Bunun da səbəbləri var. Çünki Rusiyaya valyuta gətirən əsas enerji daşıyıcılarına qadağa qoyulub. Onlar Rusiyadan neft və qaz ixrac edə bilməzlər. Bütün dünyada onlara qadağalar qoyulur. Həmin ölkələr indi alternativ ixrac mənbələri axtarırlar. Söhbət Rusiyadan qaz və neft ixrac edən ölkələrdən gedir. Bu səbəbdən də yaxın gələcəkdə Rusiya rublunun taleyinin çox acınacaqlı olacağı gözləniləndir. Bunun Azərbaycana təsirsiz ötüşəcəyini demək mümkün deyil. Yəni bu hal əsaslı şəkildə bizim iqtisadiyyata təsir göstərəcək. Üstəlik, hər il orada yaşayan soydaşlarımız, Rusiyada çalışan vətəndaşlarımız, iş adamlarımız tərəfindən 3-4 milyard dollar vəsait Azərbaycana göndərilir. Bu vəsaitin böyük bir hissəsi təhlükə altında qalacaq. Digər tərəfdən, Rusiyadan Azərbaycana ixrac edilən məhsulların, ixracın həcmində müəyyən dəyişikliklər ola bilər. 

- Niyə? Səbəbi nədir? 

- Çünki yerli bazarda ucuzlaşan məhsulların ixracına bir o qədər də rəvac verilməyəcək, imkan yaradılmayacaq. Eyni zamanda, biz Rusiya bazarına tərəvəz məhsullarını, xüsusən də pomidoru ixrac edirik. Onu Rusiya bazarlarına bundan sonra ixrac etmək bizim üçün sərfəli olmayacaq. Çünki biz Rusiya bazarında onu ucuz rus rublu ilə satdıqdan sonra dollara çevirməli və Azərbaycana gətirməliyik. Rubl dəyərdən düşəndən sonra bu artıq sərf edəcək bir variant olmayacaq. Ona görə də baş verən son hadisələr bizim üçün başdan-ayağa problemlərlə yadda qala bilər.

- Bəs Azərbaycan dövləti bunun qarşısını necə almalıdır?

- Bizi çox ciddi problemlər gözləyir. İndidən düşünüb-daşınmalıyıq. Hökumət papağını qarşısına qoyub perspektivdə bu məsələlərin bizi hara aparacağını müəyyən eləməlidir. Daha sonra preventiv, qabaqlayıcı tədbirlər görməlidir. Əgər biz 3 aydan sonra rublun taleyinin necə olacağını oturub gözləsək, ondan sonra hansısa addımların atacağını gözləmək gec ola bilər. 

Rəylər
Oxumağa davam et
Reklam

Xüsusi

“Meymun çiçəyi” nədir və Azərbaycanı hansı təhlükə gözləyir?

Koronavirus pandemiyasının əsarətindən qurtulduğumuz və müstəqilliyimizin ilk aylarını yaşadığımız bu günlərdə bir qara xəbər kefimizə soğan doğramağa hazırlaşır. Xarici mətbuatda yayılan xəbərlər də bunu deməyə əsas verir. Görünən odur ki, getdikcə daha çox ölkə insanların Afrika virusuna yoluxma halları barədə məlumatlar verir. Avropa ölkələrində qeydə alınan meymun çiçəyi ilə bağlı vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı artıq ekspertlərin  fövqəladə toplantısını çağırıb. Bildirilib ki, təcili təşkil olunan görüşdə xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət iclas zamanı müzakirə ediləcək əsas mövzular olacaq. 

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, hələlik meymun çiçəyi epidemiyası ehtimalına dair heç bir dəlil yoxdur. Hesab olunur ki, bu virusun insandan insana ötürülməsi onu insan populyasiyasında saxlamaq üçün kifayət etmir. 

Bəs xəstəliyin təhlükəsi nədir və özümüzü necə qorumalıyıq, əlamətləri hansılardır? Yaluxuculuq qabiliyyəti hansı səviyyədədir və müalicə olunurmu? 

Bütün bu sualların cavablarını Publika.az eskpertlərdən öyrənib. 

Meymun çiçəyi ilk dəfə harda aşkar olunub?

Xəstəliyin kökü Afrikaya gedib çıxır və ilk dəfə 1970-ci ildə Konqodan olan doqquz yaşlı bir uşaqda aşkar edilib. O vaxtdan bəri, daha üç onillik ərzində virus qitə daxilində yayılıb. 2003-cü ildə xəstəlik ABŞ-da peyda olub və müəyyən edilib ki, oradakı insanlar meymunlardan deyil, gəmiricilərdən - ev çöl itlərindən yoluxublar. Məlum olub ki, heyvanlar Qanadan gətirilən heyvanlarla eyni yerə yerləşdirildikdən sonra xəstələniblər.

Daha sonra araşdırmalar göstərib ki, virusun iki növü var: biri Konqo hövzəsində, digəri isə Qərbi Afrikada üstünlük təşkil edir. Eyni zamanda, birincisi daha ölümcüldür (xəstələrin təxminən 10 faizi ölür). İkinci variantın ölümcülliyi cəmi 1% təşkil edir. Xoşbəxtlikdən, son yoluxmaların çoxu “Qərbi Afrika meymun çiçəyidir.

Meymun çiçəyi necə ötürülür?

ÜST-nin məlumatına görə, infeksiya xəstə heyvanların dərisi, selikli qişaları, qanı və digər bioloji mayeləri ilə birbaşa təmasda olur. Bundan əlavə, kifayət qədər yaxşı bişirilməyən bir heyvanın ətini yedikdən sonra yoluxa bilərsiniz.

Əlamətləri hansılardır?

İnfeksiyadan sonra inkubasiya müddəti 21 gündür. Yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi və halsızlıq ilə özünü göstərməyə başlayır. Üç gündən sonra bir səpgi meydana gəlir: əvvəlcə üzdə, ağız boşluğunun selikli qişasında, sonra bədənin digər hissələrində, adətən cinsiyyət orqanlarında görünür. Görünşcə bəzən suçiçəyi, bəzən sifilisə bənzəyir. Əksər hallarda, xüsusən də insandan insana keçdikdə, xəstəlik öz-özünə yox olur.

Homoseksuallıqla mümkün əlaqə

Son vaxtlara qədər infeksiyanın cinsi yolla ötürülməsinə dair heç bir sübut yox idi. Amma indi onlar meydana çıxır və Avropada özünəməxsus tendensiya yaranır. İspaniyada infeksiyaya yoluxduğu təsdiqlənmiş ilk yeddi kişinin gey olduğu bildirilir. Yoluxmuş doqquz britaniyalının altısı gey və biseksualdır. Britaniya Səhiyyə Nazirliyinin mütəxəssisləri artıq xəstələrin getdiyi gey-barları, klubları və saunaları yoxlayır. Portuqaliyada beş yoluxmanın hamısının kişi olması da diqqətəlayiqdir. 

90 faiz simptomlar bir-birinə bənzəyir

TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. 


“İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb. Azərbaycanda “meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla bağlı heç bir müraciət daxil olmayıb. 

Virus mənşəli xəstəlikdir. Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. 

Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir. Çiçək virusuna nisbətən meymun çiçəyi virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir.

Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir. Spesifik müalicəsi yoxdur, adətən2-4 həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edilir. Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. 

Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilikatik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olmuşdur. 

Su çiçəyi və “meymun çiçəyini”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi su çiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur”.

Çox qaşıntılı olur!

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, Avropa ölkələrində meymun çiçəyi virusunun yayılması ölkəmizin vətəndaşlarını haqlı olaraq təşvişə salır:


Meymun çiçəyi xəstəliyi suçiçəyinə çox bənzəyir. Virusa adətən Qərbi Afrika ölkələrində, tropik meşə ətraflarında daha çox rast gəlinir. Virusun iki ştammı mövcuddur, Qərbi və Mərkəzi Afrika ştammı. İlk olaraq qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, zəiflik, əzələdə ağrı kimi şikayətlər ola bilər. Qızdırma azaldıqdan sonra səpgilər artıq əmələ gəlir. Səpgilər üz nahiyəsindən başlayıb, daha sonra bədənin digər nahiyələrinə yayılır. Əksər hallarda isə ovuclarda və ayaqlarda daha çox rast gəlinir. Çox qaşıntılı olur. Səpkilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur. Ötürülmə yolları adətən yaxın təmasla, tənəffüs yolları ilə, selikli qişa ilə və cinsi əlaqə yolu ilə baş verir. Həmçinin yoluxmuş meymundan, dələdən, siçandan da yoluxma ola bilər. Yoluxmuş insanın paltarlarından belə təmas vaxtı yoluxma mümkündür. Adətən yüngül formada keçir, bəzən 2-3 həftə ərzində öz-özünə sağala bilir.

Virusun aşkarlandığı ölkələrdə ölüm halları çox az qeydə alınıb, ölkəmizdə isə bu virus hazırda yoxdur. Olmaması üçün də yetərincə, tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza səslənmək istəmirəm, əgər qızdırma və səpgi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət etsinlər”.

Azərbaycanda yayıla bilərmi? 

İnfeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir: Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə “meymun çiçəyi” virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə “meymun çiçəyi” virusundan qorunmaq olar”.

Epidemioloji təhlükə yaratmır

Virusoloq, tibb elmləri doktoru, N.F.Qamaley adına Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteynin sözlərinə görə, bir heyvana toxunmaqla meymun çiçəyinə yoluxma ehtimalı çox azdır, bunun üçün xəstə heyvanın cəsədi ilə uzun müddət təmasda olmaq lazımdır. 


“Əgər insan heyvanlardan yoluxubsa, onun ölüm nisbəti daha yüksək olacaq, birdən on faizə qədər ola bilər. Virus insandan insana keçirsə, ölümcüllük çox cüzidir. Meymun çiçəyi epidemioloji təhlükə yaratmır. İndi virusun bir növ təkmilləşdirilmiş versiyası olsa belə, uzun müddət insandan insana keçə bilməz və buna görə də epidemioloji təhlükə yaratmır. Virusun hər ötürülməsi ilə onun yoluxuculuğu zəifləyir, ona görə də meymun çiçəyi həkimləri ciddi narahat etmir, adətən kiçik epidemiyalar müşahidə olunur. Ən çox xəstəliyin daşıyıcısı gəmiricilər və meymunlardır və insan onlardan yoluxa bilər”, - professor qeyd edib. 

Növbəti peyvənd böhranı

Dünya təbabətində bu xəstəliyə qarşı xüsusi peyvənd və ya dərman preparatları yoxdur. Ancaq çiçək xəstəliyinə qarşı peyvəndlər var, virusoloqların sözlərinə görə, ona qarşı peyvəndlər də bu virusa qarşı kömək edir. 1980-ci ildən dünyada çiçək xəstəliyi məğlub sayılır, odur ki, indi ona qarşı məcburi peyvənd yoxdur. Yeri gəlmişkən, meymun çiçəyi hazırda gənclər üçün xüsusilə təhlükəli hesab olunur. Ona görə ki, gənc nəsil çiçək xəstəliyinə qarşı peyvənd olunmayıb. Bununla belə, çiçək xəstəliyinə qarşı peyvəndlər mövcuddur və riskli bölgələrdə verilir. Çiçək peyvəndi istehsalı davam edir, çox yaxşı və uzun müddət saxlanıla bilər, ona görə də ehtiyatlar var. Böyük Britaniya son hadisələr fonunda bu peyvəndin bir neçə min dozasını alıb. O, meymun çiçəyi ilə mübarizə üçün təsdiq edilməyib, lakin səlahiyyətlilərin fikrincə, bu halda zəruri hallarda zəruri məqsədlər üçün istifadə edilə bilər.

Meymun çiçəyi xəstəliyinin müalicəsi yoxdur

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev də “Gazeta.ru”ya müsahibəsində bildirib ki, Avropanın bir sıra ölkələrində halları aşkarlanmış “meymun çiçəyi” virusu təhlükəli xəstəlikdir və onun müalicəsi yoxdur. “Virus kifayət qədər təhlükəlidir, halların təxminən 1 faizi ölümcül ola bilər, virusa qarşı dərman yoxdur”, - o bildirib.

Eyni zamanda, Lukaşev qeyd edib ki, görünür, xəstəlik kifayət qədər ləng yayılır, ona görə də lazım gələrsə, ona nəzarət etmək koronavirusdan daha asan olacaq.

Hansı ölkələrdə tapılıb?

İspaniyada artıq 30 təsdiqlənmiş hadisə var. Virus orada aprel ayından yayılır, lakin iddia edilən halların əksəriyyəti mayın 7-8-də aşkarlanıb.

Böyük Britaniyada doqquz xəstəyə diaqnoz qoyulub, onlardan altısı Londondadır. Müəyyən edilmiş ilk yoluxma Nigeriyadan gəlib. Qalanları, ən azı mövcud məlumatlara görə, Birləşmiş Krallıq daxilində yoluxmuş hesab olunur. Eyni zamanda, daha 11 britaniyalıda virusa yoluxmaqda şübhəli bilinir.

Portuqaliyada beş təsdiqlənmiş hadisə var, daha 15-i xəstəliyə şübhəli bilinir.

Kanadada 13 nəfər diaqnozun təsdiqini gözləyir.

Bu yaxınlarda Kanadadan gələn ABŞ-da təsdiqlənmiş bir yoluxma var.

İtaliyada Kanar adalarından təzəcə qayıdan bir nəfərdə meymun çiçəyi aşkar edilib. Daha iki italyan test nəticələrini gözləyir.

İsveçdə də indiyə qədər Stokholmda müəyyən edilmiş bir təsdiqlənmiş yoluxma var.

Avstraliyada bir yoluxma qeydə alınıb. 

Oxumağa davam et

Xüsusi

Qarabağdakı kilsələr tarixi görkəminə qaytarılacaq – Şöbə müdiri ilə MÜSAHİBƏ

30 illik işğal dövründə erməni vandalizmi Qarabağda və Şərqi Zəngəzurda sözün əsl mənasında at oynadıb. Düşmən təkcə məscidlərimizi deyil, kilsələrimizi və digər dini-mədəni abidələrimizi də silməyə çalışıb. Ölkə başçısının təbirincə desək, bu vəhşi qəbilə hətta özününküləşdirmək istədiyi abidələrimizi də bir sıra zorakılıqlarla üz-üzə qoyub.

Bəs işğaldan azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hansı işləri həyata keçirəcək? Abidələrimizin bərpası ilə bağlı komitə hansı planlar üzərində işləyir?

Publika.az-ın suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb. 

Müsahibəni təqdim edirik:

- 30 illik işğal dövründə nə qədər dini abidəmiz ermənilərin təcavüzünün, vandalizminin qurbanı olub? 

- Əvvəla onu deyim ki, erməni vandalizminin kökləri 30 illik işğal dövründən öncələrə gedib çıxır. Hələ sovetlər dönəmində təmir-bərpa adı altında müxtəlif alban məbədlərimizin qriqoryanlaşdırılmasına cəhd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğaldan azad edilmiş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Heç şübhəsiz ki, siyahıya alınmayan, lakin əzəli torpaqlarımız Qarabağdakı varlığımızın, milli kimliyimizin maddi sübutları olan minlərlə tarixi abidəmiz, maddi-mədəni dəyərlərimiz var. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır. Beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarladır. Eləcə də dağıdılmış qəbiristanlıqların sayı 900-dən çoxdur. İşğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin təqribi sayı isə 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-i ziyarətgahlardır. 

- İşğaldan azad olunan ərazilərdə dağıntılara məruz qalmış məscid, kilsə və digər ibadətgahların təmir-bərpa işləri ilə bağlı Komitə hansı layihələri hazırlayıb? 

- Qarabağın bərpası prosesi cənab Prezidentin rəhbərliyi altında xüsusi diqqətlə həyata keçirilir. Bilirsiniz ki, ilk öncə infrastruktur layihələri icra olunur. 30 ilə yaxın müddət ərzində el-obasından uzaq salınmış əhalimizin tezliklə Qarabağa qayıtması üçün yeni yaşayış yerləri inşa edilir. Bununla paralel tarixi dini abidələrimizin bərpası ilə bağlı işlər də həyata keçirilir. Şuşada, Daşaltıda, Hadrudda, Ağdamda, Zəngilanda və digər yerlərdə tarixi abidələrimizin bərpası ilə yanaşı, yeni məscidlərin təməlləri qoyulub. Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Ağdamda Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Təkcə məscidlər deyil, xristian alban irsinə aid məbədlərimiz də bərpa edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq bizim əsas vəzifələrimizdən biri ölkəmizin hər qarışında dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Bu məqsədlə dini əlamətdar günlərdə Dövlət Komitəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə yerləşən məscid və kilsələrdə vətəndaşlarımızın ibadət edə bilmələri üçün tədbirlər həyata keçirir. Xristian dini icmalarımızın nümayəndələri məbədlərdə dini ayinləri icra edirlər. Eləcə də Şuşada və Ağdamda bayram namazları qılınır.  

- Dağıntılara məruz qalan abidələrlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıbmı? Onların məsələyə reaksiyası necədir? 

- Uzun illərdir ki, Dövlət Komitəsi bu istiqamətdə məqsədyönlü fəaliyyətlə məşğuldur. Təcavüzə məruz qalmış abidələrimizlə bağlı faktları ortaya qoyan fotoların əldə edilməsi, müxtəlif materialların hazırlanması, onların təbliği ilə bağlı çoxsaylı tədbirlərimiz olub. Əsasən xarici qonaqlara bu materiallar təqdim olunub. Bundan başqa, müxtəlif vaxtlarda ali beynəlxalq qurumların iştirakı ilə keçirilən ölkə xaricindəki tədbirlərdə mütəmadi olaraq bu fotolar nümayiş etdirilib. Hökumət, eləcə də dini konfessiyalar adından beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

- Ümumiyyətlə, işğal dövründə ermənilər neçə dini abidəmizi tamamilə məhv ediblər? 

2020-ci ildə torpaqlarımız işğaldan azad edildikcə erməni təcavüzünün, barbarlığının ölçüsü əyani görünməyə başladı. Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların tarixi izlərinin silinməsi üçün qəbiristanlıqlardakı məzar daşlarına qədər dağıdılmasını, ibadət yerlərinin uçurulmasını gördü. Hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır. Amma görünən odur ki, erməni vandalizmi təkcə müsəlman irsinə qarşı olmayıb. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan 67 məscidin bir neçəsinin yalnız əsas divarları qalıb, digərləri isə tamamilə dağıdılıb. 

- Bəs ermənilər tərəfindən bu vandalizm aktları əsasən hansı istiqamətlərdə aparılıb?

- Ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal təcavüzü müxtəlif istiqamətlərdə aparılıb. Milli mənsubiyyəti və qədim tarixi milli, dini ənənəni özündə ehtiva edən abidələr tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təhqir olunub. Məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı torpaqlarımız işğaldan azad edilərkən bir daha sübut edildi və bütün dünya ictimaiyyəti bu kadrları gördü. Tarixi Alban məbədlərinin erməniləşdirilib qriqoryanlaşdırılmasına cəhdlər edilib. Alban irsinə məxsus xristianlıq izləri qriqoryan xaçkarları ilə əvəz edilib. Məbədlərin üzərində olan daş kitabələr silinib. Həmin yerlər oyularaq qriqoryan xaçkarları yerləşdirilib. Bu iş o qədər kortəbii aparılıb ki, həmin xaçkarlara tarixi görkəm verməkdən ötrü müxtəlif kimyəvi məhlullardan istifadə edilməsinə baxmayaraq, hətta mütəxəssis olmayan istənilən sadə insan da onların tarixi divarlara yamaq kimi göründüyünü müşahidə edə bilər. Ermənilər eyni zamanda saxtalaşdıra bilmədikləri alban abidələrini uçurublar. Hadrudda, Tuğda, Kəlbəcərdə bunun bariz nümunələri var. İnanırıq ki, sürətlə aparılan bərpa işləri sayəsində işğaldan azad edilmiş ərazilərimizdəki bütün məbəd və məscidlər tarixi görkəminə qaytarılacaq və vətəndaşlarımızın ixtiyarına veriləcək. 

Oxumağa davam et

Xüsusi

Əliyev və Paşinyanın “Brüssel qovluğu”: Bakı və İrəvan “sülh badəsi” qaldıracaqmı?

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək. Məlumata görə, görüş mayın 22-də Brüsseldə baş tutacaq. Bir çox ekspertlər düşünür ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü sanki qəfil xarakteri daşıyır. Yəni əvvəlcədən baş tutan görüş təsiri bağışlamır. Özü də bu görüş ermənilərin son günlər sərhəd zolağında baş verən təxribatları, Litva prezidentinin Bakı və İrəvana səfərlərindən çox qısa müddət sonra baş verir.

Bəs nələr olacaq? Qəfil görüşün qəfil xoş sədasını da eşidə bilərikmi? Rusiyanın başının Ukraynada qarışdığı bir məqamda Bakı və İrəvan “sülh badəsini” qaldırmağa yaxındırlarmı? Brüssel Əliyev və Paşinyanın ifasında nəyə şahidlik edəcək. Prezident Əliyevin və baş nazir Paşinyanın “Brüssel qovluğu”nda hansı məsələlər ola bilər?

Publika.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırdı

Müsahibəni təqdim edirik:

- İlqar bəy, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutacaq. Bir növ qəfil görüş təsiri bağışlayan bu görüşdə nələr müzakirə oluna bilər? 

- Adətən, qəfil görüşlər qeyri-adi hadisələr fonunda baş verir. Eyni zamanda, mövcud proseslər fonunda ekstremal vəziyyət yaranarkən həmin durumun normal hala gətirilməsi üçün gerçəkləşir. Hər halda biz belə düşünə bilərik. Düşünürəm ki, tərəflər arasındakı ekstremal vəziyyətin normal hala gətirilməsinə həsr olunub. 

- Hazırda Azərbaycan-Ermənistan danışıqlarında ekstremal vəziyyətin konturları nədən ibarətdir?

- Hazırda ekstremal vəziyyət ondan ibarətdir ki, son vaxtlar Ermənistan tərəfi həddindən artıq ziddiyətli və təzadlı fikirlər səsləndirir. Digər tərəfdən, biz görürük ki, ümumiyyətlə, tərəflər arasında yekun sülh sazişi ilə bağlı danışıqlar demək olar ki, dalana dirənməkdədir. Eyni zamanda, delimitasiya və demarkasiya işləri ilə bağlı komissiyanın fəaliyyətə başlamasından sonra da hər hansı bir irəliləyiş əldə olunmayıb. Bütün bunlar ondan xəbər verir ki, ölkə rəhbərlərinin görüşü vacibdir. Yəni proses 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra tərəflərin öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində irəliləsin. 

- Qəfil görüş zamanı hər hansı bir sazişin, sənədin imzalanılacağını gözləmək olarmı? 

- Xeyr, buna inanmıram. Hətta bəyannamə və ya bəyanatın ərsəyə gəlməsi belə öz-özlüyündə nəticə olardı. Belə bir vəziyyətdə ortaq bəyanatın meydana çıxması da öz-özlüyündə şübhə doğuran bir məsələdir. İnanmıram ki, Azərbaycan və Ermənistan bu cür fikir ayrılıqları ilə hansısa ortaq bəyanata imza atsınlar. Amma bu, baş verərsə, o deməkdir ki, tərəflər ortaq məxrəcə gəliblər. O ki qaldı hansısa sənədin imzalanmasına, indiki məqamda heç bir sənədin imzalanmasını gözləmək lazım deyil. Çünki bu sənədlərin işlənilməsi xeyli vaxt aparır. Sülh müqaviləsi və ya delimitasiya ilə bağlı razılaşma sənəddir, bu da indiki məqamda inandırıcı görünmür. 

- Ötən həftələrdə də heç kimin gözləmədiyi halda bəyanat səsləndirilmişdi...

- Bəli, o bəyanat idi, sənəd deyildi. Özü də Avropa İttifaqı Komissiyasının bəyanatı idi. Onu nə Azərbaycan, nə də Ermənistan tərəfi imzalamışdı. Ona görə də burada hansısa sənədin ərsəyə gəlməsini gözləmək düzgün olmaz. 

- Litva prezidentinin Azərbaycana gəlişi ilə Əliyev-Paşinyan görüşü arasında hər hansı bir bağlantı qurmaq olarmı?

- Mən buna inanmıram. Ona görə ki, Litvanın özünün maraqları var. Litva indiyə qədər bu məsələdə canfəşanlıq göstərməyib. Birdən-birə, qəflətən Litvanın aktivləşməsi  və bu aktivləşmə fonunda Azərbaycan və Ermənistan tərəflərinin qəfil görüş barədə razılaşması bir qədər müəmmalı görsənir. Bu, belə deyil. Çox güman ki, Litva prezidenti Gitanas Nauseda öz gündəliyi çərçivəsində Bakıya gəlib. Çünki Vilnüsün regionla bağlı öz maraqları var. 

- Ola bilərmi ki, qəfil görüşdən heç bir nəticə çıxmasın və fevral ayında gerçəkləşən “Fərrux ssenarisi” yenidən təkrarlansın?

- Əvvəla onu qeyd edim ki, Xocalının Fərrux kəndi və Fərrux yüksəkliyində bir neçə ay öncə baş verən hadisələr bu sənədlərdən və danışıqlardan asılı deyil. Fərrux istiqamətində baş verənlər obyektiv səbəblərdən doğub. Azərbaycan tərəfi sənəd ərsəyə gəlsə də, gəlməsə də regionda öz mövqelərini möhkəmləndirməklə məşğul olacaq. Buna heç kəs şübhə ilə yanaşmamalıdır. Sadəcə olaraq burada bir məsələ var; əgər danışıqlar nəticə verərsə, o zaman heç olmasa hadisələr proqnozlaşdırılan səmtə doğru inkişaf edə bilər. Məsələn, bir müddət sonra hansısa nüanslar gerçəkləcək. Həmin nüanslar müəyyən mərhələdə nəticələr verə bilər. Təxminən bu cür irəliləyişlər ola bilər. Aprelin arasında tərəflər razılaşdılar ki, aprelin sonuna qədər Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı birgə komissiya yaradılsın, onun tərkibi təsdiq olunsun və fəaliyyətə başlasın. Bu, proqnoz yox, proqram idi. həmin proqram çərçivəsində tərəflər irəliləyə bilərlər. Düşünürəm ki, qəfil səfər çərçivəsində bu proqramın müəyyənləşdirilməsi bizə imkan verəcək ki, proseslər daha konstruktiv şəkildə getsin. O ki qaldı, sərhəddə və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə gedən proseslərə, deyə bilərəm ki, bu məsələlərin gündəliyi artıq müəyyənləşdirilib. Özü də həmin məsələlərin gündəliyi birmənalı olaraq Azərbaycan tərəfindən müəyyənləşdirilir, heç kəs bu gündəliyə müdaxilə edə bilməz. 

- Ümumiyyətlə, Əliyev-Paşinyan görüşü Kremlin təsir dairəsindən kənarda baş tutur, yoxsa Rusiyanın bu qəfil görüşdən də xəbəri var? 

- Bu görüş bu vaxta qədər görülən işlərin məntiqi çərçivəsində həyata keçirilir. Artıq burada Rusiyanın nəyi istəyib-istəməməsinin heç bir önəmi yoxdur. Belə deyək, Avropa İttifaqının da istəyib-istəməməsi heç bir əhəmiyyət daşımır. Bu görüşdə daha çox məntiqə və proseslərin axarına uyğun addımların atılması gözlənilir. Şərti olaraq götürsək, hazırkı proseslərin başlanğıcı və axarı keçən ilin dekabr ayından sonranı əhatə edir. Yeri gəlmişkən, Rusiya bu məntiqə uyğun təkliflər verir. Tutaq ki, dekabrda sülh sazişinin imzalanması, apreldə bəzi məsələlərin dəqiqləşdirilməsi ilə bağlı məsələlər idi. Rusiya bu proseslərlə bağlı yalnız təkliflər irəli sürürdü. Məncə, tərəflər daha iradəli olub bu məntiqlə öz addımlarını atsalar, digər oyunçular da öz ölçülərini həmin məntiqə uyğunlaşdırmalı olacaqlar. 

Oxumağa davam et
Reklam

Gündəm